Əzəmətli ağacdım, tufan kimi əsdilər,Bir gün məni kəsdilər.Apardılar, qopardım yanıq nalə, hay-haray,Qulaq asan olmadı, doğradılar laybalay.İş getdi üzərimdə.Bir gün eşitdin mənə əla masa deyirlər;Aldın, evinə gəldim oturdum öz yerimdə.Üstümdə o zamandan yaradırsan şeirlər.Sıxılıram, qələm al, meşədən bir əsər yaz,Yaz, xəbər ver nə sayaq ayaq tutub gəlir yaz,Oyanır qardaşlarım səhər, necə yuxudan,Heyvanlar ac gəzirmi ürkək-ürkək qorxudan,Əvvəlki tək yayırmı güllər çölə ətrini?Xeyli əziz tuturam talaların xətrini.Mən yarpaqlı olanda,Qol-budaqlı olandaGərək sən təbiətin qucağına gələydin,Kölgəmdə dincələydin.Gözəllər gül dərəndə çəməndən ətək-ətək,Təbiətin qoynuna sən də gələydin gərək;Köpüklü çay mənimlə danışanda gələydin,Gecələr ay mənimlə danışanda gələydin.Arasından şaxların duman, çən yeriyəndə,Göydə köçəri quşlar həzin nəğmə deyəndə,Eşidəydin onların dərdini, möhnətini;Dinləyəydin meşənin əsrarlı söhbətini.Sən o zaman gəlmədin,

Kölgəmdə dincəlmədin.Darıxıram indi çox, sıxır könlümü həsrət,Meşəni tərənnüm et!Ağaclar yellədirmi quşların yuvasını?Yaz, şerindən hiss edim meşənin havasını.Yaz, könlümə düşübdür yaşıl çöllər bayırlar;Bir meşə yaz ki orda ağac doğramayırlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar