Səhifə 8 / 9 · 78%

Neftçilər vuruşurdular. Yerin əl çatmaz qatlarına gecə-gündüz yol axtarırdılar. Gözəl evləri uçurmaq fikri az qala o birilərə qalib gəlirdi. “Uçurulsun!” deyənlərin səsi daha da ucalırdı. “İnsan əməyini və milyonları çölə atmaq olmaz!” deyənlər isə, neft şəlaləsinin qabağından geri qaçmağa hazırlaşırdılar.

Bu zaman üçüncü “cəbhə” açıldı:

– Binalar uçurulmasın amma buruqlar qoyulsun! – dedilər və bu zaman dördüncü buruq tikildi. Qocaman usta şəhərin yarım kilometrliyindən maili qazıma üsulu ilə binaların altına doğru istiqamət aldı. Gözəl binalara toxunmadılar.

Dördüncü buruqdan çıxan süxurları tədqiq edərkən, geoloqlar haqq verdilər. Binaların altında doğrudan da zəngin neft təbəqələri vardı. Maili quyuların sayı yağışdan sonra qalxan göbələk kimi artmağa başladı.

Lakin bütün mübahisələri yalnız dördüncü buruq həll edəcəkdi. Balta iki min metrlik bir məsafə qət etmişdi. Layihədə göstərilən nöqtəyə yüz iyirmi metr qalırdı. Sabahda – biri gündə “hə, yox” cavabı alınacaqdı. Laləni həyəcanlandıran da bu idi. Orada baş verən ən kiçik hadisələrdən də Lalə dərhal xəbər tutmağa çalışırdı. Həssas və diqqətli bir həkim xəstədən ayrılmayıb, hər an onun nəbzini yoxladığı kimi, o da dördüncü buruğun nəbzini bir an əlindən buraxmaq istəmirdi.

O, buruğa yetişəndə olan-olub, keçən-keçmişdi. Cəmillə bərabər Tahirin ilk dəfə dəniz seyrinə çıxanda rast gəldikləri Mehman adlı cavan fəhlə buruqda yarığın törədiyini görüb, brezent plaşına bürünərək, qorxu bilmədən özünü irəli atmış, bədənilə quyunun ağzını örtmüş və yanğını söndürmüşdü. Ancaq qaz fantanı çox güclü olduğundan, onu vurub kənara tullamış, oğlan vışkanın dəmirinə çırpılaraq, ölümcül yaralanmışdı. Mehman bütün ağrılarını unudaraq, yenə özünü doğrultmuş, “çəkil geriyə” deyən buruq ustasının sözünə baxmadan irəli şığıyıb yenə quyunun ağzını örtmək istəyəndə, müvazinətini saxlaya bilməyib, böyrü üstə yıxılmışdı.

Lalə, kənarda uzadılmış bu oğlana yanaşanda, o son dəqiqələrini yaşayırdı.

– Tez xəstəxanaya! – deyə Lalə əmr edəndə, oğlan təpimiş dodaqlarını güclə açaraq və elə bil son qüvvəsini toplayaraq, iniltili bir səslə dedi:

– Lazım deyil. Lalə bacı... Nahaq zəhmət çəkirsiniz.

– Xəstəxanaya! – deyə Lalə heç bir etiraza yol vermək istəməyərək amiranə bir tövr aldı.

Oğlanın gicgahında qan laxtalanmışdı. Qana bulaşmış uzun saçları alnına yapışmışdı. Ağır-ağır nəfəs alır, təkdənbir yavaşcadan əlini qaldırıb salır, müdhiş ağrıdan üz-gözünü əyirdi. O nə isə demək istəyir, amma deyə bilmirdi. Hövlündən açdığı tüksüz sinəsində iri göy ləkələr əmələ gəlmişdi. Üzünə tökülmüş qanı kim isə silmişdi ancaq alnında yenə qurumuş qan izləri görünürdü.

– Bu saat xəstəxanaya! – deyə Lalə, yanında durub boğazını irəliyə uzadaraq, yaralı oğlana baxan şoferinə qışqırdı, kişi kimi sərt və qaba bir hərəkətlə onun qoluna toxundu.

Şofer, qaşqabağını sallayıb oğlanın dövrəsini çulğamış fəhlələrlə bərabər onu yerdən götürmək üçün əllərini irəli uzatdıqda, oğlandan tükürpədən bir inilti qopdu:

– İstəmirəm! Mənə əziyyət verməyin. Onsuz da ölürəm! – deyə əlilə onları geri itələdisə də, gücdən düşüb, bir daha müqavimət göstərə bilmədi.

Fəhlələr onu yerdən hop götürdülər və buruqdan iyirmi beş-otuz addım kənarda duran maşına tərəf apardılar. Lalə də ixtiyarsız olaraq oğlanın dalınca bir neçə addım atdı. İndi oğlanın səsi eşidilmirdi, Laləyə elə gəlirdi ki, o, şüurunu itirib, dinə bilmir.

Lalə dayandı. Bir neçə an onların dalınca baxdı. Fəhlələr hələ maşına yetişməmiş birdən ayaq saxladılar. Lalənin ürəyinə uğursuz bir şübhə damdı. O yerindən qopub, özünü fəhlələrə yetirdi:

– Nə olmuşdur? – deyə xəbər alıb udqundu. – Nə üçün dayandınız?

Heç kim cavab vermədi. Adamlar ölüm sükutu içində donub qalmışdılar. Görünür Lalənin sualını belə eşitmirdilər.

– Aparın, niyə aparmırsınız? – deyə Lalə ürəyini əzən şübhəni özündən rədd etmək istədi.

Yalnız indi ona sarı dönən sarı saçlı, üzünü tük basmış buruq ustası, hər zaman çətin qazımaları boynuna götürdüyü üçün “köhnə canavar” adilə tanınmış Volkov, qəddi bükülmüş halda, sərt bir kədərlə cavab verdi:

– Yoldaş İsmayılzadə, o artıq yoxdur, – dedi və cibindən qan ləkələri ilə örtülmüş yaylığını çıxardı. Mehman mənim oğlum Vanyanı əvəz edirdi. Bu da məni qoyub getdi. Deməli, oğlumun birini cəbhədə verdim, birini də burada... – o, ay işığını əks edib üzündə parıldayan iri yaş damlalarını sildi. O ağlamadı. Vanyanın ölüm xəbəri gələrkən də, onun iradəsindən asılı olmayaraq axıb gələn bu göz yaşları onu dostlarının yanında xəcil etmişdi. Yaxşı ki, gecə idi. Yoxsa indi də köhnə dostları onu danlayar, “uşaq deyilsən ki?” deyərdilər.

Lalə lap yaxına gəldiyi zaman, fəhlələr nəfəslərini gizlədib, elə bil Mehmanın son sözlərini eşitmək istəyirdilər. Lalə isə aşağı əyilib dizi üstə çökdü və oğlanın palçığa bulanmış əlini əlinə aldı. Onun nəbzini yoxladı, nəfəsini çəkmədən bir neçə an hərəkətsiz qaldı. Yox, Mehman artıq yox idi.

Lalə oğlanın alnına tökülmüş uzun saçlarını nəvazişkar bir şəfqət bacısı kimi incə və titrək barmaqları ilə geriyə daradı, doluxsunmuş gözlərilə Mehmanın ay işığında daha da solğun görünən üzünə baxdı. Boğazına tıxanan qəhər onu az qala boğurdu:

– Ah, yoldaşlar, siz nə etdiniz? – deyə fəhlələrə tərəf döndü. – Nə üçün onu elə təhlükəli yerə buraxdınız?

Volkov iri gövdəsini azacıq irəliyə sarı əydi, göyrəldiyini gizlədə bilməyib, ağlamsınmış bir səslə dedi:

– Məgər onu tutub saxlamaq olardı? Siz bilmirsiniz o necə uşaqdı. Dünən elektrik xətti korlanmışdı. Montyor tapılmadı. Pişik kimi vışkaya dırmanıb özü xətti düzəltdi. Od parçası idi, od.

Bu sözlər elə bil fəhlələrin ürəyini daha da köyrəltdi. Ah-uf səsləri eşidildi. Kim isə hıçqırdı. Bu anda buruğa yanaşan minik maşınından fit verildi. Lalə bu səsi tanıyırdı. Dönüb baxdı. Qüdrət maşından düşüb onlara doğru gəlirdi.

Bir dəqiqə belə keçməmiş ərlə arvadın gözləri bir-birinə sancılmışdı. Lalənin qəmgin baxışlarını və kətan kimi ağarmış sir-sifətini görəndə, əvvəlcə buruğun ümidsiz bir hala gəldiyini düşünən Qüdrət, ortada uzanmış oğlana baxarkən yerində donub qaldı. O, hətta bu ölümün səbəbini xəbər almağa da özündə qüvvət tapmadı. Yalnız sonradan-sonraya:

– Axı bu necə oldu? – deyə öz-özü ilə söhbət edirmiş kimi, yavaş səslə soruşa bildi.

Lalə də, fəhlələr də onu cavabsız buraxdılar. Onlar Qüdrəti yaxşı tanıyırdılar. Hansı hallarda ölüm hadisəsi olduğunu o başqalarından az bilmirdi. Bu səbəbdən də, hadisənin təfərrüatını öyrənmək üçün yox, öz təəssüfünü bildirmək üçün sual verdiyini güman edirdilər. Lakin Qüdrət Lalənin üzünə kədərlə dolu ağır bir nəzər saldı.

– Nədən olub? – deyə təkrar soruşdu.

Bu dəfə ona Lalə cavab verdi. Qüdrət hər şeyi anladı: ölüm ona yox, o ölümə doğru getmişdi.

Arvadından aralanan Qüdrət, Mehmanın cənazəsinə lap yaxın gəldi. Onun adını haradansa eşitmiş, sir-sifətini haradasa görmüşdü. Qüdrət, bir anlıq ağır sükut içində oğlanın arıq üzünə və dartılmış kimi uzun görünən düz boyuna baxa-baxa, onu məhz haradan tanıdığını xatırlamağa çalışdı. Birdən onun yadına bir neçə gün əvvəl Bakı qəzetlərinin ilk səhifələrində iri portreti çap olunmuş cavan neft qəhrəmanı düşdü.

– O gün qəzetdə təriflənən oğlan deyilmi? – deyə heç kimə müraciət etməyərək, yavaşcadan, elə bil pıçıltı ilə soruşdu:

Qüdrətin böyründə durmuş fəhlə ah çəkib cavab verdi:

– Özüdür ki, var... Bütün trestin fəxri idi, yoldaş İsmayılzadə... Kiçik bir ehtiyatsızlığın...

Qüdrət fəhlənin boğazına nə isə tıxandığını, sözünü deyib qurtarmağa qoymadığını hiss edəndə özü də köyrəldi.

– Belə dayanmaqdan bir şey çıxmaz. Aparmaq lazımdır! – deyə Qüdrət ağır qüssədən dünyada hər şeyi unutmuş fəhlələrə Mehmanın cənazəsini göstərdi.

Onlar, elə bil istəməyə-istəməyə aşağı əyildilər və Mehmanı götürüb maşına doğru apardılar. Volkov isə şagirdinə əl vurmadı. Görünür onun soyuq bədəninə toxunub öldüyünü yəqin etmək istəmirdi. O, Lalə və Qüdrətlə bərabər fəhlələrin dalınca gedib, maşının yanında dayandı və cibindən yenə yaylığını çıxartdı.

– Mən dura-dura nə üçün bu məhv olur? – deyə gözlərinin yaşını sildi. – Qüdrət Salmanoviç, bu nə üçün belə olur, hə?

Mehmanı maşında rahatlayan adamlardan gözünü çəkməyən Qüdrət, ona sarı dönmədən cavab verdi:

– Çünki, Semyon Vladimiroviç, bu, bizim gənclikdir. Qızıl gənclik! Belə ölümlər qüvvət nişanəsidir!

Maşın uzaqlaşıb gözdən itəndə, sanki qocanın ürəyini qoparıb apardılar.

Lalə isə yalnız indi ağlayırdı. O hıçqırdıqca, çiyinləri qalxıb-düşür, gözünün yaşı əlindəki balaca ipək yaylığı isladırdı. Qüdrət kəsik-kəsik:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 dəq
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 dəq
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 saat 10 dəq
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 saat 5 dəq

Başqa şairlərin şeirləri