Səhifə 5 / 12 · 33%

Onlar iyirmi dəqiqədən çox dayanıb dinməz-söyləməz gözlədilərsə də, havanı çulğamış toz buludu seyrəlmədi:

– Yavaş-yavaş sür gedək.

M-1 hərəkətə gəldi. Qüdrət yana tərəf baxa-baxa şoferə komanda verməyə başladı: – Bir az sağa, bir az sola, dayan, gözüm yolu seçmir, hə, sür, aha, hava açılır. Yol görünəndə sürətini artır. Bax, belə, aha...

Onlar asfalt yola çıxdılar. Burada toz seyrək idi. Ətraf görünməsə də, yolu seçmək olurdu. Nəhayət gəlib sahilə çıxdılar. Həmişə adamların daldalandıqları balaca otağa girdilər.

Qüdrətin əmrilə buraya toplaşmış kapitanlar öz aralarında ucadan danışır, mübahisə edirdilər. Qüdrət, yalnız bəzi sözləri aydın eşidir, söhbətin dəniz səfərinə aid olduğunu başa düşürdü. Mübahisə edənlər hələ də onu görmədikləri üçün bir-birlərinin sözünü kəsir, bütün günahları fırtına zamanı buruğu tərk etməyən ustaların boynuna atırdılar. Pəncərə qabağında ayaq üstündə durmuş gödək və şişman kapitan əli ilə qapı ağzında dayanmış Qüdrəti göstərəndə, elə bil qurbağa gölünə daş atıldı. Bəziləri ayağa qalxıb, skamyada trest müdirinə yer göstərdilər.

– Əyləşin, əyləşin! – deyə Qüdrət papirosunu çıxarıb, avtomatik alışqanla yandırdı və bir-iki qullab vurandan sonra imtahanedici nəzərlərini kapitanların üzündə gəzdirdi. Onların hamısı cavandı.

– Görürəm, işsizlikdən darıxırsınız, – deyə Qüdrət zarafat tərzində sözə başladı. – Dənizə heç kimi məcburi göndərməyəcəyəm. Kim istəsə, o gedəcək. Xəbərdarlıq edirəm: ehtiyat və iradə lazımdır!

Hamı hipnoz olmuş kimi, Qüdrətin gözlərinə baxırdı. Birdən yan tərəfdən “Çapayev” qayığının kapitanı dilləndi:

– Bunların arasında yenə də mənim az-çox təcrübəm var. İzin verin aparım.

– İzin verin... – deyə Qüdrət onu yamsıladı. – Məndən niyə izin istəyirsən? – Əlini ürəyinin üstünə vura-vura əlavə etdi: – Hər şey bundan asılıdır.

– Çətindir, yoldaş İsmayılzadə. Mən usta Ramazanı aparanda az qala batmışdıq. Lodka elə qalxıb-düşürdü ki, başımız buluda dəyirdi.

– Bilirəm, bilirəm, – deyə Qüdrət yenə papirosunu tüstülətdi.

“Çapayev”in kapitanı iri, qonur gözlərilə necə baxdısa da, Qüdrət onun baxışlarında: “bilirsənsə, daha niyə göndərirsən?” sualını oxudu.

– Bu gün dördüncü sutkadır yoldaşlarımız ac-susuz işləyirlər. İndiyə kimi özləri də razı olmurdular. Amma görünür daha tab gətirmirlər. Bircə hovurluğa özünüzü onların yerində təsəvvür edin. Ac ola-ola, bir dəqiqədə işi dayandırmayıblar. Kim könüllü getmək istəyir?

– Hamımız! – deyə pəncərə qabağında durmuş gödək və şişman oğlan cavab verdi:

– Hamımız, – deyə hər tərəfdən səslər ucaldı.

– Mən hazır!

Bunu eşidəndə Qüdrət öz adi təbəssümü ilə gülümsədi, yenə “Çapayev” deyə xəyalından keçirdi: – Elə isə de görüm necə hazırlaşmısan?

– Necə?.. Uzun bir kəndir hazırlamışam.

– O nə üçündür?

Kapitan da gülümsədi.

– Ya gərək usta Ramazana yemək aparam, ya da özümü kəndirdən asam.

Qüdrət sir-sifətini turşutdu:

– Bu zarafatın heç yeri deyil!

– Mən zarafat eləmirəm, yoldaş İsmayılzadə. Kəndiri ondan ötrü aparıram ki, lodkanı buruqdan uzaqda saxlayıb, şeyləri bir-bir onun ucuna bağlayım, buruğa atım, suya düşəndə də batıb hayıf olmasın. Uşaqlıqda sapand atardıq ha... bax, o cür atmaq istəyirəm. Bir uzun kəndir də aparacağam ki, lodkanı buruğa bənd eləyim, hər dəfə dalğa vuranda yarım verst uzaqlaşmayım.

Qüdrət sevindi: “Bax, bu gedəcək!”

– Siz necə, hazırsınızmı? – deyə İsmayılzadə o biri kapitanlara müraciət elədi. Kim öz bacarığına inanmırsa, indidən desin.

Bu dəfə onların heç birindən səs çıxmadı.

– Ən çətini, əlbəttə ki yüz əlli beşinci buruqdur. Açıq dənizdə ən azı iki kilometr yol gedilməlidir. O biriləri asandır. Bir fəlakət üz verərsə də üzüb çıxmaq olar. İki nəfəriniz lodkanı hazır saxlayıb gözdəqulaqda olsun, qalan üç qayığın hərəsi bir buruğa yola düşsün.

Beş dəqiqə belə çəkməmişdi ki, Qüdrətin dediyi kimi də oldu. Yük maşınından yeməyi düşürdüb Bədirlinin göstərişi ilə qayıqlar arasında bölüşdürdülər və bir-birinin dalınca üç qayıq dənizə çıxdı.

Hamıdan qabaqda “Çapayev” gedirdi.

Qüdrət körpüdə dayanıb həyəcan içində baxır, küləyin şiddətli zərbələrdən yıxılmamaq üçün ayaqlarını yerə möhkəm dayayıb, gözlərini “Çapayev”dən bir an çəkmirdi.

– Yoldaş Qüdrət, – deyə Bədirli şapkasından ikiəlli yapışıb kəsik-kəsik dilləndi. – Bunların çoxusu front görmüş oğlanlardır, bərkə-boşa düşüblər, intahası qorxurlar yeməyi aparıb çatdıra bilməyələr.

Qüdrətdən səs çıxmadı. Onun iki-üç addımlığında uğuldayan dəniz, körpünü az qala yerindən qoparır, hər dalğa sahili döydükcə, elə bil, yer, göy zəlzələyə düşüb titrəyirdi.

“Çapayev” isə dalğalar arasında gah batır, gah çıxır, amma yenə inadla vuruşaraq özünə yol açırdı.

– O gedəcək! – deyə Qüdrət artıq bir inamla Bədirliyə baxdı və onun gözlərində doğrudan da qəribə bir sevinc alışıb yandı...

5

Usta Ramazanın buruğunda isə qayıq haqqında düşünən yox idi. Briqada üzvləri yalnız tufanın qurtarmasına ümid bağlayırdılar. Hamının fikri-zikri işdə idi. Tufan günlərində balta dörd yüz iyirmi metr məsafə qət eləmişdi. Deməli, buruq bu gün də olmasa, sabah üç min metr dərinliyə çatıb, istifadəyə veriləcəkdi. Əslinə baxsan bu sürət Ramazanın özü üçün də gözlənilməzdi. Aclıq onu da, yoldaşlarını da əldən salırdı. Hamının rəngi-ruhu qaçmışdı. Briqada üzvləri arasında buraya gəlib düşdüyü günə lənət oxuyanlar da vardı. Amma bunu heç kim üzə vurmurdu. Çünki nə qədər əsəbiləşsələr də, ən axırda bircə şey onlara təsəlli verirdi: – Buruq vaxtından yalnız bir ay əvvəl yox, hələ bundan da iki gün tez qurtarırdı. Briqada bu dəhşətli tufandan üzü ağ çıxardı... – Bu sözləri də heç kəs demirdi. Amma hamının aclığa, susuzluğa dözməsi də, “get yat, yorğunsan” deyə təklif edən Ramazana “yox” cavabı verməsi də bu hissin, bu duyğunun səbəbinə idi. Ramazan, oğlunun düşmən mühasirəsində bundan da üçqat artıq ac qaldığını briqadasının üzvlərinə danışmağa ehtiyac duymurdu. O bilirdi ki, cəbhədə vuruşmuş oğullarını da, burada saatla yox, vicdanla işləyən dostlarını da bir torpaqda yaşayan, bir göyün altında bir havadan nəfəs alan analar doğmuşdur. Ramazan onların arasında təbliğat aparmalı deyildi ki? O, Vasilyevə, Cəmilə, Heydərə, Qrişaya, Tahirə və Lətifəyə nə deyə bilərdi? Hamısı kimin üçün, harada işlədiyini Ramazandan da yaxşı bilmirdi?

Qəribədir: Tahir, tufan zamanı qocanı bir dəfə də qaşqabaqlı görmədi. Bu qədər qan qaraltısı olan yerdə qoca usta qırğı kimi cəld, uşaq kimi sadə, Tahirin doğma atası kimi zarafatcıl olmuşdu. Əvvəlcə ona elə gəlirdi ki, usta yalnız görk üçün belə hərəkət edir. Amma tədricən başa düşdü ki, qocanın xasiyyəti belədir, gərgin anlarda özünü daha gümrah, daha şad hiss edirdi. Bundan sonra Tahir təəccüblə Ramazana baxmır, hamı ilə bərabər o da ustanın məzəli sözlərinə gülür, onun zarafatlarından xoşhal olur, işləyəndə yorğunluğunu adi, əhəmiyyətsiz bir hal sayırdı.

Qüdrətlə danışandan sonra mədəni budkadan buruğa gələn Lətifə, usta Ramazanı bir tərəfə çağırıb, qanı qaçmış dodaqlarını yalaya-yalaya trest rəisinin tapşırığını ona yetirdi və axırda güc-bəla ilə (qız, acından ayaq üstündə dura bilmirdi) bu sözləri deyə bildi:

– Qüdrət yolda: bu gün nə təhər olsa yemək göndərəcək.

Ramazanın qaşqabağına qəm kölgəsi qondu.

– Olmaya sən istədin?

– Yox, usta, özü yollayır.

Bu neçə gündən bəri hamının aclıqdan və susuzluqdan çəkdiyi iztirabı gördükcə ürəyi sızıldayan qoca, bu xəbərdən sonra narazı halda başını buladı:

– Nahaq, qızım, nahaq, – dedi, – axı niyə ölüm-itim olsun?

Usta özü Qüdrətə zəng eləyib, onu bu fikrindən daşındırmaq istədi. Ancaq birdən ona elə gəldi, briqada üzvlərindən kim isə öz yanında şikayətlənib narazılığını bildirdiyi üçün, Qüdrət bu tədbiri görməyə məcbur olmuş, kimin isə həyatını təhlükəyə atmağa hazırlaşır.

– Qızım, – deyə Ramazan Lətifəyə diqqətlə nəzər saldı, – bəlkə uşaqlardan ona zəng eləyən olub?

– İnanmıram, usta. Mən ki görməmişəm, – deyə Lətifə, müqəssir adamlar kimi, gözlərini yerə dikdi.

Qoca usta, dörd gündən bəri aramsız işləyən dostlarına nə isə deməyə hazırlaşaraq, mexanizmləri dayandırmaq əmri verdi. Buruğa sükut çökəndə, hamını yanına çağırdı, oturmalarını xahiş elədi.

– Görünür usta iclas çağırır, – deyə Tahir də Cəmillə bərabər gəlib Ramazanın böyründə oturdu.

Boran başlanan gündən bəri bir dəfə də ustanı qaşqabaqlı görməmiş fəhlələr, onun pərt olduğunu dərhal hiss edib, təəccübdən böyümüş gözlərini ona dikərək, bu pərtliyin səbəbini öyrənməyə tələsdilər. Amma o, gah yerə, gah da briqada üzvlərinə baxır, dinmirdi: “Yəqin zəng eləyən olub, yəqin şikayətlənən olub” deyə düşünürdü: “Çətindir, əlbəttə çətindir. Ancaq bu çovğunda kim dənizə çıxsa, qərq olacaq. Dözmək yaxşı deyilmi?”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 dəq
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 dəq
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 dəq
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 dəq

Başqa şairlərin şeirləri