Konsert
Səhifə 2 / 2 · 50%
– Məsləhət görmürsən?
Ədhəmin ən çox qorxduğu da bu idi. Deməli, Səbri altı illik təcrübəsini diqqətlə hazırladığı bir konsertlə nümayiş etdirəcək, dinləyənlərdə dərin bir təsir buraxacaqdı. Bu, Ədhəmin ürəyinə qorxu saldı, amma o, yenə özünə təsəlli verməyə başladı: “Eh, bəlkə də onu dinləyən olmadı. Mənim şöhrətimi kölgələndirmək üçün uzun illər lazımdır”. Ədhəm darıxan kimi oldu. Dərindən nəfəs aldı. Ayağa qalxdı. Gəzinə-gəzinə papirosunu tüstülədib fikirləşdi. Çox fikirləşdi. Amma yenə də ürəyindəki həsədi əzib yox edə bilmədi. O boydan uca, enli kürəkli, yeriyərkən döşünü məğrur tutmağa çalışan bir gənc idi. Adəti belə idi ki, dayaz baxışlı mavi gözlərini həmişə qabağındakı adamın çiyni üzərindən məchul bir nöqtəyə zillərdi.
– Səbri, – konsertin müvəffəqiyyət qazansa, mən çox şad olaram. Ancaq... – O, yenə çiyinlərini çəkdi, xoruz pipiyi kimi qızarmış yanaqlarını ovxaladı, dodaqlarını büzdü. – Ancaq əvvəldən haqqında elə fikir yaradılıb ki, qorxuram tamaşaçılar gəlməyə.
Səbri duruxdu, udqunaraq cavab verdi:
– Nə olar ki?.. Birinci dəfə gəlməsələr də, yaxşı əsər yazdığımı biləndən sonra gələrlər.
– Eh, sən qəribə adamsan, haradadır bizdə elə qanacaqlı tamaşaçı?!
IV
Lakin konsert salonunda oturmağa yer yox idi. Çox adam cərgələrin arasında, geridə ayaq üstündə durur, gənc kompozitorun səhnəyə çıxmasını dərin bir intizar içində gözləyirdi. Bugünkü qəzetlərin axırıncı səhifəsində, Səbrinin yeni əsərinə dair bəzi qeydlər vardı. Məqalə yazanlardan biri sevinclə göstərir ki, cavan kompozitor zəngin xalq musiqisindən istifadə edib dərin, orijinal, sarsıdıcı bir simfoniya yaratmışdır. Bu fikri söyləyən, əlbəttə, “məşhur tənqidçi” Ağazadə deyildi. Görünür o, konsert günündən sonra yazacaqdı. Tamaşaçılar isə, Ədhəmin düşündüyü kimi, heç də kinli deyildilər. Onlar bəlkə Səbrini tamam unutmuşdular, yaxud altı il əvvəl eşitdikləri əsər haqqında Ağazadənin yazdığı sözləri etirazla qarşılayıb, Səbrini bir də dinləmək istəmiş, amma buna imkan tapmamışdılar. Səbrini də, əsərlərini də dinləyənlər üzünə həsrət qoyan o olmuşdu. Xalq isə, həmişə olduğu kimi, indi də sevməyi bacarırdı. O özünün böyüdüb yüksəltdiyi gənc oğlandan daha mənalı, daha istedadlı nəğmələr eşidib zövq almağa gəlmişdi.
Hələ konsertin başlanmasına yarım saat qalmış gələn Səbri, köhnə kostyumunda idi; o yalnız qara qıvrım saçlarını səliqə ilə darayıb, üzünü tərtəmiz qırxmışdı. O hər şeyi unutmağa səy edib, xeyli dalğın görünürdüsə də, konsert başlanan vaxtın elə bil qeyri-adi bir sürətlə yaxınlaşdığını duyub, ürəyi döyünə-döyünə estradanın yanındakı ağ məhəccərə söykənərək, oğrun-oğrun tamaşaçılara baxırdı. O, yenə birinci cərgədə Ağazadəni gördü. Yalnız intiqam üçün yaranmış bu insan, sümüklü eynəyinin altından dik-dik baxır, Səbri haqqında əvvəlcədən qərar hazırlayırdı.
Səbri tamaşaçılar içərisində yaxşı tanıdığı köhnə məktəb yoldaşlarını, qoca müəllimlərini, tanış qızları görəndə əllərinin titrədiyini, dərin və anlaşılmaz bir sevinclə dolan ürəyinin daha da şiddətlə döyündüyünü hiss edib, özünü toplamağa çalışdı və sonra qoca çalğıçıya dönərək soruşdu:
– Başlayırıqmı?
Uzun illərdən bəri dirijoru yalnız səhnədə, xeyli intizardan sonra görməyə vərdiş edən qoca, Səbrinin adi iclasa yaxud, gündəlik yaradıcılıq mübahisələrinə gələn adamlar kimi heç bir xüsusi hazırlıq görmədən, heç kəsi dalınca gəlib “Vaxtdır, buyurun” deməyə məcbur etmədən gəldiyini xəfifcə bir təbəssümlə qarşıladı, mehriban və titrək bir səslə:
– Vaxtdır, – deyib Səbridən uzaqlaşdı.
Səbri yenə məhəccərə söykəndi. Ancaq indi tamaşaçılara yox, Bakının düz üstündən dənizə enmiş ayın sularda əks edən gümüş pullarına, böyük bir qurşaq kimi şəhərin boynuna dolanmış sayrışan sahil işıqlarına baxırdı.
Bu gün Bakı daha gözəl idi. Böyük Qorkinin Sovet Neapolu adlandırdığı bu şəhərin axşamlarını Səbri ta uşaqlıqdan sevirdi. Yalnız bircə dəniz, onun sahili döyən möhtəşəm dalğaları, qəşəng bir dairə kimi uzanan sahil boyu nəyə dəyməzdi.
Səbri elə bil hər şeyi unudub, yalnız doğma şəhərinin əfsanəvi gözəlliklərini daha yaxşı duymaq üçün buraya gəlmişdi.
İşıqlar dənizdə üzür, Bakı isə, sahillərdə dalğalana-dalğalana parıldaşan işıqlar dənizində alışıb yanırdı.
Bakı nə gözəl idi!..
Birdən kim isə Səbrini fikrindən ayırdı:
– Sizi gözləyirlər.
Konsert salonunu dolduran insan kütləsi, onu baş əyməyə məcbur edə bilmədi: “İndi yox, əsərimi ifa edəndən sonra alqışlarsınız!” – deyə fikirləşən Səbri dirijor çubuğunu yuxarı qaldırarkən, salon kiridi: alqışlar dərin və mənalı bir sükuta çevrildi. Gözlər bir nöqtəyə dikildi.
Səbrinin əsərində bir insanın taleyindən bəhs edilirdi: təbiətin dilbər qoynunda azad böyümüş insan rütubətli, dar və qaranlıq bir məhbəsə düşmüşdü. Uzun illər boyu sevinc üzünə həsrət qalmışdı. O düşünürdü, həyəcanlanırdı. Güclü yumruqları ilə məhbəsin dəmir qapılarını döyəcləyirdi, haqsızlığa qarşı üsyan edirdi. Amma yenə də zindanın qatı zülməti əksilmirdi. İnsan günəşdən, həyat işığından məhrum qalmışdı. Sonra o, birdən əzəmətli şəhərin küçələri ilə axıb gedən xalqın nəğməsini eşitdi: azadlıq nəğməsini!.. Bu nəğmədə əvvəlcə ona yad olan bir həyat eşqi çırpınırdı. Məhbus yenə çəmənləri, düzləri, zümrüd yamacları, yalqızlıqda keçirdiyi azad dəqiqələri xatırladı. O, atılmış pambıq tayaları kimi görünən ağ buludlar arasından solğun çöhrəsini göstərən ayı, dərədə ayın işığını əks edən şır-şır suları gördü... Sonra çobanın tütəyi inlədi. Sevdiyi nəğmə dağlara, dərələrə səs saldı. Küçələri dolduran xalqın nəğməsi daha güclü idi. Məhbəsdə inləyən insan da bu nəğməni dinləyirdi. Çoban tütəyinin əvəzinə minlərlə insanın zindanı titrədən dəmir marşı səslənirdi: qaranlıq məhbəs elə bil yavaş-yavaş sarsılırdı. Məhbusun gözlərində birdən ümid qığılcımları parıldadı; o da, küçələri dolduran insan dənizinin nəğməsini duyaraq, sonra hamıdan gözəl, hamıdan qüvvətli bir ehtirasla bu nəğməni oxudu, səsini azadlıq gətirən xalqın qalib səsinə qatdı...
Ədhəm salonda idi. Onun da gözləri Səbriyə zillənmişdi. Onunla yanaşı oturan gözəl qız durna boğazını yuxarı qaldırıb, özünü də, salondakıları da, Ədhəmi də unutmuş kimi, birdən onun xəyalını alıb uzaqlara aparan bu yeni əsərə heyran qalmışdı.
– Əfşan, sənə nə olub, rəngin niyə ağardı?
Bu sualı verən Ədhəm idi. Amma Əfşan onun səsini eşitmirdi.
– Söz soruşuram, rəngin niyə ağardı?
– Yoldaş mane olma! – deyə arxadan kim isə nəzakətlə pıçıldadı.
Əfşan sualı eşitdisə də, cavab verməyə ehtiyac qalmadı: birdən böyük salon zəlzələyə düşmüş kimi titrədi. Alqış səsləri ta uzaqlara qədər yayıldı...
Əfşan ayağa qalxdı. Təəccüblə baxan Ədhəmi görmürmüş kimi, ona sarı baxmadan irəli yüyürdü.
– Səbri, Səbri!
Bu çağırış, sevgidən çox heyran olmuş insanın etirafına bənzəyirdi.
Səbri dönüb baxdı, qızı tanıya bilmədi. Lakin Əfşan lap yaxınlaşanda, Səbri onun əlini sıxıb, gülə-gülə göy haşiyəli yaylığı ilə alnını silərək dedi:
– Nə qədər dəyişmisiniz!.. Bəs Ədhəm hanı?
Əfşan bu sualdan inciyib gözlərini yerə zillədi.
Sualına cavab almayan Səbri çiyinlərini çəkdi. Sonra hər ikisinin gözü bir-birinə dikildi. Əfşan dərindən köksünü ötürdü, əlindəki gül dəməti də xəfifcə titrəyirdi. Bu nə idi? Etirafmı idi?!
Səbri yenə də alqış səslərini eşidir, utandığından bucağa çəkilir, nə isə demək istəyirdi.
Görəsən o sevinirdimi?..
1938 – oktyabr, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-konsert
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!