Üçüncü fəsil
Səhifə 6 / 8 · 63%
– Ay arvad, tez ol, Kərimin də payını çək! – dedi.
Qonaq əsasını qapı yanında divara söykəyib, Nisa ilə ikiəlli görüşdü. Onun gəlişindən qarı da əri kimi sevinərək, tez-tələsik boşqab çıxartdı, Kərim kişiyə də pay çəkdi.
Tahir qonağa altdan-altdan diqqətlə nəzər saldı. Ustanın belə ehtiramla qarşıladığı adam, onun fikrincə son dərəcə əziz, nüfuzlu və çoxdan gözlənilən bir qonaq olmalı idi. Ərlə-arvadın üzündəki mehriban təbəssüm də, qonağın dərin qırışlarla örtülmüş simasına dikilən gülümsər gözlər də Tahirin bu ehtimalını təsdiq edirdi. Ev sahiblərinin bu hörmət və qayğısından qocanın da həyəcanlandığı hiss olunurdu. Onun iri əlləri titrəyir, deyəsən təşəkkürünü bildirməyə belə söz tapa bilmirdi. Boz parusindən köynək və şalvar geymiş bu qocanın gündüz işığında parıldayan gözləri, ən çox da bu gözlərin canlı və iti baxışları Tahirə tanış göründü: “Bu kişini haradansa tanıyıram” deyə sürətlə xəyalından keçirdi.
Ramazanla yanaşı oturan qonağın qarşısındakı dolu boşqab buğlanırdı. Ancaq o, nədənsə, xörəyə deyil, gah Nisaya, gah da Ramazana baxıb gülümsəyə-gülümsəyə başını qaldırıb – salırdı. Bu anda Ramazan qaşığı əlinə alıb, bir müddət havada tərpədə-tərpədə Tahirə üz tutdu:
– Oğlum, bax bu Kərimi görürsən? Mənim köhnə dostumdur. Yaxşı günün yox, yaman günün dostudur! Mənə çox köməyi dəyib. Yaxşı deyiblər ki, hər şeyin təzəsi, dostun köhnəsi... O vaxtlar sən hələ anadan olmamışdın. Bakının üstünə bir yandan osmanlı qoşunu hücum çəkirdi, bir yandan da ingilis dişini qıcamışdı... Əşi, bu nöyütün başında çox bəlalar var. Yaxşı yadımdadır, eser köpəyuşağı başlamışdı ki, bizi qurtarsa, ingilis qurtaracaq... Onda bax, bu gözünə döndüyüm Kərim qolunu çırmayıb düşdü ortalığa, nə yemisən turşulu aş, əz ki əzəsən o eser köpəyoğlunu... Gərək ki, onun çeşməyi də vardı, mazutlu palçığa düşdü, ha çalışdısa tapa bilmədi... O gündən sonra daha onlardan modənə gəlib baş-beynimizi tökən olmadı...
“Hə tanıdım, tanıdım, mən Bakıya gələn axşamı tramvayda gördüyümüz kişidir” deyə Tahir sevinclə düşündü və qaşıq əlində donub qaldı.
Qonaq da yeməyə başladı, amma dostunun dedikləri onu bozbaşdan daha çox maraqlandırırdı:
– Hə, hə, – deyirdi. – Gəncənin qoçuları da hamıdan çox canfəşanlıq eləyirdi. Bir cavan uşağı tutub asmışdılar... – Kərim kişi yanıqlı-yanıqlı köksünü ötürdü. Daşnaqlar cəbhəni boşaltmasaydılar, onları Bakıya yaxın qoymazdıq. Amma neyləyəsən, ingilislə şərt bağlayıbmış, fikri o imiş ki, Bakını versin güdaza... Necə də ki, verdi...
Tahir hiss elədi ki, bu mövzudan danışanda, qocaların hər ikisi həm kədərlənir, həm də ruhlanır, onların həyatında çox şərəfli saydıqları səhifələr bir-bir vərəqlənir, Ramazan da, Kərim də Bakının ən ağır günlərində meydandan çəkilmədikləri ilə fəxr edirlər.
– Ay kişi, bu səndə nə xasiyyətdir, qoysana kişi xörəyi yeyə... – deyə Nisa qarı ərinə acıqlı-acıqlı baxdı. Amma Tahir üçün belə danışıqlar öz-özlüyündə də maraqlı idi. Siyasi məşğələlərdə keçdiyi dərslər indi ona birdən-birə aydın olur, Bakının çəkdiyi bəlalar bütün canlılığı ilə onun zehnində nəqş bağlayırdı.
– Həmin bu Kərim ilə bir cərgədə hücum eləyirdik. Gördüm ki, yox, qılçamın birini sürüyüb apara bilmirəm... Məndən Kərim soruşdu: “Bəlkə yaralanmısan?” Deyirəm “yox, deyəsən yorulmuşam”. Bir az keçir, görürəm yox qılçamdan qan fışqırır... Bax, mən onda gördüm Kərimi, məni çiynində düz bir verst apardı...
Bozbaşı yeyib qurtarandan sonra söhbət başqa bir istiqamət aldı:
– Bu zaman haradan belə, Kərim? – deyə Ramazan soruşdu.
– Xanların qəbrinə getmişdim. Sağ olsunlar, yaxşı düzəldiblər. Fəhlənin qanı nahaq yerə axmayıb... gələndə uzaqdan dəniz buruqlarına göz qoyurdum... Bu güc ki, bizimkilərdə var, öləndə “uf” deməyəcəyəm... Kommunizmi quracaqlar... Amma, Ramazan, hayıf, hayıf bu qocalıq məni lap nakişi elədi... Yoxsa, vallah, mən də taydantuşdan geri qalmazdım...
Qonaq köksünü necə dərindən ötürdüsə, Tahir onun ah çəkdiyini güman elədi. Onun ürəyindən qopub gələn təəssüf, Ramazanı da ömrünün sona yaxınlaşdığını xatırlatdı. Onların arzusu – öz əllərilə çoxdan bəri qurduqları möhtəşəm sarayı görmək, doyunca sevinmək, bu dünyadan kam alıb, sonra ölmək idi.
Yekə saat Ramazanın qabarlı əlində göründü:
– Tahir, oğlum, – dedi, – get dincəl, iki saatdan sonra gecə növbəsinə yola düşəcəyik... Sözümüz sözdür, yox?
Tahir bu dəfə həm ucadan, həm də qəti cavab verdi:
– Bəli, usta, – dedi, – sözündən dönən namərddir!..
4
Qüdrət İsmayılzadənin anası Tükəzban qarı, nəvəsi Şirmayıya qəribə nağıllar söyləyirdi. Usta Ramazan bir cümlə ilə danışdığı əhvalatı o bir günə də deyib qurtara bilmirdi. Əslinə baxsan, onun nağıl deməkdə xüsusi bir məharəti vardı. Lalə trestə gedəndən Şirmayı evdə həmişə Tükəzbanın ümidinə qalırdı. Qızcığaz gündüzlər dərsə gedib-gələr, axşamlar isə sabahkı dərslərini hazırladıqdan sonra nənəsinin nağıllarına qulaq asardı.
Tahirlə usta Ramazan axşam növbəsinə yola düşəndən sonra, Tükəzban qarı, köhnə rəfiqəsi Nisanın yanına gəlmişdi. Əri Salman kişi ilə Ramazan kimi, o da cavanlıqdan Nisa ilə yaxın dost idi. Ərinin əhvalatını xatırlayanda, ikisi də səssizcə ağladı. Onlar hər dəfə görüşəndə keçmişlərdən söhbət açardılar. Həmişə də qəhərlənib ağlayardılar. Deyirlər ki, yaman günün dostlarını qılınc da bir-birindən ayıra bilməz. Bu ifadəni elə bil Nisa ilə Tükəzbanın dostluqdakı sədaqətinə baxıb yaratmışdılar. Onlar az-az görüşərdilər, ancaq söhbətləri uzun çəkərdi.
Bu gün də belə oldu. Ramazandan danışdılar, Qüdrətdən söz saldılar. Gəlinlərin vəfasından, nəvələrin mehribanlığından, ən axırda da zəmanədən danışıb ayrıldılar.
Tükəzban qarı evə qayıdanda Şirmayını yemək otağında tək görüb, əlini dizinə çırpdı:
– Bıy, başıma xeyir, anan hanı?
– İşə getdi, ay nənə...
– Gör başım sözə-söhbətə nə təhər qarışıb ki, bir də ayılanda görmüşəm qaranlıq düşüb...
Şirmayı, adəti üzrə, divanda oturub bardaş quran nənəsinin yanına yüyürər, başını onun dizi üstə qoyub, söylədiyi maraqlı nağılları dinlərdi.
– Ay nənə, anam dedi ki, bu axşam bir az gec gələcəyəm.
– Niyə ki?
– Trestdə iclası var. İstəyirsən, zəng eləyib soruşum.
– Yox, ömrüm-günüm, vaxtını alma.
Şirmayı yenə qarının böyründə uzanıb başını onun dizi üstə qoydu:
– Anam dedi ki, bu axşam musiqi müəlliməsi gəlməyəcək... İndi bir nağıl yox, ikisini danış, yaxşımı?
– İstəyirsən, lap üçünü danışım. – Tükəzban qarı duruxdu. – Hansını istəyirsən?
– Təzəsini, təzəsini!..
– Təzəsi qalıbmı ki?
Uzun bir sükut oldu. Doğrudan da Tükəzban bildiyi nağılların hamısını danışıb qurtarmışdı. Son vaxtlarda öz gözü ilə gördüyü hadisələri də nağıl adı ilə söyləməyə başlamışdı. Ancaq bunu Şirmayı hiss edə bilmirdi. Onun ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı.
– Ay nənə, – deyə o, qarının qucağına daha da bərk qısıldı, – qoy nağıl uzun olsun, tez qurtarmasın.
Tükəzban fikirləşdi, təzə bir nağıl da danışdı:
– Seyran adlı bir cavan oğlan vardı, qızım... – O, nəvəsinin qıvrım tellərini sığallaya-sığallaya sözə başladı. – Atadan yetim qalmışdı. Kənddən Bakıya gəldi, fəhləliyə girdi. O zamanlar adamın ürəyi açılmır, üzü gülmürdü. Seyran da belə qəmgindi. Həmişə fikri-zikri kənddə idi. Orada anasını tək qoyub gəlmişdi. Puldan-paradan qazanıb onun yanına qayıtmaq istəyirdi. Ancaq bu mümkün olmurdu. Gecə-gündüz əlləşirdisə də, heç nə artıra bilmirdi, aldığı donluqla anası ilə özünü güclə dolandırırdı. Fəhlələrin çoxusu belə idi. Onda mədənlər qapqara cəhənnəmə oxşayırdı. Adamlar, elə bil, od-alov içində yanır, his olurdular. Seyran kəndə qayıtmaq istəyəndə yoldaşları ona dedi: “Hara gedirsən? Bizim üçün yer birdir. Kənd şəhərdən betərdir”.
Onlar çox fikirləşdilər, ancaq pis dolanmaqlarının səbəbini tapa bilmədilər. Götürüb xozeyinlərinin əlindən padşaha şikayət yazdılar, yenə də bir fayda çıxmadı. Atalar demişkən, it-itin ayağını basmaz. Fəhlələr yenə cəhənnəm əzabından qurtarmadılar. Şikayət yazanları tutub qazamata saldılar.
Günlərin birində Bakıya hardansa igid bir cavan gəlib çıxdı.
Cavan bütün fəhlələrin dostu idi. O dedi:
– Əgər belə getsə, bu dünyada lap o günün işığına da həsrət qalacaqsınız. Dünyada əlsiz-ayaqsız adamların payını həmişə it qapar.
Seyran da onun sözlərini eşitdi. Cavandan soruşdu:
– Neyləyək?
Cavan dedi:
– Birləşək, sözü bir yerə qoyaq. Onda heç kəs bizə batammaz.
O gündən Seyranın yoldaşları and içib əhd elədilər ki: “Ölsək də, qalsaq da birik”.
Tükəzban yenə qızcığazın saçlarını oxşadı:
– Seyran onunla yaxın dost oldu. O nə desəydi, hamı qulaq asırdı. Ancaq fəhlələrin düşməni də çox idi, qızım... O cavanın Bakıya gəlməyindən xəbər tutmuşdular. Sən görməmisən, o vaxtlar jandarmlar vardı. Kim padşahın pisliyinə bir dil tərpətsə, o saat tutub qazamata salırdılar. Hardansa gələn cavanı da hey axtardılar. Amma fəhlələr onu ələ vermədilər. O, hər gün bir evdə gecələyirdi. Fəhlələrin hamısı onun xətrini istəyirdi. Öz ölümlərinə razı olardılar, ancaq onun tutulmağına yox. Axtardılar, axtardılar, yenə də tapa bilmədilər.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Başqa şairlərin şeirləri
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Nəbi XəzriyəHəyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni