Külək bir yarpağı aldı, apardı,Dedim, təbiətdə bu tufan nədi?Yarpağın ömründə fırtına vardı,Tufan da, külək də bir bəhanədi.

Qırılan yarpağın zümrüd görkəmiBir xəzan rənginə çalırdı indi.Tufanlara düşən sanki bir gəmiDalğalar qoynunda qalxıb, enirdi.

Yarpağı dağ-daşa çırpırdı yellər,Yarpağın sinəsi xal-xal olmuşdu.O bahar çağları dönən deyillər,O çağlar indi bir xəyal olmuşdu...

Ovulub torpağa qarışan yarpaq,Hökmü dəyişməzdir həyatın – dedi.Zamanın əmriylə barışan yarpaqBildi ki, tufanlar bir bəhanədi.

O bir də inandı, bildi ki, yəqin –Ömrün payızı var, ömrün qışı var.Ömür saydığımız bu təbiətin,Payız yağışı var, yaz yağışı var.

Vaxt olur şəfəqə bürünürük biz,Vaxt olur qapını qarlı qış alır.Yarpaq timsalında olan ömrümüzQarışıb illərə bir nağıl olur.

Beləcə vururuq illəri başa,Zərrə ömrümüzün çatır son çağı.Fəqət sinə gərib qara, yağışaHəmişə yaşayır vətən torpağı.

Yarpaqtək ovulub parçalansaq da,Yenə laylamızı bu torpaq çalır.Bizik o zəmi də, tarla da, bağ da,Həyatda hər kəsdən bir nişan qalır.

Qalır nişanımız, izimiz bizim,İzi olmayanlar heç yoxmuş demək.Qalır ocağımız, közümüz bizim,Yanır çırağımız şölə çəkərək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar