Yeddinci fəsil
Səhifə 4 / 9 · 33%
– Bu trest səni qocaltmasa yaxşıdır, – dedi. – 155 nə haldadır?
– Vaxtından bir ay əvvəl qurtaracaq. Məni düşündürən o deyil. Adamların təşəbbüsünü boğurlar. Görünür bu gün qəti hücum başlanacaq.
– Necə məgər?
– İşə mane olan Mirzəyevdir. Mən onun haqqında nədənsə həmişə yaxşı fikirdə olmaq istəyirdim. Ancaq indi görürəm ki, bu fikrimi dəyişməyə məcburam. Deyəsən onu maraqlandıran iş deyil, öz hakimiyyətini mənə, sənə hiss etdirməkdir. Doğrusu, qət eləmişəm, bu gün üstüörtülü nə varsa açıb deyəcəyəm.
– Ona haqq versələr?
– Nə olar, olar! Bundan qorxsam, hər gün başıma qapaz dəyəcək. O namərd adamdır. Düzəlməz. Yaxşı, bunlar bir yana dursun, sən nə üçün qəmginsən?
– Dünən üç yerdə avariya olmuşdur. Səhərdən bəri adamları danlayırdım. Bəziləri elə güman eləyirlər ki, müharibə qurtardı, demək istirahət başlandı. Bax, Allah eləməsin, bu xəstə əhval-ruhiyyə başqalarına da sirayət eləsin...
– Düz deyirsən. Köhnə quyularda işləyən adamlar bu mərəzə daha tez tutulurlar. Bərk dayanmaq lazımdır... Bu gün qəzet oxumusanmı?
– Oxudum. Trumen korlayır. Hitler də belə başlamışdı...
Qüdrət əsnədi.
– Yorğunsan, Qüdrət. Get dincəl!
Qüdrət ayağa durub gəzinməyə başladı. Lalə qayıdıb yerində oturdu. O da yorğun idi. İki gündən bəri gecə saat dörddən tez evə gedə bilmirdi.
– Bu Dmitri harada qaldı? Mən gecikirəm.
– Zəng eləyim? – Lalə ərinin cavabını gözləmədən Minayevin ev nömrəsini yığdı. – Vera, hanı Dmitri? Çıxdı? Yaxşı, lazımdır. Gözləyirik.
Bu zaman doğrudan da Minayevin ayaq səsləri eşidildi. O içəri girəndə Qüdrət dedi:
– Əgər Aslanov razı olsa, özünü çağıraram, gəlib izah elərsən. Hər halda müəllifin özü əsərini daha yaxşı başa düşər... Konstruktor Talıbzadənin resenziyası hanı? Ona Aslanov çox inanır.
Minayev, layihəsini çəkdiyi qalın kağızlar arasında bircə səhifəsi yazılmış vərəqəni tapıb çıxardı. Burada qoca mühəndis Talıbzadə öz rəyini iki cümlə ilə ifadə eləmişdi “Dmitri Minayev yoldaşın ixtirası ilə tanış oldum. Məncə, bu konstruksiyanın böyük təcrübi əhəmiyyəti vardır”.
– Qoca çox sevindi. Hər dəfə ona rast gələndə məni elə həvəsləndirir ki... Köhnə zamanda oxuyasan, yeniliyi bu qədər sevəsən? Çox nadir keyfiyyətdir! Xülasə, qoca məni ürəkdən təbrik elədi. – Dmitri qalın kağızları açıb bir-bir Qüdrətə göstərdi. – Mən əminəm ki, nəticəsi məni utandırmayacaq.
Qüdrət saata baxdı. Qəbul vaxtına cəmisi on dəqiqə qalırdı:
– Mən getdim, – deyə o, tez kağızları səliqə ilə yığışdırıb çıxdı və maşına minib şəhər partiya komitəsinə yola düşdü.
4
Gənclərin müsamirəsi qurtarmaq üzrə idi. Lətifə, mühazirə söylənən zaman tutduğu yerdə Zivərlə yanaşı oturmuşdu. Qabaqdakı yemək stollarını eşiyə çıxarıb, səhnə əvəzinə açıq bir yer düzəltmişdilər. Lətifənin yaxşı tanıdığı konferansye cavan fəhlələrin özlərindən deyildi. O, həmişə rəngbərəng qalstuklar taxan, qara şalvarları çox ütüləməkdən işıldayan, uzunsov başının yan tərəfində qalmış seyrək saçlarını uzadıb, kəlləsinin ortasındakı dazın örtməyə çalışan, amma yenə də başının tüksüz yeri açıqda qalan gödək və şişman bir oğlandı. O, tamaşaçıları güldürmək üçün dediyi sözlərə hamıdan çox özü gülürdü.
O son nömrələrdən birini elan edib deyirdi:
– İndi də göydən toz, yerdən duman qaldıran bir oyun havası! – Cavan fəhlələrdən düzəlmiş sazəndələr dəstəsinə işarə vurdu. – Qaytağı!
Bu dəfə heç kəs onun sözlərinə gülmədi.
– Söz verilir Səməndərin qılçalarına!
Salondan gurultulu alqışlar qopdu. Konferansye özünə əl vurduqlarını düşünərək, dediyi sözlərin təsirindən razı qalıb güldü. Bu zaman Səməndər də səhnədə göründü. Salonda doğrudan da qəhqəhə səsləri ucaldı. Cavanlar konferansyenin gülməyinə gülürdülər.
Əvvəlcə yavaş çalınan hava get-gedə qızışdıqca, Səməndər, hamının xoşuna gələn bir məharətlə oynayıb səhnədən çəkiləndə, tamaşaçılar “bis, bis!..” deyə qışqırdılar. Konferansye yenə ortada göründü.
– Sakit olun, yoldaşlar, – dedi, – proqramımız çox duzludur. Var olsun aşpaz!
O, əlbəttə, özünün məharətini nəzərdə tuturdu. Lətifə, yarım saatdan bəri eşitdiyi bu çeynənmiş sözlərdən lap təngə gəlib Zivərə dedi:
– Bu əti tökülmüş haradan gəlib bura çıxıb.
– Oynayanlar, çalanlar yaxşıdır, amma konferansyenin talantı yadından çıxıb evlərində qalıb.
Bu anda Lətifənin heç gözləmədiyi bir nömrə elan olundu:
– Aşiqlər aşiqi Tahir Bayramlı oxuyacaq... – Konferansye duruxdu. – Özü deyər, nə oxuyacaq.
Tahiri yaxşı tanıyan dostları əl vurdular. Ancaq çoxları onu birinci dəfə dinlədikləri üçün sükut içində irəliyə, yan otaqdan bəriyə açılan qapıya sarı baxdılar. Tahir kənddən ilk dəfə gələrkən geyindiyi mixəyi paltarında idi. Saçlarını geriyə daramış, sazını yanından aşağı sallamışdı. Ortalığa gələndə məğrur bir görkəm aldı, müvəffəqiyyət qazanacağına əvvəldən möhkəm inanan artistlər kimi, əl vuranların azlığından narazı qalmadı.
Lətifə ixtiyarsız olaraq qaşlarını çatdı, tərifini eşitdiyi Tahirin mahnısını səbirsizliklə gözlədi. Müsamirənin son nömrəsində çıxan cavan aşığı tanımayanlardan bir neçəsi yerlərindən qalxıb qapıya sarı yönələndə, salondakı sükut pozuldu. Tahir bundan da tutulmadı. Elə bil onun qulaqları heç bir səs eşitmirdi.
Tahir sazını sinəsinə basdı. Onun barmaqları simlər üzərində oynarkən, Lətifənin gözləri yavaş-yavaş böyüməyə başladı, qaşlarının düyünü açıldı, dodaqları bir-birindən azacıq aralandı, Tahir, çaldığı havanın ahənginə uyaraq, yerindən ahəstə-ahəstə tərpənir, salondakıların başı üzərindən hara isə uzaqlara baxırdı. Birdən onun səsi də eşidirdi. Tahir ucadan oxuyurdu. Səsində təbii və ahəngdar bir titrəyiş vardı. Görünür salonda oturanların çoxluğu onu həyəcana gətirmişdi. Mahnının sözlərini aydın tələffüz edir, oxuyarkən də çalmağına ara vermirdi. Onun söylədiyi qoşmanı da, çaldığı havanı da Lətifə ilk dəfə eşidirdi.
– Bu sözlər kimindir? – deyə pıçıltı ilə Zivərdən soruşdu.
– Bilmirəm. Yəqin axırıncı bənddə müəllifin adı olar.
Tahir zildən vəsətə keçəndə bütün salon heyrət içində susmuşdu. Yalnız onu ilk dəfə eşidənlər deyil, Cəmil də, Biləndər də, gəlib qapı ağzında oturmuş Səməndər də bu mahnıya valeh olmuşdular. İndiyə kimi Tahirin belə gözəl oxuduğu onların yadına gəlmirdi. Səməndər bunun səbəbini yaxşı bilirdi. O, dodağını Biləndərin qulağına yaxınlaşdırdı:
– Bilirsən niyə belə qiyamət eləyir?
– Niyə?
– Lətifə buradadır axı...
Səməndər haqlı idi. Tahir Lətifənin əlindən yanıqlı olduğu üçün, dinləyənlər arasında gözlərilə onu axtarmadan bütün həyəcanını mahnı ilə ifadə edirdi.
– Axı bu sözlər kimindir? – deyə Lətifə bir də Zivərdən soruşdu.
– Bu saat deyər. Aha, özünündür!
Doğrudan da Tahir dostluqdan, vəfadan, məhəbbətdən bəhs edən bu gözəl qoşmanı özü söyləmişdi. Paşanın mühazirəsində eşitdiyi hekayələrdən, xüsusilə gənc qvardiyaçıların fədakar dostluğundan nə qədər müteəssir olduğu bu qoşmadan aydın görünürdü. Şerin məzmunu çox sadə idi: tufanlı dənizdə qərq olmaq təhlükəsi də üz versə, dost yolunda canını əsirgəmə, çünki bizim həyatımız bu dostluq üzərində yüksəlir!
Tahir qoşmanın son bəndini zilə çəkib oxumağına ara verəndə, salonda elə bil tufan qopdu. Hamı ondan bir də oxumağı xahiş elədi. Konferansye ortaya çıxıb mahnıya “duz” qatmağa belə ehtiyac görmədi.
Tahir yenə oxudu. Lətifə isə gözlərini ondan ayıra bilmirdi. Bəlkə qız, indiyə qədər hərdəmxəyal, mütərəddid və qeyri-ciddi bir uşaq hesab elədiyi Tahirin məharətinə vurulduğu üçün dünyada hər şeyi unutmuşdu? Bəlkə onun könlündə özü də hiss etmədən Tahirə qarşı dərin bir məhəbbət oyanmışdı? Lətifə, oxuduğu roman və dastanlardan bu məhəbbətin təxminən necə bir şey olduğunu bilirdi. O bilirdi ki, insanlar bu yolda hədsiz iztirablara məruz qalır, çox zaman ölüm qorxusunu belə unudub, hər növ çətinliyə sinə gərir, ən axırda isə həlak olub dünyadan gedirlər. Əvvəllər Lətifə bu cür hadisələrin yalnız köhnə zamanlarda baş verdiyini xəyal edirdi. Ona elə gəlirdi ki, indi belə iztirablara düçar olan yoxdur və ola da bilməz. Bəs öz ürəyində baş qaldıran bu hiss nə idi? Nə üçün indiyə kimi Tahirə qarşı bu qədər biganə olduğu halda, indi onun geriyə daranmış sərt saçları, geniş alnı, ilhamla dolmuş gözləri, azca qalın görünən dodaqları, titrəyən səsi, saz çalması, oxuması da onun varlığını ehtizaza gətirirdi? Bəlkə o, Tahiri yalnız indicə, mahnı oxuyan zaman tanımışdı?
Lətifə birdən anladı ki, yox, bu saat onda Tahirə qarşı oyanan bu meyl çoxdan, özü də ilk dəfə onu gördüyü dəqiqələrdən başlanmışdır. Görünür indiyə qədər özü bunu duymamış, bunun fərqinə varmamışdır.
Yenə alqış səsləri gurlayıb salonu titrətdi. Konferansye müsamirənin qurtardığını söylərkən, cavanlar elə bil onun acığına daha da bərkdən əl vurdular. Lakin Tahir bir daha səhnədə görünmədi. Alqışlar getdikcə azalıb, ən axırda kəsildi.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Başqa şairlərin şeirləri
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"