Altıncı fəsil
Səhifə 2 / 5 · 20%
Qüdrət qulağının dibinəcən qızardı, yanaqları xal-xal oldu. Az qala bütün ümidləri alt-üst olub getdi.
– Azdır, yoldaş Lalə, azdır! – deyə katib sözünə davam etdi. – Srağagün bir ayda əlli metr qazan ustanıza rast gəldim. Bu nədir?
Qüdrət dərindən nəfəs aldı: “Hələ mənə briqada göndərməyindən xəbəri yoxdur” deyə fikirləşdi.
– Bilirəm, başqa trestlərə də kömək edirsiniz, – deyə katib Lalənin utandığını duyub gülümsədi. – Əlbəttə, mən sizi başa düşürəm. Ancaq belə köməklər, bəzən ziyan da verə bilər.
– Düzdür, – deyə Qüdrət yerindən söz atdı. – Bu, avral əhval-ruhiyyəsi yaradır.
– Ramazan buna razı ola bilməzdi. Briqadanı geri yollamaqda mən ona haqq verirəm. Əlbəttə, qazıma planını hər gün yüz iyirmi faiz ödəyən bir usta bu köməyi təhqir hesab etməkdə haqlıdır. Məgər trestin geriliyi yalnız fəhlə qüvvəsinin azlığındandır? Əlbəttə, yox! Fəhlə qüvvəsindən səmərəli istifadə edilmir!
Adi bir qəzet üslubunda, ancaq dərin bir atəşlə deyilən bu son cümlə Qüdrətin qulağında yeni bir ahənglə səsləndi. Ona elə gəldi ki, çoxdan bildiyi bu adi və sadə həqiqəti, əsil mənasında yalnız indi başa düşür.
– Yoldaş İsmayılzadə, – deyə Aslanov Qüdrətə üz tutdu, – söyləyin görüm, nə üçün üç yüz beşinci buruqdan yalnız əlli ton neft alınır? Görünür, yoldaşlar nəyi isə korlayıblar. Mən o buruğa çoxdan bələdəm.
Qüdrət ayağa qalxdı. Trestindəki bütün köhnə quyularla yaxşı tanış olduğu üçün, katibin nəyə işarə etdiyini bilirdi.
– Belədir, – deyə bir an duruxdu və sonra həyəcanını boğmağa çalışaraq, sakit və təmkinli bir tərzdə izaha başladı: – Həmin buruq doğrudan da trestin gözü hesab olunur. Ancaq məsələ burasındadır ki, yeni tədqiqat nəticəsində min səkkiz metr dərinlikdə əlavə bir təbəqənin olduğunu aydınlaşdırmışıq. Əlbəttə, mən ondan yuxarıkı qatı işə sala bilərdim və oradan gündə əlli ton deyil, yüz əlli ton ala bilərdim. Mən bu yolla getmək istəmədim. Çünki...
– Aydındır, aydındır, – deyə katib onun mühafizəsi ilə razılaşdı.
– Mən sizi əyri yola çəkmək fikrində deyiləm. Belə təsadüflərdə mühəndislərimizin saf vicdanına etimadla yanaşmaq lazımdır. – Katib İsmayılzadənin bu hərəkətini tərifləməyə başladı. – Siz haqlısınız, yoldaş İsmayılzadə. Bəziləri müvəqqəti şöhrət üçün, əlbəttə, aşağıdakı qatı buraxıb yuxarı təbəqəyə qalxardı, amma bu cür üsul dövlətə xəyanətdən başqa bir şey deyil!
Neftçilər arasında belə söhbətlərin mənasını aydınlaşdırmağa ehtiyac yox idi. Katib “müvəqqəti şöhrət” deyərkən, faizi tez yuxarı qaldırmaq üçün minlərcə ton nefti itirən adamları nəzərdə tuturdu. Belə hallarda dövlətə xeyir deyil, ziyan dəyirdi. Yaxşı neftçi isə ölkənin gələcəyini düşündüyündən söyülməyə razı olur, amma bir damcı nefti itirməyi, katibin dediyi kimi, xəyanət sayırdı. Qüdrətin hesabına görə üç yüz beşinci buruq hələ yarım il bu qayda ilə işləməli, sonra isə yuxarı təbəqə “güllələnməli” və Aslanovun nəzərdə tutduğu bol məhsul alınmalı idi.
– Ancaq mən bilirəm ki, həmin təbəqədən gündə əlli tondan çox alına bilər. Bir də yoxlayın! – Katib artıq, tərifdən məsləhətə keçdi:
– İmkanlarınızı diqqətləmi yoxlamısınız? Bir də baxın! Məncə, əlli ton, buruğun imkanından azdır.
Qüdrət istər-istəməz razılaşdı:
– Ola bilər, – dedi, – mən sabahdan özüm gedib oranı bir də yoxlaram.
– Çox gözəl. Əyləşin.
2
Dmitri Minayev yeni ixtirasını müvəffəqiyyətlə tamamladı, bir neçə dəfə diqqətlə yoxladıqdan sonra bütün çertyoj və izahlarını aparıb, “Azərneft” birliyi nəzdindəki ixtira bürosunun müzakirəsinə verdi. Çox keçmədən onun özünü də çağırdılar. Müzakirə vaxtı fikirlər haçalandı. Onu müdafiə edənlərlə yanaşı, ixtiranın əhəmiyyətsizliyini söyləyənlər də az olmadı. Qəti rəyə gələ bilmədilər. Ancaq Dmitri Semyonoviç aydın hiss edirdi ki, burada danışanlar nə üçünsə öz fikirlərini açıq deməkdən çəkinir, kimdən və nədənsə qorxurlar. Layihə bu müzakirədən sonra “Azərneft” birliyi rəisinin bütün mühəndis-texniki işlər üzrə müavininə veriləcəkdi. Minayev haqq-hesabında yanılmadığına, layihəsinin gec-tez müsbət qiymət alacağına əmin idi.
O, bu ümidlə də müşavirədən çıxıb getmək istəyəndə, müzakirə zamanı ağzına su alıb oturmuş bir mühəndis dəhlizdə onu saxlayıb kənara çəkdi və tez-tez yan yörəsinə baxaraq, ucadan danışmamağa səy edərək dedi:
– Dmitri Semyonoviç, bəlkə elə layihənizə zidd gedənlər də ürəklərində sizə tərəfdardırlar. Amma onlar Mirzəyevdən çəkinirlər. Onun razılığını almaq, necə deyərlər, qıl körpüdən keçmək kimi bir şeydir.
Mirzəyev “Azərneft” rəisinin müavini idi. Onun haqqında çox adam bu fikirdə idi. Mühəndis, Minayevə dediyi sözlərin qarşısında təşəkkür əvəzinə etiraz eşitdi.
– Əzizim, nə üçün bunu müşavirədə demirdiniz? Qorxurdunuz?
Mühəndis boynunu yana sarı əyib çiyinlərini çəkdi, uzun kirpiklərini aşağı saldı.
– Doğrusu, hə, – deyə etiraf etdi. – Məsələ belədir ki, bir kəlmə Mirzəyevin əleyhinə danışdın ömürlük düşmənin olacaq. Yaxşı deyirlər ki, onu tənqid edəndə gərək əlində çamadan, cibində dəmiryol bileti, kabinetin qapısı ağzında dayanasan, sözünü deyib qurtarandan sonra, oradan bir baş vağzala gedib, naməlum istiqamətdə yola düşəsən. Buna da ki, çox adam razı olmaz. Çünki vətənindən didərgin düşmək heç kəsin ürəyindən deyil.
Dmitrinin qanı başına vurdu:
– Ax, siz!.. Hələ bir mühəndis adını da daşıyırsınız!
Mühəndis narazılığını gizlədə bilmədi.
– Məni niyə təqsirləndirirsiniz? Mənim günahım nədir?
Minayev əsəbi bir tərzdə qolunu qaldırıb saldı, dişini qıcadı və mühəndisə baxa-baxa başını buladı:
– Günahınız çoxdur, – dedi, – əvvəla odur ki, siz orada fikrinizi deməkdən qorxursunuz, ikincisi də, dalda danışırsınız. Doğrusu belə şeylərdən mənim xoşum gəlmir.
– Axı... Dmitri Semyonoviç... mən...
Minayev artıq onu dinləməyib, Mirzəyevin qəbul otağına tərəf yönəldi və onun qapısına əl atanda, stolun dalında oturub telefonda kimi isə acılayan katibənin cır səsini eşitdi.
– Yoldaş Mirzəyev bu gün heç kəsi qəbul etmir!
Lakin Dmitri onun sözünə əhəmiyyət vermədən özünü içəri saldı. Saysız-hesabsız portretlərlə bəzənmiş uzun otağın qurtaracağında, pəncərə qabağındakı enli yazı stolunun dalında böyük bir iştah ilə səhər naharı yeyən yoğun, gödək adam Minayevi gülər üzlə qarşıladı və əlilə qabağında ona yer göstərdi.
– Əyləşin, Dmitri Semyonoviç, – dedi, – sizdən nə əcəb?
Mirzəyevin bu nəzakəti də Dmitrinin qəzəbini soyutmadı.
– Sizə nə olub? Nə üçün kefiniz yoxdur? – deyə Mirzəyev yeməklə dolu ağzını əlilə örtdü və nəhayət yeməyi uddu...
Minayev oturmadı:
– Mən bir sualıma cavab almaq üçün buraya gəldim. Naharınızı qurtarın, mən gözlərəm.
– Eybi yoxdur, eybi yoxdur, mənə mane olmursunuz, buyurun.
Dmitri Semyonoviçin ilk sualı bu oldu:
– İnsanlarda ikiüzlülük nədən əmələ gəlir, yoldaş Mirzəyev?
Mirzəyevin qalın və əyri qaşları dartıldı.
– Mən mühəndisəm, psixologiyadan başım çıxmır, – dedi.
– Amma siz rəhbər işsiniz!
Mirzəyev Dmitrinin bu sözlərində nə isə bir istehza nidası duydu, nə qədər özünü saxlayıb ona cavab verməmək istədisə də, bacarmadı.
– Necə məgər, bəlkə sizin buna şübhəniz var?
– Bəlkə görünür ki, var, – deyə Minayev kirpiklərini qırpmadan müsahibinin gözlərinin içinə baxdı. – İkiüzlülük qorxudan əmələ gələn bir xəstəlikdir, yoldaş Mirzəyev.
– Bu məlumatınız üçün sizə yalnız təşəkkür edə bilərəm, – deyə Mirzəyev kinayəli bir əda ilə başını qaldırıb saldı. – Ancaq mən bilmək istərdim: bu sözləri deməkdə məqsədiniz nədir?
– Məqsədim odur ki, bəlkə də sizə məlum olan bir həqiqəti təkrar edim. Siz ixtira büronuzda bəzi yoldaşların gözünü necə qorxutmuşsunuzsa, öz fikirlərini deməyə ehtiyat edirlər, daha doğrusu qorxurlar.
Mirzəyev yerində gərnəşdi:
– Qorxmamaq üçün gərək fikir, fikir olsun. Aydındırmı?
– Aydındır. Lakin o qədər də düz deyil. Əgər onların rəyi sizin üçün bu qədər əhəmiyyətsizsə, nə üçün büroda işlədirsiniz?
Mirzəyev rəsmiyyətə keçdi:
– Bilirsinizmi, bu yalnız mənə aid məsələdir. Bu işə mən cavabdehəm. Mən də adamları seçməkdə müstəqiləm. Ancaq bilmək olmazmı, nə məsələdir?
– Mənim ixtiram...
– Aha, sizi danışdıran yalnız şəxsi mənfəət duyğularıdır!
– Mən bu dildə danışmağa adət eləməmişəm, yoldaş Mirzəyev.
– Mən də. Baxarıq. Yoxlarıq. Yaxşı ixtira bizi hər zaman sevindirir.
– Büronuzda bunu nə üçünsə görmürəm.
– Görərsiniz, görərsiniz!
Mirzəyev gözlərini yerə dikdi. Danışığın bitdiyini Minayevə hiss etdirdi. Minayev sürətlə çıxdı və bir baş Lalənin yanına gəldi. Əhvalatı ona danışdı.
Lalə telefonun dəstəyini götürdü:
– Qüdrət, – dedi, – sən Dmitrinin ixtirası ilə tanış ol. Mirzəyev bilmirəm nə vaxta qədər bizə mane olacaq? Hər halda belə şeylərə soyuqqanlı baxmaq yaramaz. Müşavirə? Mən tanışam. Sən də tanış olandan sonra çağıraq. Ümumi fikrimiz olsun. Belə yaxşı deyilmi? Aha, göndərərəm. – Lalə dəstəyi yerindən asdı.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*
Altıncı şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Qivami süfrə başında oturub şərab içir.*O oxuyur. Arxasından sakit addımlarla gələn Nizamini görmür.*
Yeddinci şəkilYenə Nizaminin eyvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxın sularına əks edir. Afaq yalnız dayanmış, kədərli-kədərli baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.*Afaq**
Başqa şairlərin şeirləri
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,