Səkkizinci fəsil
Səhifə 8 / 12 · 58%
– İşin asanından yapışmaq hünər deyil, – deyə Aslanov bu anda yan qapıdan içəri girən ağ önlüklü bir qızın padnosda gətirdiyi və stol üstündə qoyduğu limonlu çaya qənd saldı, stəkanı cingildədə-cingildədə qaşıqla qəndi qarışdırdı və qıza tapşırdı: – Yoldaşlara da çay ver. – O, nəyi isə xatırladı və qızın üzünə baxdı. – Yoxsa dərsə gecikirsən?
– Xeyr, hələ on beş dəqiqə var, – deyə Aslanovun belə qayğıkeşliyindən razı qalıb gülümsəyən al yanaqlı, qara saçlı, utancaq qız yenə qapı dalında görünməz oldu.
– Bütün dərslərdən əla oxuyur. Özüm təkdənbir onu imtahan eləyirəm. Axı mən vaxtilə maarifçi olmuşam! (Aslanov, həmişə bu barədə söhbət düşəndə öz gənclik illərini xatırlardı). Hesabla gərək məndə partiyadan xahiş eləyim ki, məni köhnə sənətimə qaytarsın, hə? Bəs yaxşı, bu necə olur ki, cəbhədən qayıdan bəzi yoldaşlar bir balaca aşağı vəzifəyə göndəriləndə bunu özləri üçün təhqir bilirlər, amma sən...
Paşa katibin danışığındakı aydın istehza nidalarını duyub, utana-utana cavab verdi:
– Görünür onlar daha çox qəhrəmanlıq göstəriblər, yoldaş Aslanov. Yaxud da əvvəldən böyük vəzifədə olublar.
Bayaqkı qız yenə çay gətirib, ikinci katibin və Paşanın qabağına qoydu.
– Ümumiyyətlə, İsgəndərzadələr mənim təklifimdən boyun qaçırmağa öyrəniblər, – deyə Aslanov zarafat tərzində usta Ramazana işarə ilə gülümsədi. – Sizi istəmədiyiniz işə məcburi təyin eləmək fikrində deyilik. Gedin, bir gün də düşünün!
Paşa o günün axşamı qəti qərara gəldi:
– Razıyam.
Şəhər komitəsinin bir sıra işçiləri kimi, o da tufan günlərini mədənlərdə keçirməli oldu. Əgər Paşa çovğun zamanı trestlərdə baş vermiş hadisələrə dair mühazirə söyləsəydi, mütləq bəzəkli bir cümlə işlətməyə məcbur olardı: “Bu günlərdə Bakının qəhrəman neftçilər ordusu, dənizdə və quruda gedən amansız vuruşmalarda təbiətin kor qüvvələrinə poladdan da möhkəm bir iradə ilə sinə gərdilər!”
Mütəmadi əsən külək ən qüvvətli insanı belə asanlıqla yıxırdı. Açıq havada, heç bir sığınacağı olmayan buruqlarda isə yıxılan və təbiətdən imdad istəyən bir fəhlə yox idi. Kaçalkalardan birinin də hərəkəti dayanmamışdı. Əsaslı təmirat işləri adi sürətlə davam edirdi. İstismara buraxılmış dəniz buruqlarından ehtiyat anbarlarına axan neftin miqdarı azalmırdı və Paşaya elə gəlirdi ki, təbiət quduzlaşdıqca, insanların iradə və mətanəti hər an möhkəmlənir. Bu, doğrudan belə idi.
Paşa ilk dəfə maşından düşüb mədənə ayaq basanda sadə, lakin mənalı bir hadisənin şahidi oldu. Lalə İsmayılzadənin trestindəki buruqlardan birində külək köhnə vışkanı uçurmuş və buruğun təmirat işini dayandırmışdı. Paşa briqadaya yan alanda, gödək, yoğun bir oğlanın, ruhdan düşmüş dostlarına üz tutaraq dediyi bu sözləri eşitdi:
– Ay uşaqlar, biabır olduq. Daha deməyəcəklər ki, külək vışkanı uçurdu, deyəcəklər bizi uçurdu. İki saatdan sonra onu dikəltməsək, bütün ömrümüz boyu bu ləkə bizim üstümüzdə qalacaq.
Paşa tək əlilə papağından yapışıb, yıxılmamaq üçün küləyə arxasını çevirdi və dalı-dalı addımlayaraq gödək, yoğun oğlanın sözünə qüvvət verdi:
– Düz deyir, uşaqlar, beş-on gündən sonra bu tufan hamının yadından çıxacaq, amma vışka əhvalatını unutmayacaqlar.
Hamı Paşanın üzünə ümidsiz bir nəzərlə baxırdı. Yoğun oğlan yoldaşlarına müraciətlə, döyüşçüləri hücuma aparmaq istəyən komandir kimi, əlini yuxarı qaldırdı:
– Gəlin! – deyə bağırdı. – Namus, qeyrət dəmidir, uşaqlar!
Briqada hərəkətə gəldi. Traktorun motoru guruldadı. Paşa özü də onların vışkanı dikəldə biləcəklərinə inanmırdı. Adamlar yıxılmayıb ayaq üstündə durmağı bacarsaydılar, bu özü balaca hünər deyildi.
Paşa gödək oğlanın hamıdan çox əl-ayağa düşdüyünü, quyudan altı-yeddi addım uzağa yıxılmış vışkaya cəld bir hərəkətlə dəmir kəndir bağladığını və həmin kəndirin o biri ucunu traktorun dalına calaşdırdığını görəndə, böyründəki fəhlədən soruşdu:
– Bu qoçağın adı nədir?
Uğuldayan külək fəhlənin səsini eşitməyə qoymadı.
– Nə, nə? – deyə Paşa əlini qulağının dalına tutaraq bir də soruşdu:
– Səməndər, Səməndər!
Paşa buruqların arasilə yeriyərək, səldirləyə-səldirləyə asfalt yolun aşağı tərəfinə keçib, əlli-altmış addım gedəndən sonra, ağ rənglə suvanmış bir mərtəbəli uzun binanın qarşısında dayandı. Burada, Qüdrətin trestinə baxan ikinci mədənin idarəsi yerləşirdi. Paşa içəri girib, çoxdan tanıdığı müdirlə salamlaşdı, gördüyü əhvalatı ona danışıb, yeraltı təmir briqadasına kömək yollamağı xahiş elədi. Müdir ümidsiz halda əlini tovladı:
– O buruğu diriltmək, ölü adamı diriltməkdən çətindir, – dedi.
– Hər halda kömək yollasanız pis olmaz, – deyə Paşa israr elədi.
– Kimi yollayım, yoldaş İsgəndərzadə? Bu saat hamı məşğuldur. Bir də, axı o buruq bizim trestə baxmır. Bu saat hər kəs öz hayındadır. – Mədən müdiri dəmir kassanın qulpundan asdığı əzik-üzük şapkasını götürdü və Paşadan üzr istəyib sürətlə çıxdı. Qapı dalından onun acıqlı səsi eşidildi:
– Bu saat qayıt uçastokuna. Belə sözləri dinləməyə vaxtım yoxdur!
Paşa onun kimlə danışdığını bilmək üçün, qapını azacıq aralayıb baxdı. Dəhlizdə, çiynini çəkən Dadaşlını gördü. Mədən müdiri onun böyründən güllə kimi sürətlə eşiyə atıldı.
– Canım, bizim bu müdirə nə olub, başını nə yaman itirib? – deyə Dadaşlı öz-özünə deyinərkən, gözü Paşaya sataşdı. – Yoldaş İsgəndərzadə, xoş gəlmisiniz, izin verin, sizi təbrik edim. Deməli, bundan sonra daha bizə mühazirə oxumayacaqsınız?
Paşa Dadaşlıya əl verdi:
– Niyə oxumuram? Mən yenə təbliğat işlərilə məşğul olacağam, – dedi. – Bəs sən niyə öz uçastokunda deyilsən?
– Çünki belə tufanlar mənim halıma təfavüt eləmir. Bütün buruqlarım normal qaydada işləyir. Hələ külək başlayalı planı on faiz də artıq ödəyirəm. Yoxsa müdir mənim atamı dalıma sarımamış əl çəkməzdi... Doğrusu, başıma bir fikir gəlib, dünəndən bəri mənə rahatlıq vermir. İstəyirdim onu müdirə deyəm.
– Nə fikir?
– Ayaqüstü danışmaq istəmirəm. Əgər vaxtınız varsa, on-on beş dəqiqə ömrünüzdən mənə bağışlayın.
– Buyurun.
Onlar müdirin kabinetinə girdilər. Paşa dalınca qapını bərk örtdü.
– Yoxsa şikayətdir?
– Xeyr, xeyr. Mənim şikayətlə aram yoxdur. Sözüm olanda hamısını iclasda deyib ürəyimi boşaldıram. Xeyirli bir təklifim var. Onu deməyə gəlmişdim.
– Gəl otur görüm. Axı bu işlərdən mənim də bir az başım çıxır.
– Bu daha yaxşı. Təklifim xoşunuza gəlsə, mənə kömək edərsiniz.
– Buyur, buyur.
Paşa müdirin yerində oturdu. Dadaşlı yaylıqla üz-gözünün tozunu silib, Paşanın yanında divara söykəndi.
– Hə, yaxşı yadıma düşdü. Bir qədər səbir elə, – deyə Paşa Laləyə zəng elədi: – Əvvəla salam, Lalə xanım. Çox sağ olun, çox razıyam. Yeni vəzifəm mənə düşmədi. Buralara ayaq basanda, sizin trestdə yıxılan bir vışkaya rast gəldim. Xəbəriniz var? O briqadaya kömək eləmək olmaz? Hımm... Siz eləmi güman edirsiniz? Amma mən orada Səməndər adlı bir oğlan gördüm, hamısı elə olsa, siz deyəndir, doğrudan da dikəldəcəklər. Yaxşı, gözləyək, – Paşa dəstəyi yerinə qoyub Dadaşlıdan soruşdu: – Onları tanıyırsan?
– Bəli, hamısı bizim komsomolçulardır. Amma çətin ağlım kəsir o buruqdan bir şey çıxa. Bütün avadanlığı korlanıb
Aralığa sükut çökdü. Eşikdən küləyin yalquzaq kimi ulayan səsi gəldi.
– Hə, indi danış görüm, – deyə Paşa, müsahibini oturmağa dəvət elədi.
– Belədir, yoldaş İsgəndərzadə, – deyə Dadaşlı düz onun qabağında oturdu. – Özünüz bilirsiniz ki, mən neftçıxarma ustasıyam. Briqadamda iyirmi bir nəfər adam işləyir. Hamımız otuz quyuya cavabdehik. Bu yaxınlarda mənim briqadama iki buruq da verilib. Onları da əsaslı təmir eləyib işə salmışıq. Amma bu buruqlar təmirdən qabaq nə qədər neft verirdirsə, indi də bir o qədər verir. Deməli, bu təmiratın nə xeyri oldu?
Paşa Dadaşlının sözünü kəsdi:
– Necə məgər? Xeyri o oldu ki, quyular uzun müddət normal işləyəcək, sıradan çıxmayacaq.
– Xeyr, bu azdır. Təmirat gərək məhsulun qədərini də artırsın.
– Məsələn, necə?
– Mən bizə yeni verilən bu iki buruğun tərcümeyi-halını ətraflı öyrənmişəm və bu qərara gəlmişəm ki, onların hərəsi yeddi ton yox, bəlkə on, on beş ton verə bilər. Bəs niyə az verir? Çünki təmirat yaxşı aparılmayıb. Əsaslı təmir briqadası işini başdansovma görüb, məsuliyyətsizliyə yol verib. Belə getsə, həmişə də belə olacaq, çünki o, məhsulun qədərinə də, keyfiyyətinə də cavab vermir.
Paşa, Dadaşlının dərin bir inamla dediyi bu sözlərdən sonra daha çox maraqlanmağa başladı və tələsik xəbər aldı:
– Yaxşı, bəs sən nə təklif edirsən?
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...
Bahar sularıI**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.
QayıtmadıI**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.