Səhifə 5 / 9 · 44%

Foyeyə çıxan adamlara toxuna-toxuna hamıdan əvvəl və cəld addımlarla Lətifənin oturduğu yerə yönəlmək istədi. Elə bil o, Tahirə rast gəlməmək üçün teatrı tərk edib hara isə gedəcəkdi. Qadınlar və qızlar bir-birinin ardına düzülərək, foyedə dövrə vurmağa başladıqları zaman, Tahir onların böyründən sivişib ikinci mərtəbəyə qalxdı. Lətifənin yenə həmin qızla qol-qola tutuşaraq, bəriyə tərəf gəldiyini görəndə, addımlarını yavaşıtdı və əllərini yanına qısaraq, dodaqları bir-birindən azca aralanmış halda onunla qarşılaşdı. Həyəcandan titrəyən və tutulmuş kimi boğuq çıxan bir səslə dedi:

– Xoş gördük, Lətifə!

Onun səsini eşidən Lətifə, gözlərini qaldıranda Tahiri görüb bir an, yalnız bircə an duruxdu. Onunla məhz burada, özü də rəfiqəsinin yanında rastlaşdığından narazı qalmış kimi tərəddüd göstərdi. Ancaq birdən Tahirin tanımadığı bir qızın yanında onu pərt etməmək üçünmü, ya nədənsə cavab verdi:

– Sağ ol!

Ancaq bu iki kəlməni necə ürəksiz və rəsmi dedisə, Tahir özü ilə Lətifə arasında baş vermiş inciklikdən burada gəzişən başqa adamların da xəbər tutacaqlarından qorxdu və az qala geriyə dönüb onlardan uzaqlaşmaq istəyirdi ki, Lətifə özünə o qədər də xas olmayan və Tahiri təəccübləndirən bir lütfkarlıqla soruşdu:

– Nə var, nə yox Tahir?

Lətifənin yanındakı qız maraqla Tahiri süzəndə Tahirə elə gəldi ki, Lətifə ona dair rəfiqəsinə nəsə demiş, ancaq onu pisləməmiş, əksinə, tərifləmişdir. Tahir bunu həmin qızın gözlərində çox çətinliklə sezdiyi incə bir təbəssümdən, özü də məhz Tahiri görəndə və onun adını Lətifədən eşidəndə doğmuş bir təbəssümdən oxudu.

Tahir Lətifənin nəvazişkar cavabından ürəklənərək, elə bil açıqdan-açığa ona təşəkkür etmək istədi, lakin bu anda böyründən ötüb gedən adamların gəzməsinə mane olduğunu duyub, bir qədər kənara çəkildi, təpimiş dodaqları arasında dilini dolandıraraq udqundu. Onun bu sadə hərəkətini sezən hər iki qız gülümsədi və Tahir bunun səbəbini bilib burnunun ucuna kimi qızardı.

Lətifə sanki onu ağır vəziyyətdən çıxarmaq üçün rəfiqəsinə tərəf döndü:

– Zifər. Tanış ol! – dedi.

Tahir əlini irəli uzatdı və qızın nazik barmaqlarını ağrıdacağından qorxurmuş kimi, əlini yavaşdan onun əlinə toxundurub, yeni öyrəndiyi şəhər qaydası ilə öz adını söylədi və yalnız indi duydu ki, Lətifə ondan tamam üz döndərməmiş, bəlkə nədənsə inciyib müvəqqəti küsü saxlamışdır. Bunu yəqin etdikdən sonra, Tahir onun nə üçün incidiyini soruşmaq istəyirdi ki, Lətifə:

– Bəri gəlin, gəzənlərə mane oluruq, – deyə başının hərəkətilə Tahiri də gəzməyə dəvət edib, rəfiqəsinin qolundan tutaraq irəliyə sarı addımladı. Tahir onlarla yanaşı gəzinməyə başladısa da, ancaq danışmağa söz tapmayıb yenə tutuldu.

– Hə, indi danış görüm, hara qaçırdın? – deyə Lətifə üz-gözünü ciddiləşdirib soruşdu. – Yaxşı ki, vağzaldan qaytarıblar, yoxsa usta Ramazan düz kəndədək gedərdi. Sən onu yaxşı tanımırsan.

Tahir istər-istəməz gülümsündü: “Aha, deməli, bundan inciyibmiş. Mən də bütün günahları yazıq Cəmildə görürdüm...” deyə düşündü və barmağını dişlədi, sonra özünü təmizə çıxarmaq üçün dedi:

– Yox, əşi, söz çıxardıblar, kəndə tanışım gedirdi, anama sifariş yollayırdım.

– Bəs qoltuğundakı saz? Çiynindəki heybə?

Lətifənin çox ciddi bir tövrlə verdiyi bu sual, Zifəri güldürdü və bayaq onun gözlərində Tahirin sezdiyi xəfif təbəssümün də səbəbi aydın oldu.

Çiynində heybə, qoltuğunda saz, vaqona doğru yüyürən Tahiri xəyalına gətirərkən, Lətifə də özünü saxlaya bilməyib uğundu.

Tahir yaylığını çıxarıb alnında tumurcuqlanan tər damcılarını sildi:

– Neyləyim, inanmırsınız. Ancaq bilmirəm bu tezliklə bu xəbəri sizə kim yetirib?

Bu dəmdə Tahir istər-istəməz Cəmili xatırladı: “Ondan başqa kim deyəcək?”

– Bu xəbəri sənə kim çatdırıb? Cəmildən eşitmisən? – deyə Tahir qaşqabağını sallamış halda Lətifədən soruşdu:

Lətifə gülüşünə ara verdi:

– Olanı deyiblər, özündən heç kəs bir şey uydurmayıb. Anana sifariş yollayanda saz çalıb oxumayacaqdın ki?

– Axı bu xəbərçinin adını bilmək olmaz?

Tahirin belə inadla sualını təkrar etməyi və necə olur-olsun ondan söz qoparmağa çalışmağı Lətifəyə xoş gəlmədi: “Nə fərqi var ki?” – ancaq o, bu xəbəri Cəmildən deyil, komsomol təşkilatçısı Dadaşlıdan eşitmişdi. O, hər gün rast gəldiyi Lətifə vasitəsilə Tahiri yanına çağırtdırmaq və bu qəbahətinin mənasını ona başa salmaq istəmişdi.

Tahir Lətifənin baxışlarından duydu ki, o, adamın adını deməyəcəkdir. Ona görə də bir daha israr etməyib susdu:

– Amma Cəmilin bu məsələyə dəxli yoxdur ha!.. – deyə Lətifə onun ürəyini gəmirən şübhəni dağıtdı, – Bir də, o hara, mən hara?

“Aha, deməli, ona könlü yoxdur” – deyə Tahir sevinclə xəyalından keçirdi və diqqətlə Lətifənin üzünə baxaraq, fikrində yanılıb-yanılmadığını onun gözlərindən oxumaq istədi, lakin onun üzündə də, gözlərində də bir zaman Tahirin şübhəsini artıran o incə və istehzalı təbəssümü görərkən, “bəlkə sirrini möhkəm saxlayır?” deyə düşünüb, yenə dinmədi.

Onlar foyenin sonuna çatıb geri dönərkən, Tahir ixtiyarsız olaraq Lətifənin qoluna toxundu. Bu hərəkətini qabalıq və nəzarətsizlik sayıb, o dəqiqə üzr istədi:

– Bağışla, bağışla, – dedi və azacıq ona sarı əyilib əlavə etdi:

– olan olub, keçən keçib. Gərək məni utandırmayaydın.

– Yaxşı ki, utanırsan. Elə bu özü böyük şeydir. Zivər, Tahirin oxumağını eşitmisən, yaxşı səsi var, – deyə Lətifə qəsdənmi, yaxud birdən yadına düşdüyü üçünmü, söhbətin mövzusunu dəyişməli oldu

– Bizlərə tərəf yolun düşəndə çalıb-oxuyar, qulaq asarsan.

– Aha! – deyə Zivər başını tərpətdi.

– İstirahət günü nə vaxtdır?

– Birisi gün.

– Elə onda gəl, yaxşımı?

– Aha, – deyə Lətifənin rəfiqəsi yenə başını tərpətdi və dolğun bir cüt muncuq kimi işıldayan xırdaca gözlərini Tahirə dikib bir xeyli baxdı.

Onun maraq dolu nəzərlərindəki sadə və səmimi ifadəni dərhal sezən Tahirin ürəyini qəribə bir şübhə çulğaladı. Ona elə gəldi ki, qızları, xüsusən Lətifəni maraqlandıran Tahirin özü deyil, bəlkə saz çalmağı və oxumağıdır. Əlbəttə, bunun məhz belə olduğunu etiraf etmək Tahirə ağır gəldi: “bunlar istəyir, mən bunlara kef verim” deyə düşünərkən bir az əvvəl duyduğu sevinc əvəzində könlünə həzin bir məyusluq hissi qondu və onun mis rənginə çalan üzü kölgələndi.

Lətifə, Tahirin sifətində əmələ gələn dəyişikliyə fikir vermədiyi üçün, yenə çalıb-oxumaqdan söz saldı:

– Zivərgil də bizim posyolkada olur. Onun da oxumağa həvəsi var. Özü yaxşı piano çalır, – Tahirə üz tutaraq: – Sən də bir-iki qoşma deyərsən, yox? – dedi.

Lətifənin gözləri Tahirin məyus və tutqun baxışlarına dikilib qaldı və onun bir az əvvəlki kimi sevinmədiyini hiss edəndə, təbəssümü dodaqlarında dondu. O sualını təkrar etdi:

– Yox?

Tahir dinmədi, yalnız başını qaldırıb-saldı onun üzündə bil “əgər sən istəsən, əlbəttə!” sözləri yazılmışdı. Bu anda tənəffüsün qurtardığını bildirən zəng səsi titrəyə-titrəyə cingildədi və foyenin işıqları sönüb yandı. Qızların lojaya yönəldiklərini görən Tahir, yenə pis vəziyyətdə qalmamaq üçün tez:

– Hələlik! – deyib onlardan aralandı və geriyə baxmadan, az qala yüyürə-yüyürə birinci mərtəbəyə endi. Yavaşca addımlarla içəri girən adamları yara-yara və onların təəccüblü baxışlarını özünə cəlb edə-edə gəlib yerini tutdu, o dəqiqə də Lətifə ilə rəfiqəsinin oturduğu lojaya gözünü zillədi. Onun qəlbi indi ümid və sevinclə döyünürdü. “Barışdıq. Əşi, o məni istəyir!” deyə düşünürdü.

Lətifə ilə Zivər bəriyə, parterə baxırdılar. Tahir yerində qurcalanaraq, başını yuxarı qaldırdı və özünü ona göstərmək istədi. Amma Lətifə Tahiri görmür, gözünü parterin cərgələrində dolandırırdı.

Salonun işıqları söndü və bu zaman Tahir qabaq pərdədə gördüklərini yadına salmağa başladı. Ancaq səhnədəki adamlar da, onların danışığı da əvvəlki qədər Tahirə xoş gəlmədi. O, təziyə saxlayan qadınlar kimi, başdan-başa qara paltar geyinmiş arvada baxaraq, öz-özündən soruşdu: “Bu kimdir belə?”

Onun danışığına diqqətlə qulaq asdısa da, dediklərindən heç nə başa düşmədi. Bu pərdədə ona hər şeyi hətta Lətifəni də unutduran məşhur açar səhnəsi oldu. Pərdə yavaş-yavaş enib qapı ağzında dayanmış Katerinanın üzünü örtəndə Tahir yerində mıxlanıb qalmışdı. Sənətin bu ecazkar qüdrətini o ilk dəfə hiss edirdi. O, dərin düşüncələrə necə dalmışdısa, ətrafındakı adamların səslərini və nəfəslərini belə duymurdu. Katerinanı oynayan aktrisanın məharəti, onun hər sözündə ifadə olunan qüvvətli ehtiras, yalnız Tahiri deyil, bütün başqa tamaşaçıları da heyran etmişdi. Ancaq Tahir, gördüyü səhnədən heç bir nəticə çıxara bilmir, yalnız Katerinanın cəsarətinə təəccüb edirdi: “Nə igid arvaddır!” deyə düşünürdü. “Bəlkə birdən əri xəbər tutdu?.. Yox, mən ki bunu belə görürəm, yəqin onda da qorxmaz”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 dəq
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 dəq
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 saat 10 dəq
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 saat 5 dəq

Başqa şairlərin şeirləri