Dünən bir məclisdə bir gürcü qızı ilə tanış oldum. Qızın danışığından və simasından görünürdü ki, bu qız elm və tərbiyə sahibidir. Söhbət arasında qızın yaxın rəfiqələrindən bir arvad ayın beşində “Vetsel” teatrında əcib tamaşa məclisi vaqe olacağını xəbər verib, əhli-məclisə təklif elədi ki, onunla bərabər getsinlər teatra. Söylədiyimiz qız razılıq edib, cavab verdi ki, mən bu təklifi qəbul edə bilməm. O səbəbə ki, bu günlərdə kəndimizdə bir arvad doğasıdır və mən əlbəttə, üç gündən sonra kəndimizdə olam. Çünki orada mamaça yoxdur.

Qızın bu söhbətini eşidəndən sonra mən dəxi güman elədim ki, bunun mamalıq elmində səriştəsi var. Bu mətləbi mən qızdan soruşdum. O, mənə cavab verdi ki, Tiflisdə mamalıq məktəbxanasında təhsil edib, bir neçə il bundan əqdəm mamalıq şəhadətnaməsi almışam.

Mənim ikinci bir sualıma qız cavab verdi ki, onunla bərabər doqquz nəfər gürcü qızı və bunlardan da artıq erməni və bunlardan da daha ziyadə rus qızları və bir neçə yəhudi qızı mamalıq təhsilini tamam edib, şəhadətnamə almışlar.

Mən soruşdum:

Bəs onların içində müsəlman qızı yoxdurmu?

Xanım – Xeyr, yoxdur – İndiyə qədər heç bir müsəlman qızı məktəbə əsla xadil olmamışdır.

Bu heyndə bir əhvalat yadıma düşdü: Bir neçə ay bundan əqdəm sakin olduğum “N” şəhrində bəyzadə tayfasından bir xanım mamaya möhtac oldu. İttifaqən həmən gün dövlət tərəfindən təyin olunmuş rus maması vəfat etdi. Çox xərc çəkib, nəhayət zəhmətlə özgə şəhərdən rus maması gətirdilər. Amma çe fayda? Var. Oluncaya qədər bizim qoçaq və cəsarətli yerli mamalarımız uşağı anasının qarnından cansız olaraq qopardılar, aldılar. Rus maması və həkimlər hamilə arvadın əhvalatını təhdid edəndən sonra belə məlum oldu ki, hamilənin vəzi-həml etmək vaxtı və saatı hələ yetişmədən, yəni uşağı müəyyən və az vaxtından otuz iki saat əvvəl və qol zoru ilə çəkib çıxardıblar. Və illa uşaq əbədən tələf olmazdı.

Nə qədər ki, bu növ müsibətlər avam camaatın içində ittifaq düşür. Neçə-neçə balaların vaxtsız ölməyinə bizim cahil mamaçasızlığın bərəkətindən ya zaye olurlar və yaxud cürbəcür təhlükəli və ölümcül mərəzlərə mübtəla olurlar. Söhbət düşəndə deyirlər ki, Allaha şükür, müsəlman qızları yavaş-yavaş oxumağa başlayıblar. Söyləyirlər ki, Tiflisdə Bakıda, Krım, Kazan və bəzi qeyri yerlərdə müsəlman qızlarından da elm və tərbiyə təhsil edənlər tapılar. Lakin biri-birimizə bu tövr təskinlik verə-verə biz məhz özümüzü aldadırız. O səbəb ki, bizim təhsil tapmış xanım qızlarımız öz təhsilləri və hüsnü-əxlaqları ilə tərbiyəsiz və elmsiz qızlardan seçilirlər. Vaqeən, harada və nə işdədirlər bizim “Obrazovanni” xanım qızlar?

Doğrudur, gah belində “korset” və başında şlyapa, üzüaçıq teatrda oturub durbin ilə tamaşagaha diqqət edirlər ya küçələrdə, soqatlarda kamali-təşəxxüs və əzəmətlə qədəmlərini ufaq-ufaq basıb, səy etməkdədirlər ki, xarici millətlərin “Barişnalarına” bənzəsinlər, oxumasınlar. Lakin elm və təhsildən murad budurmu?

Mədəniyyət və insaniyyət zahiri geyimdən, gəzişdən... ibarət zənn edən bu kimi arvadların ərlərinə nə tövr arvadlıq, uşaqlarına nə tövr analıq edəcəkləri şayani-diqqət bir məsələdir.

Çünki bu növ işlərimiz dörd divar arasında və pərdə dalındadırlar. Amma zahir hərəkətlərlə və əməllər ilə indiyədək xanım-qızlarımızı tərbiyə və elm sahibi olmaqlarını büruzə verməmişdilər.

Təhsil görən xanım – qızların hansı bir neçə qız uşağı başına cəm edib, biçarə vətən balalarımıza tərbiyə verməyə mübaşir oldu?

Bunların hansı tibb, mamalıq, ya qeyri bir mənfəətli elm və sənət əxz edib, sahibi-elm və sərriştə olub, camaata qulluq eləyir?

Xülasə, indiki yol və hal ilə salamatla çıxmayız. Zaman və halımız işlərimizin qonşularımızınkı kimi olmasını izab və iqtiza edir...

“Şərqi-Rus”, 4 iyun 1904, № 65, səh.2

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri