Səhifə 7 / 12 · 50%

– Ay usta ey, ömrümdə səndən bir yaxşı söz eşidəcəyəm, ya yox?

Ramazan onun nəyə işarə elədiyini bilirdi. Doğrudan da qoca onu bir dəfə də tərifləməmişdi. Amma indi gülə-gülə dedi:

– Daha sənlə barışacağam. Sağ ol!

Kapitanın atdığı uzun konserv qutusu buruğa çatmamış suya düşdü. Kəndiri geri çəkəndə qutunun üstündəki kağız havada qanad çalırdı.

Vasilyev kapitanın yorulduğunu hiss edib:

– Abasqulu! – dedi, bir az dincəl! Qolun yorulub, dincəl, hayıf eləmə yeməyi!..

Bu halda mədəni budkadan Lətifənin çığırtısı eşidildi. Hamı dönüb o tərəfə baxdı.

– Yanğın! Yanğın! – deyə qışqıran qız, körpü ilə bəriyə tərəf yüyürdü.

Yenə aclıq, susuzluq hamının yadından çıxdı. Cavanlar budkaya doğru yüyürüşdülər. Lətifə onları görüb dayandı və əlilə budkanı göstərdi.

Bir an belə keçməmiş onlar yanğın yerinə çatdılar.

– Nədən olub? – deyə Vasilyev Lətifədən soruşdu.

– Bilmirəm. Elektrik məftili yandı. Mən radionu qururdum, bir də onu gördüm ki, budkanı alov bürüdü.

– Uşaqlar, qalmaqalsız, tez su gətirin!.. – deyə Vasilyev ora-bura vurnuxan Cəmillə Tahiri sakitliyə çağırdı. Tahir, Vasilyevi belə təəccübə gətirən bir cəldlik və məharətlə divardakı əmniyyət cihazını burub elektrik qüvvəsini kəsdi. Montyorluq dərsi ilk dəfə onun üzünü belə ağartdı! Sonra o, ildırım sürətilə vedrəni götürüb özünü içəri saldı. Alovun dilləri ona tərəf uzanır, yaxın düşməyə qoymurdu. O, suyu qaldırıb yanan yerə səpələdi. Bir neçə an budkanı tüstü bürüdüsə də, alov yenə də kəsilmədi. Tahir eşiyə yüyürdü və vedrəni kəndirə bağlayıb dənizə saldı. O qayıdana kimi Cəmil divardan asılmış yanğın qutusunu götürüb açdı, onun içindəki torpağı alovun üstünə atdı. Tahir əlindəki vedrəni boşaldıb yenə qayıtmaq istərkən Vasilyevin qışğırığını eşitdi:

– Qız, getmə!

Lətifə özünü alova vurub radio cihazını çıxarmaq istəyir, lakin Vasilyev onun ətəyindən yapışıb buraxmırdı. Bunu görən Tahir, bir də geri qayıdanda, suyu boşaldıb vedrəni kənara tulladı və özünü alovun içinə atdı.

– Tahir, qayıt!.. – deyə Vasilyev onu da geri çağırdı.

Lakin Tahir onun sözünə baxmayıb, odun, tüstünün içində radio cihazını axtarmağa başladı. Birdən o, üstünə su calandığını hiss edib, diksinən kimi oldu, amma yenə də axtarıb nəhayət cihazı tapdı.

Bu dəmdə yüyürə-yüyürə su daşıyan Lətifənin nələr düşündüyünü təsvir etmək çətindir. Yalnız bunu demək mümkündür ki, o, Tahirin alov içərisinə şığıdığını görəndə, ürəyinin yerindən qopduğunu hiss edir, vedrə ilə qayıdanda qorxu və həyəcandan böyümüş gözlərini bir an belə Tahirin atıldığı nöqtədən çəkmir, özü irəliyə sıçrayıb onu qurtarmaq istəyir: “Yandı, yandı!” deyib ah-uf edirdi.

Birdən hamı əlində radio cihazı tutmuş, üz-gözü pörtmüş Tahiri gördü. Onun paltarı tüstülənirdi. Alnından, yanaqlarından tər damcıları axır, tüstüdən yaşarmış gözləri parıldayırdı. Cəmil vedrə dolu suyu onun üstünə töküb, paltarının yanan yerlərini söndürdü.

Nəhayət cavanlar cərgəyə düzülüb vedrəni əldən-ələ verir, elə sürətlə işləyirdilər ki, yanan yerə yaxın durmuş Vasilyev, get-gedə alovun azaldığını görür, cavanları yenə tələsdirir, özü isə suyu hər dəfə lap dibə atırdı.

On dəqiqə belə keçməmiş alov kəsildi. Qapqara və acı bir tüstü budkanı bürüdü.

– Yenə su!.. – deyə Vasilyev dolu gələn vedrəni götürüb özünü içəri saldı və hələ də işıldayan nöqtələrə su səpməyə başladı.

İndi hamı tərini silir, yenə də bütün gücü ilə vıyıldayan küləyin qarşısında üşüdüklərini hiss edir, elə bil nədənsə çəkinib dinmirdilər.

Vasilyev Lətifəyə üz tutdu:

– Qız, sən bu budkanı kağız-kuğuzla nahaq bəzəmisən, – dedi, – bir az da gec gəlsəydik, anan bizi Bakıdan sürgün elətdirərdi.

Lətifə dinmədi: alovun belə tez qalxmağı təkcə küləkdən deyil, həm də divarlara yapışdırılmış qəzet və portretlərdəndi.

– Hə indi yemək bizə halaldır! – deyə Vasilyev gülümsədi, – gedək, uşaqlar.

Budkadan hələ də arxayın olmayan Lətifə, diqqətlə içəri boylandı. Tahir ona:

– Daha qorxma, – dedi, – hər yer sönüb.

Doğrudan da bir azdan tüstü seyrəkləşdi və yanıb qaralmış döşəmə göründü. Hamı içəri girdi. Tahir radio cihazını gətirib yerinə qoydu. Sonra mənalı bir tərzdə Lətifənin üzünə baxdı:

– Bu saat məftili də düzəldərik, şəhərdən bizə şad xəbərlər tutarsan!

Onlar Lətifəni də aparıb buruğa sarı getdilər. Usta uzaqdan-uzağa yanğınla vuruşanlara baxır, yenə də quyudan ayrılmırdı: “Vasilyev oradadır, nə lazımsa eləyər” deyə düşünürdü.

– Nədən olub?

– Məftillərin hamısı köhnədir, – deyə Vasilyev cavab verdi və ustadan aralanıb “Çapayev”in kapitanını səslədi: – Abasqulu, qayıtma, bir az gözlə, bəlkə dəniz sakitləşdi. Ona etibar yoxdur.

Bu barədə kapitan çoxdan fikirləşmişdi. O, möhkəm dincəlib, sonra geri qayıdacaqdı. Köməkçisi ilə yanaşı oturub, qara çörəklə ət konservi yeyirdi. Bu qədər yorğunluqdan və aclıqdan sonra, yeyilən hər bir loxmanın özgə dadı vardı. Bir az bundan əvvəl qaş-qabağı yer süpürən adamları indi tanımaq çətin idi. Ramazan, öz istəkli balalarını süfrə başına yığıb yemləyən mehriban bir ana kimi, qayğıkeş və səmimi idi. O da yeyirdi, amma özündən çox balalarını yedirirdi.

6

Atasının dəniz buruğuna sağ-salamat gedib-çıxmağından xəbər tutan Paşa, sevincək halda Nailə ilə anasına cəbhədə gördüyü maraqlı hadisələrdən danışan zaman, onu telefonla şəhər partiya komitəsinə çağırdılar. O özü də, ailə üzvləri də bunun səbəbini bilirdi: Paşa, işsiz gəzməkdən artıq yorulub on-on beş günlük istirahətdən sonra yenə köhnə vəzifəsinə qayıtmaq haqqında ərizə vermişdi.

Onu şəhər komitəsinin ikinci katibi qəbul elədi və Aslanovun təklifini ona çatdırdı:

– Məsləhətimiz belə oldu ki, siz burada, aparatda çalışın.

Paşa hansı sahədə işləyəcəyi ilə maraqlandı:

– Mənim vəzifəm nədən ibarət olacaq?

– Sizi hələlik şəhər komitəsinin şöbə müdiri təyin eləmək fikrindəyik. Müharibədən əvvəl, gərək ki, raykomda propaqandist işləyirdiniz, deyilmi?

– Bəli. Elə indi də bu sahədə işləmək arzusundayam. Doğrusu, mədənlərdə fəhlələr arasında çalışmağa əvvəldən həvəsim var. Bir-birimizi tez başa düşürük.

– Bu daha gözəl. Bizə də belə yoldaşlar lazımdır. O gün neftçilərin müşavirəsinə gəlmişdinizmi?

– Xeyr, məni çağırmamışdılar. Ancaq atamdan soruşdum, o mənə hər şeyi ətraflı danışdı.

– Deməli, siz Bakı partiya təşkilatının yaxın vəzifələrindən xəbərdarsınız. Aslan Teymuroviçin fikri budur ki, aparata, müharibə alovlarında bərkimiş yoldaşlardan mümkün qədər çox cəlb olunsun. Çünki, təsərrüfatın hər sahəsində olduğu kimi, neft cəbhəsində və səfərbərlik əhvali-ruhiyyəsini birə on yüksəltmək lazım gələcək.

Lakin Paşa yenə də köhnə işinə qayıtmaq fikrindən əl çəkə bilmirdi. Onun rəyincə, öz səviyyəsinə nisbətən yüksək vəzifə tutmaqdansa, yaxşı bacardığı işə getmək hər halda daha faydalı idi.

– Bilirsinizmi, – dedi, – əlbəttə, mən Aslanov yoldaşın da, sizin də etimadınıza qarşı təşəkkür edirəm. Ancaq... – Paşa tərəddüd içində bir neçə an duruxdu. – Ancaq, doğrusu, mən bu vəzifəyə özümü layiq görmürəm. Axı mən...

– Siz təvazökarlıq edirsiniz, – deyə katib ciddiyyətini pozmadan onun sözünü kəsdi. – Heç bir kəs anasının qarnında öyrənmir. Gələrsiniz, işin səciyyəsilə yaxından tanış olarsınız. Biz hər zaman sizə kömək edəcəyik.

Paşa yenə qərarından dönmədi:

– Hər halda sizdən xahişim budur ki, Aslanov yoldaşa mənim arzumu söyləyəsiniz.

Katib, Paşanın bu hərəkətindən narazı qalsa da, onun xahişini Aslanova yetirmək üçün, hökumət telefonunun dəstəyini götürüb, nömrəni yığdı:

– Yoldaş Aslanov, – dedi, – Paşa İsgəndərzadə ilə danışdım. Bəli, yanımdadır. Xeyr. yenə köhnə işində çalışmaq fikrindədir. Baş üstə! – Katib dəstəyi yerindən asdı. Stolun üstündəki iş qovluğunu götürüb ayağa qalxdı: – Bizi yanına çağırır, gedək.

Paşa həyəcanlanmağa başladı.

– Yaxşı, mən ona nə deyim?

– Burada nə dedinizsə onu.

Paşa yavaşca addımlarla yuxarıkı mərtəbəyə qalxana qədər, Aslanovun yanında əlavə nə kimi dəlillər gətirəcəyini düşündü: “Aşağı partiya aparatında da bacarıqlı işçilər lazımdır. Orada özümü göstərəbilsəm, sonra yenə irəli çəkərsiniz. Çoxdandır partiya işindən ayrılmışam. Qorxuram sizə az xeyrim dəysin”

Paşa ikinci katiblə bərabər Aslanovun kabinetinə girəndə, əvvəlki dəlilləri də, pilləkəndə düşündükləri də tamam yadından çıxdı. Aslanov onun yeganə, sağ əlini bərk-bərk sıxıb, gülə-gülə dedi:

– Hə, cəbhə səni bərk yorub? Rahat bucaq axtarırsan? Otur, otur!

– Xeyr, yoldaş Aslanov. İş az olanda ürəyim darıxır.

– Bəs niyə məsləhətimiz xoşuna gəlmir?

Paşa yalnız indi, aşağıdakı mərtəbədə düşündüklərini xatırlaya bildisə də Aslanovun qüvvət təlqin edən aydın baxışlarından, nə isə, qorxmuş kimi, bu xüsusda bir kəlmə belə danışmaq istəmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 dəq
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 dəq
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 dəq
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 dəq

Başqa şairlərin şeirləri