Səhifə 11 / 13 · 77%

– Əyləşin, əyləşin, – dedim və əl yaylığımın ucunda düyünlədiyim nitroqlitserin şüşəsini dərhal çıxarıb ona uzatdım – Buyurun!..

O, dərmandan birini götürüb, dilinin altına qoydu:

– Nahaq yerimdən qalxdım, – dedi və yenə susdu.

Sinəsinin ağrıları azalandan sonra, bizim aramızda uzun bir mükalimə başlandı:

– Bəzən mənə elə gəlir ki, heç sağalmaq da lazım deyil.

– Bu nə sözdür, yoldaş Kamran?

– Tutaq ki, sağaldım. Hara, kimin yanına gedəcəyəm?

– Evinizə, arvad-uşağınızın yanına!

– Hmm... arvad-uşaq... Mən çox ağır yaralanmışdım. Sağ qolumu dibindən kəsmək qorxusu vardı. Qanqrenadan güclə xilas elədilər. Kaş ki, sağalmayaydım. Ancaq o vaxt həyata qayıtmaq üçün hər şeyə razı idim... Axı, mən onu sevirdim. Ölmək istəmirdim, çünki sevirdim. Məhəbbətin gücünə dair yazılmış dastanlara da inanırdım. Gözüm görə-görə bədənimi doğrayıb tikdikləri zaman da onu yadımdan çıxarmırdım... Vətən məfhumunu öz sevgisindən ayrı təsəvvür eləyənlər də var, amma mən vətən üçün vuruşanda onu yadımdan çıxara bilmirdim. Cərrahın bıçağı altında ağrıdan dişim bağırsağımı kəsəndə, xəyalımda təkcə onun sürəti idi!..

– Axı siz kimi deyirsiniz?

– Necə yəni kimi? Bəs demədim?

– Yox, demədiniz, yoldaş Kamran.

– Arvadımı, həyat yoldaşımı... Bir zamanlar həyatımdan artıq sevdiyim o afəti...

Orta məktəbdə oxuyarkən bizim hamımızın işlətdiyi bu dəbdəbəli ifadələr indi mənə parodiya təsiri buraxırdı. Ancaq mən gülmürdüm, çünki Kamran danışdıqca elə bil içindən od-alov püskürürdü.

– Axı, ona nə olub ki?

– Ölüb... Yəni mənim üçün ölüb... – O, yuxudan yenicə ayılmış kimi gözlərini ovuşdurdu. – Göyümtül dodaqları titrədi. Yox, o ağlamırdı. Göynəyirdi. Birdən qəddini düzəltdi. Əllərini döşündə çarpazladı. – Ancaq mən indi ölmək istəmirəm. – Öz-özünün zəifliyini təkdir edir kimi başını bulayıb susdu, yalnız sonradan-sonraya fikrini tamamladı: – Mən onu çox sevirdim, amma tək onu yox!

– Vətəni?

– Qəribə sual verirsiniz, Səmirə xanım... Vətən üçün iztirab çəkəndə, ona insanın məhəbbəti azalır məgər?

– Yox Kamran yoldaş, – dedim. – Siz mənim sözümü düz başa düşmədiniz... Vətəndən söhbət gedəndə, həqiqi insan öz şəxsi taleyini həmişə unudur. Əgər unutmağı bacarmayanlar varsa, demək onlar mənəvi yoxsul və xudpəsənd adamlardır. Mən sizin barənizdə nə əsasa görə bu cür düşünə bilərəm? Əksinə, mən bu fikirdəyəm ki, siz vətən üçün çəkdiyiniz iztirabların qüdsiyyəti ilə fəxr eləməyə haqlısınız!

– Əlbəttə, fəxr eləyirəm! – deyə Kamran tamam dəyişmiş səslə, dəruni bir həyəcanla cavab verdi və mənə elə gəldi ki, bu sözləri məndən eşitdiyi üçün daha çox sevinir, ağrılarını unudub özünü nə isə daha böyük və daha yüksək bir aləmdə hiss eləyir, elə bir aləm ki, onun qarşısında insanın şəxsi iztirabları son dərəcə kiçik və əhəmiyyətsiz bir şey kimi görünür.

Kamran yerindən qalxdı. Dərindən nəfəs alıb irəlilədi. Deyəsən ağrıları kəsilmişdi. Daha mən ona baxmırdım, amma nə isə deməyə hazırlaşdığını hiss eləyib, onunla yanaşı addımlayırdım.

Cənub küləyi əsirdi. Bağçanın yaşıllaşmış körpə çinarları azacıq əyilib, sanki yerə baş əyir, yenə düzəlir, yarpaqlarının xəfif pıçıltısı eşidilirdi. Bizim yaxınlaşdığımızı görən boz sərçələr budaqlardan pırıltı ilə qalxaraq, bir az o yanda yenə ağaclara qonur, daha böyük həvəslə yenidən civildəməyə başlayırdılar. Kamran gözlərini onların ardınca zilləmişdisə də, fikri tamam başqa yerdə idi. O, azacıq sonra mənim bu təxminimi təsdiqləyən bir sual da verdi:

– Siz necə bilirsiniz, Səmirə xanım. Müdhət sağ-salamat qayıtsa, çox dəyişəcək, eləmi?

Mən tutuldum. Əvvəlcə deməyə söz tapmadım. Həm sualının mənasını, həm də mənim cavabımdan sonra nə deyəcəyini fikirləşdim: “Bu məsələ sizi nə üçün maraqlandırır?” – deyə soruşmaq istədim. Kamran mənə inadla baxırdı. Yəni kirpiklərini qırpmadan, sualına cavab almamış məndən gözlərini çəkməyəcəyini bildirən bir ifadə ilə baxırdı. Elə bil mənim sözlərimdən məyus olmaq qorxusu onu bərk narahat eləyirdi.

– Fikriniz mənə aydın deyil. Necə məgər? – dedim. – Əgər Müdhətin bu qədər sarsıntıdan sonra qocalmağını, saç-saqqalının ağarmağını nəzərdə tutursunuzsa...

Kamran başını buladı:

– Yox, yox, demək istəyirəm ki, yəni onu haqsız cəzalandırıblarsa, küskün qayıdar, necə bilirsiniz?

Başqa təbirlə, əgər Kamran Müdhətin məhz narazı qayıdacağını güman eləyirdisə də, deməli, onu özündən qat-qat zəif bir adam sayırdı. Belə çıxırdı ki, o, vətən yolunda çəkdiyi iztirabların bihudə olduğunu görüb, inkisar xəyala uğrayacaq, min cür məhrumiyyətə nahaq dözdüyünü başa düşüb, ideallarından əl çəkəcək, daha əvvəlki kimi ürəkdən çalışmayacaqdır. Əlbəttə, mən bunu təsəvvürümə gətirə bilmirdim. Kamran, sanki, hansı bir məqsəd üçünsə, mənim ümid və arzularımı altüst eləmək üçün belə deyirdi. Mən ona sərt və kobud bir söz qaytarmaqdan güclə özümü saxladım, bacardığım qədər mülayim dedim:

– Yox, siz Müdhəti yaxşı tanısaydınız, onun barəsində heç vaxt belə düşünməzdiniz. Olsa-olsa, Müdhət onu cəzalandıran adamlardan narazılıq eləyə bilər. Bu da çox təbiidir. Axı, məsələ burasındadır ki, siz də, mən də onun işinin təfsilatından xəbərsizik. Mən onun qəsdən ziyanlı bir addım atdığına inanmıram. Ola bilər, qeyri-ixtiyari elə bir səhv buraxıb ki, bunun ziyanlı nəticəsi üçün ağır cəzaya məruz qalsın. Siz daha yaxşı bilərsiniz. Cəbhədə belə şeylər olur, ya yox?

Kamran, yəqin ki, mənim səsimdə, özüm istəməyə-istəməyə büruzə verdiyim əsəbi nidaları duyurdu və Müdhətin sədaqətinə şübhə ilə yanaşdığını mənə söylədiyinə müəyyən dərəcədə peşman da olmuşdu. Amma artıq gec idi. Oxu atıb, yayını gizlədə bilməzdi. Mən sualımı ucadan, israrla təkrar elədim:

– Düzünü deyin görüm, o cür şeylər olur, olmur?

– Əlbəttə, olur, – dedi. Bəzən kiçik bir səhvin nəticəsi bizə ən böyük xəyanətdən də çox ziyan verir. Bu cür hallarda hərbi tribunal tərəddüd köstərmir, ağır cəza tədbirlərinə əl atır. Müharibənin özü kimi, qanunları da sərtdir.

Mən daha heç nə demədim. Aramızda xeyli sükut oldu. Kamran mənim üzümə artıq məyus və xəfif bir təbəssümlə baxırdı. Bilmirəm, bəlkə də o, mənə başqa bir söz deməyə hazırlaşırdı, amma zahirən mülayim, əslində isə qəzəblə verdiyim cavabdan pərt olub susurdu. Sonralar, o, mənə ürəyini açıb-söyləyəndə mən xəstəxana həyətində gəzinə-gəzinə elədiyimiz bu xoşagəlməz söhbəti bütün təfsilatı ilə xatırladım və belə düşünərkən o qədər də yanılmadığımı gördüm.

– Xəstəxanadan nə vaxt çıxırsınız? – deyə Kamran aramızda heç nə olmamış kimi təzədən sözə başladı.

– Bir-iki gündən sonra.

– Bəlkə dediklərim qəlbinizə toxundu?

– Yox, yox, qətiyyən!

Kamranın üzündəki dalğın kədər birdən-birə silinib yox oldu. Ancaq çox keçməmiş yenə tutqunlaşdı.

– Görürəm, Müdhət barədə sualımdan çox narazı qaldınız... Ancaq mən bu sualı pis məqsədlə vermədim.

– Yaxşı ya pis, hər halda sözünüzdən belə çıxdı ki, Müdhət dönüklük də eləyə bilər, hətta xəyanət yoluna da düşə bilər. Deməli onu haqlı olaraq sürgünə yolladıqlarına da şübhəniz yoxdur.

– Siz nə danışırsınız, Səmirə xanım? Bu cür düşünməyə mənim nə haqqım var?.. İndi mənə bircə şey aydın oldu ki, siz sarıdan o çox xoşbəxtdir.

– Onu deyə bilmərəm.

– Siz demirsiniz, amma mən deyirəm. Müdhətin yerinə mən olsaydım, belə vəfalı sevgilim olduğunu görüb, heç nəyi vecimə almazdım!..

Kamran belə dedikcə, onun sözlərinin ahəngindən oxuduğum kədərli qibtədən sevinməyə başlayırdım. Hesabla gərək mənim onu görən gözüm olmayaydı, çünki, o, dünyalar qədər sevdiyim, günahsız olduğuna bir an da şübhə eləmədiyim, vətəninə və ideallarına fanatikcəsinə sadiq bildiyim Müdhətə toxunmuşdu, ancaq o, bir neçə kəlmə ilə məni tərifləyəndən sonra elə bil nə o bundan əvvəlki ağır sözləri demişdi, nə də mən ondan incimişdim. Biz qadınların qəlbində hələ də kəşf olunmamış sirlər az deyil. Kim bilir, bəlkə bu da bizdəki xudpəsəndliyin təzahürlərindən biri idi? Axı, hansı qadında, rüşeym halında olsa da, buna bənzər qüsurlar yoxdur? Onlardan bəzilərini mənəvi və cismani məziyyətlərinə görə mələk adlandıranlar, burda həqiqətdən çox nə isə gələcək bir ideal və arzunun təcəssümünü görmək istəmirlərmi?

Mən bu görüşümüzdən sonra, demək olar, hər gün Səidə xanımdan soruşurdum:

– Məni nə vaxt buraxırsınız?

Soruşurdum, amma heç vaxt ondan cavab ala bilmirdim. O, özünü həmişə tibbi müayinə ilə məşğul göstərirdi. Mənim sözlərimi qəsdən eşitməməzliyə vurduğu gün kimi aydın idi. Bəzən mənə elə gəlirdi ki, o, xəstəliyimin ağırlığını qəsdən gizlətmək istəyir və bunu mənə söyləməyin çətin məcburiyyətindən yaxasını kənara çəkirdi. Nəhayət, mən dözmədim, onu dəhlizdə yaxalayıb təklədim, nə üçün suallarımı cavabsız qoyduğunu israrla xəbər aldım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 dəq
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 dəq
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 dəq

Başqa şairlərin şeirləri