Səhifə 8 / 9 · 78%

– Yox, gil məhlulu zavodunun günahını yumaq lazım deyil. Oradakılar ümumən pis işləyirlər. Məhlulun keyfiyyətini yüksəltməyə az fikir verirlər. Yoxsa düz demirəm?

Aslanov sıravi fəhlələrlə söhbət eləməyə ehtiyac duyurdu. İki-üç gün idi ki, neftçilərin ümumi Bakı müşavirəsində çıxışa hazırlaşırdı. O, belə hallarda mədənləri daha çox gəzir, ayrı-ayrı briqadaların səsini eşitmək istəyirdi. İndi isə uzun söhbətə imkan yox idi. Hamı bərk məşğul idi. Bir də mexanizmlərin gurultusu onların danışığını aydın eşitməyə mane olurdu. Xüsusən Volkovun hər şeyi öz günahı kimi qələmə verdiyini görüb, ondan xeyirli bir məlumat ala bilməyəcəyini yəqin eləyəndən sonra hamı ilə salamatlaşdı, maşına minib o biri buruqlara sürdürdü və yalnız axşam saat on birdə evinə qayıtdı.

Küçə qapısından içəri girər-girməz, maşının qudok səsini tanıyıb qabağına yüyürən kiçik oğlu pilləkəndə onun dizlərinə sarıldı.

– Ata, – dedi, – axşamdan bəri fotoqraf səni gözləyir.

– Nə fotoqraf, oğlum?

– Özün deməmisən gəlsin.

Aslanov oğlu ilə bərabər qonaq otağına girdi. Bura çox sadəcə bəzənmiş bir salon idi. Baş tərəfdə yazı stolu vardı. Ortada böyük bir xalı salınmışdı. Aslanov içəri girəndə, kino çəkən aparatı döşəməyə qoyub, şabalıdı rəngli kürsüdə oturan qarayanız, saçlarını ortadan ayırmış, yoğun, gödək oğlan hörmətlə ayağa qalxaraq onu salamladı.

– Hə, bu nə aparatdır? – deyə Aslanov qonağa əl verib zarafatla soruşdu: – yoxsa mənim şəklimi tarix üçün yadigar qoymaq istəyirsən? Mən belə bilsəydim, “gəl” deməzdim. Axı sən kimdənsə mənə məktub gətirmişdin.

Kino operatoru gülümsədi:

– Məktub var. Burası doğrudur. Ancaq xasiyyətinizi bildiyim üçün ömrümdə birinci dəfə doğruya yalan qatdım.

– Məktub kimdəndir?

– Moskvadan. Mərkəzi kino-xronika studiyasından. Ümum İttifaq ekranı üçün bəzi adlı-sanlı yoldaşları çəkməliyik. – O, paketi Aslanova verdi, – Sizdən xahişləri budur ki, çəkilməyə razılıq verəsiniz.

Aslanov məktubu açıb oxudu və yenə paketə qoyub yazı stolunun üstünə atdı. – Mən sizə mövzu verirəm, – dedi. – Neftçilərimiz arasında çəkiləsi adamların sayı az deyil.

Operatorun qanı qaraldı:

– Hələlik icazə verin, sizi iş stolunuz arxasında heç olmasa bir-iki metr çəkim.

Aslanov əl hərəkətilə etiraz edib, yarı ciddi, yarı zarafat dedi:

– Yox, əzizim, mənim sifətim o qədər də fotogenik deyil.

Kiçik oğlu onun fikrini anlayıb, dodaqlarını büzdü. O özü foto şəkil çəkməyi sevdiyi kimi, çəkilməkdən də zövq alırdı.

– Ata, axı mən istəyirəm!

Aslanov oğlunun “əmrindən” boyun qaçıra bilmədi:

– Elə isə buyurun, yoldaş operator. Ümid edirəm ki, ikimiz bir yerdə çəkilsək, bizi ekranda göstərməzsiniz.

Operator hazırlıq görənə qədər, Aslanov yan otağa adlayıb, yorğunluğunu almaq üçün yuyundu, uzun ağ saçlarına daraq çəkdi və əllərində iki stəkan limonlu çay, geri qayıtdı.

– Buyurun, çay için, – deyə güclü işıq vermək üçün dəhlizdəki projektoru içəri sürüyüb gətirən kino operatorunu stola dəvət elədi.

Ata ilə oğul stolun dalında, söhbət əsnasında çəkildilər. Ancaq operator bununla kifayətlənmədi.

– Çox xahiş eləyirəm, təklikdə telefonla danışasınız.

Aslanov istər-istəməz dəstəyi götürdü:

– Poza üçün yox, doğrudan danışacağam, – deyə o, Azərneft birliyi rəisinin nömrəsini yığdı. – Danışan Aslanovdur. Müharibə çoxdan qurtarıb. Daha bəzi qaydaları dəyişmək pis olmaz. Məsələn, müharibə vaxtı məlum səbəbə görə dənizdəki qazıma briqadalarının toxunulmaz yemək ehtiyatını ləğv eləmişdik. Hər vaxtın öz qanunu var. Məncə, daha bu fondu bərpa eləyə bilərik. Bu barədə layihə düzəldin. Büroda baxıb qərar çıxaraq. Hə, bir də, Ramazanla bərabər qoca neft ustası Şapoşnikovu Sosialist Əməyi Qəhrəmanlığına namizəd vermək lazımdır. İnternasionalizmdən danışmaq azdır. O da sənin böyük ailənin yaxşı bir üzvüdür. Ögey-doğmalıq salmayın. Siyahınızda onun niyə adı yoxdur? Bu ay planı dolmayıb? Ay qurtarmamış hökm verməyə tələsməyin. Bir də, siz yəqin ki, onun əllinci il hesabına işlədiyini yaddan çıxarmısınız. Hələlik.

Aslanov kino operatorunun nəyi isə qurdalayıb düzəltməklə məşğul olduğunu və heç nə çəkə bilmədiyini görəndə elə bil sevindi:

– Gəlin, gəlin, çayınız soyuyur. Mənim əvəzimə Şapoşnikovu çəksəniz daha yaxşıdır.

Operator onun daha zarafat eləmədiyini anlayıb fikrindən daşındı, stola yanaşdı və Aslanovun göstərdiyi kürsüdə oturdu.

İstirahət saatlarında, başına gələn hadisələrdən danışmağı sevən Aslanov, bu dəfə bərk yorulduğu üçün yalnız çay içir və arabir operatora deyirdi:

– Şapoşnikovu indiyə qədər niyə çəkməmisiniz? Əlli illik neftçi stajı var. Məncə ona həm qəhrəman adı verilməli, həm də yubileyi keçirilməlidir.

Operator pərt idi. Aslanovu ayrılıqda çəkə bilmədiyindən, çay da boğazından ötmürdü. Vidalaşıb getməyə hazırlaşanda, katib onu başa saldı:

– Bilirsinizmi, əzizim, sizin sənətiniz gərək xalqı səfərbərliyə almaqda kömək eləsin. Xüsusilə indiki dövrdə. Məni ruhlandırmağa ehtiyac yoxdur. Lenti korlamaq nəyə lazım?

10

Bütün trest müdirləri kimi, Qüdrət də neftçilərin ümumi Bakı müşavirəsinə üç-dörd gündən çox hazırlaşmışdı. Onun tresti kəsirdən çıxdığı üçün, indi nisbətən az həyəcan keçirirdi: “Bu gün hər halda tərif edilənlərdən biri mən olacağam” deyə düşünürdü. Lakin fikri bu idi ki, o, ən çox, trestindəki nöqsanlardan danışsın.

Müşavirə, Bakının ən böyük tamaşa salonlarından birində – Mirzə Fətəli Axundov adına Dövlət Opera Teatrında çağırılmışdı. Buraya neft trestlərinin müdirləri, baş mühəndislər, baş geoloqlar, şöbə müdirləri, mədən müdirləri, əsaslı təmir idarələrinin kompressor təsərrüfatı şöbələri, neftayıran və maşınqayıran zavodların direktorları, neftçıxarma və buruq ustaları, Azərneft, Azərbaycan neft zavodları kəşfiyyat birliklərinin, Azərneftmaş trestinin, tikinti təşkilatlarının rəhbərləri gəldiklərindən, teatr yerləşən Nizami küçəsi növbənöv avtomaşınlarla dolmuşdu. Qüdrət mədənlərdən birində yeni istismara buraxılan təzə buruğa baş çəkməyə getdiyi üçün, demək olar ki, hamıdan sonra gəlmişdi. O, maşını kənarda saxlayıb teatr binasına doğru yönələndə, yaxşı tanıdığı raykom katiblərinə, ilk partiya təşkilatlarının katiblərinə rast gəldi və onlarla salamlaşıb, yenə çevik addımlarla yeriyərək içəri girdi. O, müşavirədə nədən danışacağını bir daha xəyalından keçirir və yadından çıxan nöqtələri xatırlamağa çalışırdı. Bütün trest illik planı doldursa da, o, öz işində əmələ gəlmiş bu dönüşü yalnız fərəhli bir başlanğıc adlandırırdı. Lakin Qüdrət heç bir şübhə etmirdi ki, Aslanov yoldaş onun adını daha, geridə qalanlar sırasında deyil, qabaqcıllar sırasında çəkəcək, həmişəki kimi, indi də onu başqalarına nümunə göstərəcək, bəlkə qüsurlarına toxunmayacaq: “Baxın, onun tresti iki-üç ay əvvəl hamıdan geri qaldığı halda, indi ən yaxşı trestlər sırasına keçmişdir” deyəcək. Amma Qüdrət foyeyə daxil olub, ətrafa göz gəzdirəndə, müşavirənin o qədər də təntənəli keçməyəcəyini dərhal hiss elədi. Belə hallarda Bakı neftçilərinin nailiyyətlərinə dair iri və zərli hərflərlə yazılmış şüarlar divarları bəzərdi. Bu gün isə tamaşa zalının girəcəyində, bütün divar boyu yalnız bircə şüar vardı: “Ölkəyə daha bol neft verək!”

Qüdrət içəri girdi. Yerlər çoxdan tutulmuşdu. O, son cərgələrin birində oturmuş Laləni görüb ona yanaşdı:

– Deyəsən sən də gecikmisən, arvad! – dedi, biz hamıdan dala qalmışıq.

Lalə ərinin üzünə zənlə baxdı:

– Bura yaxşıdır. Mən belə görürəm ki, bu zalda hər şey bir məqsəd üçün düzəlib.

– Nə məqsəd?

– Tənqid və özünütənqid! Bax, nə orkestr var, nə şüar var, nə də ki, prizidium stolunun qabağında gül-çiçək. Amma bir şeyi yaddan çıxarmayıblar. Salonu bərk radiolaşdırıblar. Harada otursaq, yaxşı eşidəcəyik.

Lalə haqlı idi. Aslanov səhnə arxasından öz yoldaşlarilə bərabər içəri girib, səhnədəki uzun prezidium stoluna yanaşanda, bütün salondan gurultulu alqışlar qopdusa da, şəhər komitəsi katibi narazı halda başını buladı, toplaşanları sakitliyə çağırdı və müşavirəni özü açıb, səbir və təmkinlə dedi:

– Mənə elə gəlir ki, vaxta qənaət etmək üçün, yığıncağımızı işgüzar bir tərzdə keçirsək yaxşıdır.

Lalə yenə də Qüdrətə baxdı:

– Gördün mən deyən oldu?

Doğrudan da Aslanov nitqini hamıya, o cümlədən Qüdrətlə Laləyə də təəccüblü görünən sərt bir üslubda başladı:

– Azərbaycan neft sənayesi bu ilin planını yarım ay vaxtından əvvəl yüz iki faiz doldurmuşdur. Bəzi yoldaşlara belə görünə bilər ki, həyəcan keçirməyə heç bir əsasımız yoxdur. Ancaq mən indidən xəbərdarlıq edirəm: bu müşavirəmizdə mənim dediyim “yüz iki faiz” sözlərdən başqa qeyri müvəffəqiyyət haqqında danışılmayacaq.

Aslanov qabağındakı mikrafonu ikiəlli tutub yerindən oynatdı və özünə yaxınlaşdırdı:

– Mənim dediklərimi yaxşı eşidirsinizmi, yoldaşlar?

Salondakılar “bəli, bəli!” deyə səsləndilər. Katib yenə eyni təmkinlə sözünə davam etdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 dəq
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 saat 10 dəq
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 saat 5 dəq
Üçüncü fəsil

1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.

49 dəq

Başqa şairlərin şeirləri