Səhifə 6 / 12 · 42%

– Ay uşaqlar, – deyə nəhayət Ramazan dilləndi, – mənim sözüm yoxdur, siz deyin, mən qulaq asım: – Yemək gətirilsin, ya yox?

Bu süal hamıya qəribə göründü: imkan varsa, nə üçün gətirilməsin? Dörd günlük ağır işdən sonra hamını gücdən salmış bu aclığı dözmək bəs deyilmi?

Vasilyev dostunun fikrini hamıdan əvvəl başa düşdü:

– Gətirilsin, Ramazan İsgəndəroviç, əlbəttə gətirilsin! Uşaqların rənginə bax. Heydərlə Qrişanın bir boruya gücü çatmır. Taxta qırıntıları Cəmilin gözünə çörək qırıntıları kimi görünür. Tahir dənizi buluddan seçə bilmir.

Əvvəlcə bu sözlərin çox ciddi bir məqsədlə deyildiyini güman edənlər, axırda gülüşdülər. Gülməyən təkcə Ramazan, bir də Vasilyev özü oldu.

– Mən zarafat eləmirəm, uşaqlar, tufan elə dörd gün bundan qabaqkı kimidir, hələ bəlkə bir az da gücləndi. Qoy gətirsinlər. Bundan sonrası da var.

– İşi dayandırsaq necə olar?

Usta başının yuxarı qaldırmadı. Sual verən Heydəri səsindən tanıdı. Qocanın nəzərində yemək istəmək – belə məğlub olmaqdan min qat yaxşı idi. Amma o, yenə dinmədi. Öz könlü ilə danışmaq istəyən olmadığı üçün adamları ucadan adbaad çağırdı:

– Heydər, de görüm, gətirsinlər, ya yox?

Əvvəldən də arıq və cansız olan bu fəhlənin ovurdları tamam batmışdı. O, bir xeyli sükut edib, tərəddüd içində qalmışdı. Ramazana elə gəldi ki, işi dayandırmağı məsləhət görən adam, yemək istəməyə çoxdan razıdır, amma bunu dililə deməyə utanır.

– Deməli, razısan, hə?

– Yox, usta, izin ver, fikirləşim, – deyə Heydər üzünü bir qədər yana çevirdi.

Hamının gözü onda idi.

– Hə, yaxşı fikirləş! – Usta Qrişaya müraciətlə soruşdu: – Sən necə, razısan?

Dünəndən bəri kəmərində bir neçə təzə deşik açan bu şişman oğlan:

– Gətirsələr... – deyə sözünün axırını uzatdı və birdən, tələsmiş kimi əlavə etdi: – Axı, usta, işi dayandırdın, qarnımın qurultusu artdı, olmaz başlayaq?

Aclar gülüşdülər.

– Vallah, düz deyirəm. Axı söz vermişik, usta.

– Vaxt gedir. Yox, mən razı deyiləm. Hansı kapitan gəlsə, mənim dostumdur. Niyə batsın axı? Razı deyiləm!

Bu anda Heydər də dilləndi:

– Mənim də dostumdur, elə mən də razı deyiləm.

Ramazan, bir neçə dəqiqə bundan əvvəl başı hərlənib, ürəyi xarab olaraq yıxılmış sarı saçlı rus balasına döndü:

– Andryuşa, sən necə? Bir saat ac qalsan, təcili yardım çağırmalı olacağıq. O da bu tufanda gəlib çıxa bilməyəcək.

Andrey əlini qaldırıb-saldı:

A nu eqo... – deyə o, bu sözlərdən qabaq yalnız cavanlar arasında işlətdiyi yağlı söyüşü udub cavab verdi...

– Deməli razı deyilsən?

– Yox, Ramazan İsgəndəroviç. Axı o da adamdır. Necə olar? Lazım deyil. Mən aclığı unutmuşam.

“Bəs bu şikayəti eləyən kimdir?” – deyə usta zahirən çox biganə bir halda, amma diqqətlə yoldaşlarına göz gəzdirdi.

– Tahir, yemək göndərsinlər, ya yox?

– Yox, usta, – deyə Tahir az qala Ramazanın sözünü kəsərək dilləndi.

– Niyə ki? Ac deyilsən?

– Doğrusu... – Tahir duruxdu, – usta düz deyir. Gözümə qaranlıq çökür... tək mənim yox, hamının... amma lazım deyil...

– Niyə ki?

– Yox usta, lazım deyil. Çünki bizə yemək gətirməyi hər halda igid oğlana tapşırarlar. Axı bilə-bilə onu niyə həlak eləyək? Dözmək yaxşıdır. Dözərik, usta!

Kim isə yan tərəfdə dodağının altında deyindi:

– Bəlkə dözməyənlər var?

– Mən öz adımdan deyirəm, – Tahir, gil məhluluna bulaşmış əllərini ovxaladı, – yox, elə hamının adından deyirəm. Kim gəlsə, o da bizim adamdır. Mən razı deyiləm!

Ramazan Tahirə etiraz edən oğlan haqqında düşünürdü. “o zəng eləməz. Bir həftə ac qaldığı vaxtlar olub, dinməyib...”

– Deməli, heç birinə razı deyilsiniz, hə? Bəs Qüdrətə kim zəng eləyib?

Təəccüb dolu gözlər Ramazana zilləndi.

Onlar birdən küləyin vıyıltısı ilə qarışıq bir səs eşitdilər. Əvvəlcə buna fikir verən olmadı. Belə vaxtda kim cəsarət eləyib buruğa gələ bilərdi? Bu səs bir də, bir də eşidildi. Tahirin qulağı hamıdan iti idi. O, səs gələn tərəfə diqqətlə baxdı və buruqdan xeyli aralı çılğın dalğalarla vuruşa-vuruşa gələn, bəzən aşağı enib görünməz olar, bəzən də suyun üzündə odun parçası kimi atılıb-düşən qayığı tanıdı və gördüyünə inanmadığı halda ayağa sıçradı, gözlərini Ramazana zilləyib ucadan səsləndi:

– Usta, “Çapayev” gəlir!..

Bu sözü eşidənlər əvvəlcə istehza ilə gülümsədirlər. Birdən başlarını qaldırıb o tərəfə baxanda, onların dodaqlarını bürümüş təbəssüm dərhal silinib getdi. Elə bil hamı bir vaxtda eyni röyanı görürdü.

– “Çapayev”, “Çapayev!” – deyə briqada üzvləri birdən qışğırdılar.

Doğrusu, heç kim öz gözlərinə inanmırdı. Böyük gəmilər limanda lövbər saldıqları halda, “Çapayev” ölümlə vuruşa-vuruşa gəlirdi. Onun nə üçün, nə məqsədlə belə təhlükəyə baş vurduğunu fikirləşəndə, hamının ürəyini vahimə basdı: “Yəqin bir bədbəxtlik üz verib...”

Qayıq buruğun əlli-altmış addımlığına yaxınlaşanda, dalğalar onu vurub gözdən itirdi. Lakin “Çapayev” dənizdə qərq olmaq fikrində deyildi. O yenə göründü və yenə irəliyə doğru şütüdü. Əgər kapitan buraya qədər necə gəlib çıxdığını bilsəydi, bəlkə çaşıb özünü itirər, doğrudan da batıb qayıqdan ayrı düşər, bir daha suyun üzündə görünə bilməzdi. O bunu düşünmürdü. Onun bütün əsəblərini və beynini məşğul edən yalnız bir məqsəddi: “Öldü var, döndü yoxdur”! Ancaq indi bunun heç birinə ehtiyac qalmırdı: o, buruğa yetişir, məqsədinə çatırdı.

– Usta hey... – deyə kapitan Ramazanı səslədi.

Cəmillə Tahir əllərini havada yelləməyə başladılar.

“Çapayev” bir də geriyə atıldı. Lakin bu anda kapitanın ayaq üstündə durub əlində kəndir tutduğunu hamı aydın görürdü. Onun qarabuğdayı köməkçisi sükanı idarə edir, kapitan isə qışqırırdı:

– Ehey! Tutun kəndiri!.. Tutun kəndiri!..

Qayıq lap yaxına gələndə, bu möcüzəyə yalnız fəhlələr deyil, kapitan özü də məəttəl qalmışdı. O kəndiri necə məharətlə atdısa, ucu düz gəlib Tahirlə Cəmilin ayaqları altına düşdü. Cavanlar tez əyilib kəndiri tutdular və çəkməyə başladılar.

– Cəmil! Tahir! Çox dartmayın! Aralı saxlayacağam!

Cavanlar kapitanın fikrini o dəqiqə anlayıb, kəndiri iki-üç dəfə dirəyə doladıqdan sonra geri çəkildilər. Dalğalar qayığı nə qədər sağa-sola çırpdısa da, kapitanın halına təfavüt eləmədi. O suya batmış iri çörəkləri və konserv qutularını bir yerə topladı, hazırladığı xüsusi kondiri tapıb gətirdi və əvvəlcə çörəklərin birini onun ucuna bağlayıb havada cavanlara göstərdi:

– Ey, ac hərifləri! – deyə yenə qışqırdı, – atıram ha, tutun!

Buruqda iş-güc yaddan çıxmışdı. Yalnız usta quyunun yanından uzaqlaşmır, kapitana baxa-baxa dodaqaltı deyirdi:

– Vay sənin, igid oğlanmışsan!.. Görürsən, görürrsən? Çörək havada oynaya-oynaya gəlib suya düşdü. Tahirlə Cəmildən ufultu qopdu.

– Keşkə Səməndər burada olaydı. Bir dəqiqədə suyun dibindən tapıb çıxarardı, – deyə Tahir təəsüfünü gizlədə bilmədi.

– Eybi yoxdur, eybi yoxdur, çörək çoxdur, – deyə kapitan kəndiri geriyə çəkdi, amma onsuz da möhkəm islanmış çörək suyun içində dilik-dilik olub tökülmüş, kəndirin ucu boşalmışdı.

– Atdım ha, bərk durun!

Kapitan sapandla daş atan kimi kəndiri buruğa tərəf atdı. Cəmil çörəyi havada qapdı. Kapitan döşünə döyə-döyə özünü tərifləndi:

– Malades mənə!..

Cəmil yorğun kəndirin ucundakı nazik işlərlə möhkəm bağlanmış çörəyi açıb Tahirə verdi:

– Dirildik!..

Kəndir yenə geri çəkildi. Bu dəfə konserv qutusunu bağlayan kapitan, əvvəlkindən də tuşqul atdı:

– Ey-y-y, az yeyin ha, bir də gəlməyəcəm, onsuz da mənim varyoxum qarnıma gedib...

İndi bütün briqada üzvləri Tahirlə Cəmilin dövrəsini bürümüşdülər.

Bu dəfə kəndirin ucuna uzun bir kolbasa bağlanmışdı. Kapitan kəndiri yenə atanda, Tahir onu yerə düşhadüşdə tuta bildi. Uşaqlar qaqqıltı ilə gülüşdülər.

– Ey-y-y bircə arağı çatmır, özüm gətirmədim. Yoxsa yolda içib balıqlara yem olardım.

Arada bir ət konservi də gəldi.

– Eh, bu olmadı, – deyə Tahir Qaşqabağını salladı və ucadan kapitanı səslədi: – Bura bax, Abasqulu, əvvəlcə o qara çörəkdən ver gəlsin, bu amerikan zir-zibilini sonraya saxla!

Kapitan, mahnılarını ürəkdən bəyəndiyi “aşıq Tahir”in könlünü xoş eləmək üçün:

– Ala!.. – deyib, iri qara çörəkdən birini də tulladı.

Usta Ramazan uzaqdan-uzağa kəndirin atılmasına tamaşa edir, işindən, hərəkətindən daima narazı olduğu kapitanın hünərini ürəyində tərifləyirdi: “Əl boyda lodkanı bura sağ-salamat gətiribsə, deməli, qoçaq oğlandır!”

Kapitan, elə bil bundan xəbər tutub şəstlə döşünü qabartdı, Ramazanı çağırdı:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 dəq
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 dəq
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 dəq
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 dəq

Başqa şairlərin şeirləri