M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər
Məzmun
Səhifə 2 / 4 · 25%
Ağa Zamanı götürək. Bu adam, köhnə bir dəllək oğludur. Onun atası öz sənəti ilə dövlətlənmiş, lakin o özü, əsərdəki Hacı Nurunun dediyi kimi, bu dövləti xərcləmişdir. Onun atası oğluna dəllək sənətini öyrətdiyi halda, bu hərif təbiblikdə şöhrət qazanmaq istəmiş, lakin bu sahədə büsbütün avam olduğundan müalicə əvəzinə insanları qırıb çatmışdır.
Yaxud Molla Səlmanı götürək. Şair Hacı Nurunun dediyinə görə bu adamdan yaxşı odunçu olarmış. Lakin Molla Səlman atasının yolu ilə gedib mollalığa qurşanmışdır. Onun atası elmləri öyrənmiş, zəhmət çəkmiş, lakin bu hərif avam və biliksiz olduğu üçün hətta mollalığı belə bacarmır... və i. a. və sairə.
Bu əsərdə ən maraqlı obrazlardan biri də şair Hacı Nurudur. Bu adamın simasında M.F.Axundov müəyyən müsbət ideallarını təcəssüm etdirməyə çalışmışdır. Bu şair namuslu, xalqının xoşbəxtliyinə çalışan, doğru sözü üzə deyən, cəsarətli bir adamdır. Onun əsərlərində olduqca mühüm hadisələrdən bəhs edilir. Məsələn, o, şeirlərinin birində özündən altmış il əvvəl avar ləzgilərinin Xanbutayın təhti-idarəsində Nuxaya olan hücumunu təsvir etmişdir.
Hacı Nuru vətənpərvərdir. Xalqının taleyi ilə maraqlanan bir şəxsdir. Ancaq o, vətənində heç bir istinadgaha malik deyildir. Yaşadığı mühitdə onu anlayan, onun faydalı əsərlərini dinləyən yoxdur. Çünki dövlətlənmək istəyən, hər növ vasitə ilə pullanmağa çalışan ağa zamanların, hacı kərimlərin şeir dinləməyə və öz vətəninin taleyi ilə məşğul olmağa vaxtı yoxdur.
Hacı Nuru isə mübarizdir. O, talantlı insandır. Ağıllı bir şairdir. O, həmşəhərlilərinin cəhalət və nadanlığını görəndə, kədərlənib məyus olur. O bunu qorxmadan, çəkinmədən söyləyə də bilir və eyni zamanda yazdığı şeirlərin bu cür şəraitdə heç kimə bir fayda vermədiyini anlayıb, etiraf etməyə məcbur olur.
Lakin Hacı Nuru bu avamlar və yekəbaşlar mühitində yeganə müsbət insandır, bu qaranlıq aləmdə parıldayıb sönən zəif bir işıqdır. O, savadlıdır, biliklidir. Onun mühakimələrində ciddi bir məntiq vardır. Yalnız onun poeziyası deyil, dediyi xeyirli sözlər də, doğru fikirlər də vətəndaşlarının acığına, kin və qəzəbinə səbəb olur. Hacı Kərim, Səfər bəy, Ağa Zaman, – şairin gözəl xarakterizə etdiyi bu tiplər, – onu söyürlər, hörmətdən salırlar. Lakin o yenə də öz fikrindən əl çəkmir, molla xəlillərin fırıldaqlarını ifşa edib vətəndaşlarının gözünü açmağa çalışır. Nuxalılar onu dinləməyib kimyagərin kələklərinə aldanırlar. Molla Xəlil topladığı pulları götürüb müştərilərindən gizlənməyə hazırlaşdığı zaman, biz yenə Hacı Nurunu xatırlayırıq...
Əlbəttə, bu əsərin həm mündərəcəsi, həm də dramatik quruluşu Mirzə Fətəli komediyaları üçün tam mənası ilə səciyyəvi deyildir. Yəni bu əsər bitkin bir pyes kimi qiymətləndirilə bilməz. Burada gənc və az təcrübəli bir dramaturqu görməmək olmaz. Lakin “Kimyagər” komediyası da, Axundov dramaturgiyasının inkişafında olduqca mühüm bir mərhələdir. Burada da parlaq obrazlar və tiplər verilmişdir. Burada Axundov öz müsbət ideallarını irəli sürmüşdür. İnsanı varlandıran, ona gözəl həyat verən ibrahim xəlillərin eleksiri deyil, din və sxolastikaya əsaslanan uydurma dərmanlar deyil, bəlkə insanların ağlı, talantıdır. Mirzə Fətəli göstərir ki, hər bir insan özünün namuslu əməyinə, peşəsinə arxalanıb gözəl həyat qurmağa çalışmalıdır.
Axundov bu komediyasında da xalqı savadlanmağa, cəhalət yuxusundan oyanmağa, elmlərini artırmağa çağırır. Burada biz gələcək mübariz maarifpərvərin ilk addımlarının səsini eşidirik.
Lakin yenə də təkrar edirik ki, Axundovun əsərləri təkcə bu idealları təbliğ etdiyi üçün deyil, bəlkə eyni zamanda və xüsusən öz dövrünü təsvir etdiyi üçün, müəyyən bir zamanın insanlarını ümumiləşmiş obrazlarda göstərdiyi üçün qiymətlidir.
“Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası bu nöqteyi-nəzərdən daha maraqlıdır. Dramatik bir əsər olaraq götürülərsə, bu komediya Axundovun və ümumiyyətlə Azərbaycan ədəbiyyatının ən klassik nümunələrində biridir.
Burada iki bir-birinə zidd dünya görüşünün mübarizəsi əks etdirilmişdir. Bir tərəfdən proqressiv Qərb mədəniyyətinin nümayəndəsi Müsyö Jordan, o biri tərəfdən isə Şərq cəhalətinin və fanatizminin ən mahir fırıldaqçısı Məstəli şah göstərilmişdir. Lakin konflikt yalnız bu iki adam arasında deyil, iki aləm arasında gedir.
Axundov bu dərin ictimai mübarizəni komediya planında verirsə də, biz eyni zamanda müəllifin “Kimyagər” əsəri üçün çox səciyyəvi olan satiraya əl atdığını və burada da eyni yolu dərinləşdirib yalnız “mənfi” tipləri deyil, bəlkə eyni zamanda “müsbət” tipləri də kəskin tənqid etdiyini görürük. Bu tənqid özü də hadisələrin gedişindən, obrazların hərəkətindən doğur, yəni müəllif elə bil hər kəsin öz istədiyi kimi hərəkət eləməsinə yol verir və onların əxlaqını, dünyagörüşünü, düşüncəsini realistcəsinə əks edərək, bizə tanıdır.
Bu əsərdə də zəngin tiplər silsiləsi vardır. Bu tiplər həm fərdi, həm də ümumiləşmiş bədii obrazlardır.
Axundovun qadın surətləri daha canlı və daha koloritlidir. Elə bil müəllif bunların təsvirində daha parlaq və daha ifadəli boyalar işlətmişdir.
Yuxarıda dediyimiz kimi, Axundovun əsas xüsusiyyətlərindən biri hər zaman ictimai şəraiti və obrazların şərhində çox böyük rol oynayan ictimai fonu çox aydın göstərməsidir.
“Müsyö Jordan” əsərindəki bu fon, əlbəttə, feodal-patriarxal mühitidir. Şahbaz bəyin obrazlı ifadəsini işlədib desək, bu fon, onun yaşadığı boz, yoxsul, heç bir şeylə insanı cəlb etməyən qamışlıqdır. Bu bəlkə də o qədər müdhiş deyildir. Axundovun nöqteyi-nəzərincə bu mühitdəki ən dəhşətli şey, öz daxili imkanları cəhətindən müsbət olan insanları geriyə çəkən fanatizmdir, cəhalətdir, məstəli şahların təmsil etdiyi xürafat və mövhumatdır.
Əsərdəki Şəhrəbanu xanım olduqca diribaş, bacarıqlı, ağıllı bir qadındır. Lakin o sadəlövhdür. Məstəli şahın fırıldaqlarına inanır, divlərin və cinlərin həqiqətən Parisi uçura biləcəklərini düşünür və hətta Şahbaz bəyin toyu üçün saxladığı pulları əsirgəməyib Məstəli şaha muzd olaraq verir.
Axundov öz komediyasında bu qadını taqsırlandırmır, bəlkə ona ürəkdən acıyır, sadəlövhlüyünə, mövhumatçılığına, təmiz ürəkli olması nəticəsində hiylə və kələklərə asanlıqla inandığına təəssüf edir. Mirzə Fətəlinin əsas zərbəsi Məstəli şaha dəyir və onun fırıldaqlarına inanan sadəlövh insanları tərbiyə etmiş, yetirmiş ictimai mühitə dəyir. Axundov bəzən bu nöqtədə kəskin satiraya qədər yüksəlir. Onun xəfif lirizmi ictimai satira ilə əvəz edilir.
“Müsyö Jordan” komediyası əlbəttə onun ən müsbət ideyalı əsərlərindən biridir. Lakin bu heç də o demək deyildir ki, bəzi tənqidçilər Müsyö Jordanı Axundov ideyalarını təcəssüm etdirən bir obraz kimi qiymətləndirərkən tamamilə haqlıdırlar. Burada ciddi bir yanlışlıq vardır. Müsyö Jordan özü qabaqcıl burjua elmi nümayəndəsi olmaq etibarilə Mirzə Fətəli tərəfindən müəyyən dərəcədə rəğbətlə əks etdirilir. Lakin o, heç bir vəchlə Axundovun idealı deyildir. Çünki Müsyö Jordan monarxistdir. 1848-ci il inqilabına bütün varlığı ilə düşməndir. O, inqilabçıları şeytan, cin adlandırır. Əlbəttə, Axundov bu fikirdə deyildir və olmamışdır. Onun bioqrafiyasından və fəlsəfi əsərlərindən məlumdur ki, o hər cür despotizmə qarşı mübarizə etmişdir. Lakin Axundov Müsyö Jordanın şəxsiyyətində müəyyən müsbət cəhətlər görür. Bu cəhətlər birinci növbədə onun təmsil etdiyi Qərb mədəniyyəti ilə əlaqədardır. Mirzə Fətəli Axundov sağlam elmlərin tərəfindədir. Onun qərbçiliyi, heç də Qərbin hər cür adət və ənənələrini tənqidsiz qəbul etmək mənasında anlaşılmamalıdır. Axundov böyük mədəniyyət yaradan Qərbi təbliğ edir. Onun qəhrəmanı Şahbaz bəy Parisdəki çirkin adətləri öyrənməyə deyil, fransız dilini mənimsəməyə gedir, daha doğrusu getmək istəyir.
Məsələnin bu cəhətinə xüsusi diqqət yetirmək lazımdır. Çünki Axundov məsələyə həqiqi bir realist kimi yanaşır. Onun nəzərincə Qərbə də gözü yumulu yanaşmaq olmaz. Oranın “mədəniyyəti” başdanbaşa tərifli deyildir. Müsyö Jordanla Hatəmxan ağanın söhbətindən aydın görünür ki, Axundov Qərbdəki, xüsusən Parisdəki əxlaq normalarını o qədər də bəyənmir, bəlkə, tərsinə, özünəməxsus bir ustalıqla o normaları da tənqid edir.
Bizi maraqlandıran başlıca məsələlərdən biri “Müsyö Jordan” komediyasında əks edilən dövrdür.
Bəzi tədqiqatçıların yazdığına görə Müsyö Jordan kimi bir botanik həyatda olmuşdur və Hatəmxan ağa adı da müəllif tərəfindən uydurulmamışdır. Amma bizi maraqlandıran bu deyildir. Bizi ən çox Axundovun bəlkə də həyatdan aldığı bu hadisədən istifadə edərək müəyyən dövrü və dövrün insanlarını necə təsvir etməsi maraqlandırır. Bu əsərdə müəllif hadisənin cərəyan etdiyi ili, yeri çox aydın göstərir. Hətta kəndin də adını oxucudan gizlətmir. Bu çox əhəmiyyətli cəhətlərdən biridir. Axundov öz komediyalarında bu sözün geniş və həqiqi mənasında çox konkretdir. Onun sənətkar fantaziyası, həqiqi varlıqdakı hadisələrin doğrudan-doğruya real inkişaf meyllərini görməyə kömək edir. Axundov hadisələrin zahiri effektinə deyil, daxili dinamikasına fikir verir və bu dinamikanı müəyyən bir nöqtəyə qədər izləyib, obrazları tamamladıqdan sonra, götürdüyü hadisəni də, bu hadisənin hərəkətini də dayandırır. Onun əsərindəki kompozisiya bütün böyük realist dramaturqlarda (Qoqolda, Qriboyedovda və başqalarında) olduğu kimi qəhrəmanların taleyi ilə müəyyən edilir.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-m-f-axundovun-dramaturgiyasi-haqqinda-bezi-qeydler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.
Kərəm əfsanəsiMən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
RəqiblərI**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Başqa şairlərin şeirləri
Aşıq Camal gülə-gülə gələndən,At üstündə təkcə, yalqız qalanda.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Məni, ey tazə gül, hicrində giryan eylədin, getdinMəni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.