Üçüncü fəsil
Səhifə 7 / 8 · 75%
Bu vaxt Seyran anasını, nişanlısını Bakıya gətirmək fikrinə düşdü. Yoldaşları köməkləşib ona bir balaca daxma düzəltdilər. Seyran kəndə qayıtdı. Ora çatanda xəbər tutdu ki, yazıq anası naxoşlayıb, sonra da Allah rəhmətinə gedib.
Seyran anasını çox istəyirdi. Onun ölümünü eşidəndə uşaq kimi hönkürüb ağladı. Anasının qəbri üstə getdi. Ancaq əlindən nə gələrdi? Olan olub, keçən keçmişdi. Anasının yasını saxlayıb, nişanlısı Cavahirə toy eləmədi, elə-belə götürüb Bakıya gətirdi.
Gün keçdi, ay dolandı, Seyranla yoldaşları bir də baydaq götürdülər, küçələrə çıxdılar. “Padşahı istəmirik” dedilər. Atlı kazaklar gəlib onları güllələbaran elədilər. Ölən öldü, qalanlardan çoxunu tutub qazamata saldılar.
Seyranı yaralı-yaralı tutdular. Hər gün onu çağırıb danışdırır, o igid cavanın yerini soruşurdular. Seyran ilqarına düz çıxıb yoldaşlarını satmadı. Onu gündə neçə kərrə döyüb incidirdilər, ancaq yenə də oğlanın yerini demirdi ki, demirdi. Axırda onu da, fəhlə yoldaşlarının bir neçəsini də Sibirə sürgün elədilər.
Şirmayı nənəsindən soruşdu:
– Bəs Leninin yanından gələn necə oldu?
– Sonralar onun da yerini öyrəndilər. Tutub qazamata saldılar...
Tükəzban nağılının bu yerinə çatanda dərindən köksünü ötürüb, sükuta qərq oldu. Əlini nəvəsinin saçlarında gəzdirib yenə sözünə davam etmək istərkən, qapının zəngi çalındı. Şirmayı yerindən sıçrayıb yüyürdü, tez qapını açdı. Gələn Lalə idi. Qızı onun qıçlarına sarıldı:
– Ana, – dedi, – nənəm elə yaxşı bir nağıl başlayıb ki...
Lalə gəlib koloğayısını başından açdı, bir tərəfə tulladı. Onun üstbaşı səliqəsizdi. Ancaq açıq qumral gözlərindən yorğunluq tökülürdü. Tiflisi və tumanı gil məhlulundan ləkə-ləkə olmuşdu.
– Bu nədir, ana? – Şirmayı onun üstündəki ləkələri göstərdi. – yenə fantan olub?
– İclas uzun çəkdi. Sonra buruğa getmişdim, qızım, bir balaca işləri korlamışdılar, – Lalə mətbəxə keçdi, əl-üzünü yuyub tez qayıtdı və paltarını dəyişdi. Tükəzban isə ayağa qalxıb, ona şam yeməyi hazırladı, çay qoydu. Qoca da olsa, ev işlərini özü görərdi. Qulluqçunun bişirdiyi xörəkləri yeyə bilmirdi. Hər şeydə öz səliqəsini görmək istəyirdi. Evin ən xırda işlərinə qarışmasaydı, ürəyi darıxardı. Oğlu da, gəlini də bunu bildikləri üçün, xətrinə dəyməzdilər. Ailədə çoxlarının qibtə etdiyi mehribanlığı da o yaratmışdı. Qayınanalardan danışılan lətifələr həmişə gəlini haqlı, onları isə haqsız qələmə verirlər. İsmayılzadənin ailəsində hələ belə söhbətlər olmamışdı. Ana evin baş hakimi idi. Burada hamı onun qanunlarına tabe idi. Qüdrət Laləni bəzən danlayan zaman, Tükəzban gəlinin tərəfini saxlar və beləliklə, çox vaxt gəlindən baş verən narazılığın qabağını alardı. O, təkcə, Qüdrətin deyil, bütün evin anası idi. Lalə də onun hörmətini saxlardı. Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdi. Lalə yalnız Şirmayının məktəb işlərinə qarışardı, vaxtı olanda dərslərini xəbər alar, hesab məsələlərinin həllinə kömək edərdi.
Tükəzban qarı çayı-çörəyi gətirib üzərindən göy örtüklü çilçıraq sallanan böyük yemək stolunun üstünə qoyanda, Lalə də özünü səliqəyə salıb gəldi. O, adəti üzrə qumral saçlarını geriyə daramış, boynunun ardında toplayıb, yarımdairəvi daraqla başına bənd eləmiş, üzü işıldamasın deyə azacıq pudralanmışdı. Geniş alnı, açıq qumral gözləri, ağ və hamar yanaqları indi artıq yorğunluq ifadə etmirdi.
– İşlərin necədir, qızım? – deyə Tükəzban əvvəlcə nəvəsinin, sonra da gəlinin boşqabına kələm dolması çəkdi. – Qüdrətdən bir yolluq əlimi üzmüşəm. Bir həftədir üzünə həsrət qalmışam. Bu gün onu görməmisən ki?
– Elə bu saat yanından gəlirəm. – Lalə xörəyini qabağına qoydu. – İşləri ağırdır, ana. Tresti çox geridə qalıb. Azı yarım il gərək qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra. Özgəsi korlayıb, ağırlıq Qüdrətin boynuna düşüb...
Gəlininin üz-gözündən xörəyi bəyənib-bəyənmədiyini oxumaq istəyən Tükəzban, Lalədən gözünü çəkməyib narazı halda başını buladı:
– Elə həmişə belə olub, qızım. Yaxşı işləməyin xeyri budur də... – Tükəzban ürəyində oğluna həddən artıq əziyyət verənləri yamanladı. – Anası ölmüş ev bilmir, eşik bilmir, təkdənbir gələndə də gözünə yuxu getmir.
Bütün uşaqlar kimi, Şirmayı da böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. Ancaq o, öz fikrini deməkdən çəkinirdi. Lalə onun belə işlərə qarışmasına razı olmurdu. Ona elə gəlirdi ki, qızı belə şeylər haqqında düşünərsə, dərslərinə ziyan toxuna bilər.
Ancaq bu dəfəki danışıq atasına aid olduğu üçün, Şirmayı Lalənin həmişəki öyüd-nəsihətini unudub, söhbətə qarışdı.
– Ana can, nə olar ki, atam yaxşı işlədiyinə görə belə edirlər də...
Lalə onun sözünü kəsdi:
– Dərsini hazırlamısan, ya yox? Çörəyini ye, get yat!
Böyüklərin söhbətini bütün təfərrüatına qədər dinləmək istəyən Şirmayı, yerində qurcalandı və püstə kimi xırdaca dodaqlarını büzüb mızıldandı.
– Axı nənəmin nağılı yarımçıq qalıb...
Lalə üzünə sərt bir ifadə verdi və bununla da qərarının qəti olduğunu qızına hiss etdirib dedi:
– Sabah danışar.
Lakin Şirmayı da sözün üstündə möhkəm durub inad göstərəndə, Lalə onun sabaha qədər səbr edə bilməyəcəyini görüb istər-istəməz gülümsədi və heç bir söz deməyib, xörəyini yeməklə məşğul oldu.
Tükəzban onlara çay verib, özü də bir stəkan içməkdə ikən, yenə qapının zəngi çalındı.
– Atamdır! – Şirmayı yüyürüb qapını açdı və doğrudan da Qüdrəti görərkən, əlini-əlinə vurub sevincdən atılıb düşdü. Ata üzünə günlərlə həsrət qalmış qızcığaz, həm o gəldiyi üçün, həm də Qüdrət Lalədən tez güzəştə gedib, onun gec yatmasına razı olduğu üçün bu qədər sevinirdi.
Qüdrət qızının boynunu qolu arasına aldı, ağır və yorğun halda gəlib oturdu. Şirmayı ondan üzülüşməyərək, dizləri arasında, ayaq üstə durub, həmişə onun tərəfini saxlayan atasına Lalədən şikayət etməyə hazırlaşdı.
– Nə var, nə yox, ana? – Qüdrət gülümsədisə də, yorğunluğunu gizlədə bilmədi. Yuxusuzluqdan gözlərinin altı kölgələnmişdi. Anası onun payını gətirməyə gedə-gedə söyləndi:
– Dava da qurtardı, ancaq səni yenə əlimizdən alıblar...
Qüdrət bu sözlərə də adəti üzrə qayğısız bir təbəssümlə cavab verdi:
– Mən təkcə sənin oğlun deyiləm, ana can! – dedi.
Bu halda Şirmayı fürsət tapıb, aralıqdakı qısa sükutdan məharətlə istifadə etdi:
– Ata can, bu gün məktəbdə Puşkinin tərcümeyi-halını oxuduq. O həmişə öz dayəsinin nağıllarına qulaq asarmış. Bəs niyə anam qoymur mən nənəmin nağıllarına qulaq asım?
Qüdrət ata qürurı ilə qızını bağrına basdı.
– İndi mən deyərəm, izin verər, qızım...
Tükəzban oğlunun xörəyini gətirdi, yenə də öz yerində oturdu. O, oğlu ilə gəlinini bir yerdə görəndə çox az danışar, yalnız zərurət hiss olunduqda öz fikrini söylərdi.
Şirmayı atasının vədindən cəsarətlənərək, əvvəlcə Tükəzbana, sonra da Laləyə baxdı və anasının da xətrinə dəyməmək üçün gülə-gülə inci dişlərini göstərib dedi:
– Nənə, mən yatmıram, nağılını axıracan danışarsan!
Qüdrət xörəyini yeməyə hazırlaşanda, Şirmayı atasının dizləri arasından çıxdı və stulunu nənəsinə yaxın çəkib oturdu.
Lalə də, Tükəzban da Qüdrətin bərk yorulduğunu hiss etdiyi üçün, heç biri onu söhbətə tutmaq istəmədi. Qüdrət xörəyini həris bir iştaha ilə cəld yeyib, üstündən də iki stəkan tünd çay içdi.
– Yaman yorulmuşam, – deyə yalnız indi etiraf edib ayağa qalxdı və iş otağına keçdi. Belə hallarda o yalnız gündəlik qəzetləri və bədii əsərləri oxuyardı. İxtisasına dair məcmuə və kitablara daha müvafiq vaxtını sərf edərdi. Geniş yazı stolunun üstündə kəşfiyyat məsələlərinə dair beş-altı qalın kitab vardı. Onların mühüm saydığı səhifələri arasına Qüdrət nazik kağızlar qoymuşdu. Boz mərmərdən qayrılmış yazı cihazının üstündə iti qəddənmiş rəngli qələmlər göründü.
– Şirmayı bəzən bu stolun dalında şəkil çəkdiyindən, rəsm dəftərini unudub, açıq halda burada qoymuşdur. Qüdrət onun çəkdiyi heyvan şəkillərinə baxa-baxa dəftərin böyründən on gün əvvəl yarımçıq qoyub getdiyi “Obsolyut axtarışı” əsərini götürüb açdı, yazı stolunun qarşısındakı kresloda oturub mabədini oxumağa başladı.
Böyük fransız ədibinin lövhələrindəki məna onun bədii zövqünə çox yaxındı. Lap gənc ikən macəra romanlarına böyük həvəsi vardısa da, həyatın sərt üzünü görəndən sonra, oxuduğu şeylərdən az şey öyrəndiyini gec başa düşdüyünə təəssüf edirdi. O, Valtasarın faciəsini oxuyarkən, ixtira ehtirası ilə alışıb – yanan bu insanın öz doğma qızı qarşısında qızıl üçün (Qüdrət “lənətə gəlsin bu qızılı!” deyə həyəcanla düşündü) yalvardığı səhnə onu sarsıtdı. O, gözlərini yumdu və payızın ilıq havasında bədənini üşütmə bürüdü: “Əgər bizdə belə olsaydı, adamın ürəyi partlardı. Çünki bizdə belə bir etiqad yaranmışdır ki, elm insanı yüksəltməli, qanadlandırmalıdır. Alimin qəlbindəki böyük arzular həqiqətə çevriləndə yalnız xalqı deyil, onun özünü də mənəvi cəhətdən ruhlandırmalı, öz yaratdıqlarına qarşı onda saf bir iftixar hissi oyatmalıdır”.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Başqa şairlərin şeirləri
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Nəbi XəzriyəHəyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni