İnsan nə qədər çox bilsə, o qədər yaxşıdır. Nə qədər onun məlumatı artıq olsa, o qədər yaxşıdır. Bir mənanı bildirmək üçün insanın lüğəti nə qədər zəngin olsa, o qədər yaxşıdır.

Qabaqlarda biz dekabr–noyabr sözlərini bilməzdik. Bu gün ayın neçəsidir?

Bu gün cümadı ül-əvvəlin on ikisidir. Vəssalam.

Sonralar rus dərsi və rus dili ortalığa çıxandan sonra noyabr və dekabr ayları da ortalığa çıxdı. Bu gün ayın neçəsidir?

Bu gün noyabr ayının iyirmi səkkizidir. Bu da belə.

İndi də duanın bərəkətindən dəxi də zənginləşməyə üz çevirmişik. İndi də türk qəzetələrinin birini açıb tarixinə baxırsan, yazılıb:

12 cümadi ül-əvvəl. O birisini açıb baxırsan, yazılıb:

28 noyabr. Üçüncü türk qəzetəsində yazılıb:

28 təşrini-sani.

Demək indi biz xoşbəxt türk tayfasının tarixinin ayları üç qism olmuşdur:

  1. Qəməri, 2) Şəmsi rumi, 3) Siryani. İndi dördüncüsü qalmışdır. Çünki bizim hər işimiz dördən gəlib.

Əlifbamız: Ərəb əlifbası, fars əlifbası, türk əlifbası və latın əlifbası.

Ana dilimiz: Ərəb dili, fars dili, türk dili və rus dili.

Cümadi, noyabr və təşrin aylarının üstünə də dördüncü bir yacuc ayı tapıb qoysaydıq, bu da dördüncü ayağı gətirib işi düzəldərdi.

Bu barədə də mən məsləhət görürəm Azərbaycan tədqiq və tətəbbö cəmiyyətinə müraciət etmək ki, bəlkə tədqiq və tətəbbö kimi xoruz səsi eşitməyən sözlərdən bizə də təzə bir ay adı icad etsin.

Cırcırama

“Molla Nəsrəddin”, 5 dekabr 1925-ci il, №49

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Həmidə! (15 noyabr 1922)

Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin.Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar.

1 dəq
Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922)

Əziz olan qardaşım!Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.

1 dəq
Həmidə! (1 fevral 1923)

Bakı*Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən.

2 dəq
Müzəffər! (6 fevral 1923)

Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.

1 dəq

Başqa şairlərin şeirləri · Satira