Səhifə 4 / 4 · 75%

-Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-acıqlı baxır bunların dalınca. Q ə n b ə r, uzun çuxalı və belində xəncər, yanında çoban Q u r b a n, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala düyülü bir qab. İkisi də baş yendirirlər.*

R ü s t ə m b ə y. Qənbər, nə var, qoyunlar necədi?

Q ə n b ə r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə). Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu.

-Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.*

Z ə h r a b ə y i m. Qənbər, niyə çoxdandı görünmürsən?

Q ə n b ə r. Xanım bəyim, vallah macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb.

R ü s t ə m b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə.

Q ə n b ə r. Baş üstə, gələrəm.

R ü s t ə m b ə y. Hə, yadıma düşdü, dəvə yunu tapşırmışdım, heç yerini eləyə bildin?

Q ə n b ə r. Ağa, axtarıram. Dəxi bizə görə qulluq?

R ü s t ə m b ə y. Gedə bilərsiniz.

-Qənbər və çobanlar çıxırlar.*

R ü s t ə m b ə y (gəlir anasının tərəfinə və gülə-gülə deyir). Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de yazım.

Z ə h r a b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim?

M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi maşallah kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin).

R ü s t ə m b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək.

-Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.*

Z ə h r a b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmədəli, bir dayan. Bala, bir dayan, bir getmə.

-Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna.* Səməd Vahid yazıya məşğul olduqda, içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.

S ə m ə d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə). Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə.

R ü s t ə m b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram.

S ə m ə d V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur):

Ənzari-şəbabımda pədidar olan, ey zill!

Ey zilli-tüluat, oluyorsun yenə peyda!

R ü s t ə m b ə y ("eh" eləyib, çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazam?

S ə m ə d V a h i d (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim "Faust"dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki, bunu qanmıyorsan, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir).

-Rüstəm bəy təəccüblü baxır onun dalıyca.*

Z ə h r a b ə y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan!

-Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə.*

(İndi də Z ə h r a b ə y i m bayazını buna tərəf tutub yalvarır). Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.

R ü s t ə m b ə y (acıqlı). Eh, ana, sən allah əl çək! (Rüstəm bəy də çıxıb gedir).

-Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab. Bir qədər fikirdən sonra qayıdıb oturur yerində, kitabın bir səhifəsini açır və diqqət ilə baxır. Bir qədər baxandan sonra başlayır haman səhifəni öpməyə.*

-P ə r d ə s a l ı n ı r.*

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri