Bu görüş nə acı qismətmiş bizə,Elə bil bir kədər gölünə düşdük.Salamsız, kəlamsız durub üz-üzə,Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,Sən əzəl bu qədər kövrək deyildin.Sən əzəl bu qədər mehriban, həlim,Sən əzəl bu qədər qəşəng deyildin.

Hanı ömrümüzün o keçən günü,Hanı öz əhdinə dönük andım...Sənin «gəl barışaq» təbəssümünüMən o vaxt əl açan dilənçi sandım.

İndi dayanmışıq üz-üzə, yaxın:Təəssüf çay kimi axır aradan.Bəlkə də vədəsiz yaxın olmağınCazibə gücündən tez aşır adam.

Bir eşqin dolaşıb itən yolunaTutma çırağını bu aləmdə sən.Kaş elə məzara gedən yolumaGöy işıq olasan bu görkəmdə sən.

Bəlkə də yüz dəfə görüşdük belə,Yenə xatirələr, yenə təəssüf.Təəssüf, təəssüf, təəssüf iləQayıda bilməyən günə təəssüf!..

Dekabr, 1967

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri