Batdağ
Bir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.
İndi görək niyə “Füyuzat” bağlandı.
Raviyani-əxbar və naqilani-şəkkər-şirin göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, yer üzündə Allahdan başqa heç kəs yox idi; ancaq bir Osmanlı hökuməti var idi, bir də İran hökuməti. İran hökumətində məşrutə var idi, amma Osmanlı hökumətində yox idi. Osmanlı hökuməti baxıb gördü ki, İranın məşrutəsi camaatı bir az yoldan çıxardır; məsələn, imam cümlələrin anbarlarını boşaldırlar, min illik xanları yerindən oynadırlar, Urmiyanın müctəhidi Hüccətül-islamı şəhərdən qovurlar, padşahdan hesab-kitab istəyirlər və qoymurlar vəzirlər məmləkəti özbaşlarına satsınlar, – bu işləri görəndən sonra Osmanlı padşahı öz-özünə fikirləşdi və dedi ki, vallah, bunun heç çarəsi yoxdur, gərək qoymayam İranda məşrutiyyət başa gələ və bizim məmləkətə keçə.
Günlərin bir günü Osmanlı qoşunu naqafil, gecənin yarısı, xəlvətcə, hamıdan bixəbər, dinməz-söyləməz İran sərhəddini keçib, töküldü Urmiya vilayətinə və başladı yetim-yesir, ac-uc, lüt-üryan, zəif və məzlum və biçarə İran rəiyyətini qırmağa.
Mətləb qalsın burada, biz keçək Bakıya.
Bakı padşahı da, Osmanlı padşahı kimi, İran məşrutiyyətindən çoxdan bəri ürkürdü. Bəli, qorxurdu ki, İran məşrutiyyəti Bakıya sirayət edib, bunu da padşahlıq taxtından sala yerə; elə ki, Osmanlı padşahının İrana hücum çəkdiyini eşitdi, dəxi bilmədi ki, şadlığından nə eləsin. Bir-iki gün fikirləşib, xas müşavirini çağırdı yanına, onunla məsləhətləşdikdən sonra quranı qoydu axund Çəyirtkənin başına və dedi:
– Durma, bu saat yetir bunu Osmanlı padşahına (çünki bilirdi sultanın yanında quran tapılmaz).
Axund Çəyirtkə baş əyib, götürdü quranı, çıxdı neft vışkasının başına, üzün çöndərdi Osmanlıya tərəf və “ya Allah!” – deyib, düz hoppandı, düşdü “Yıldız”ın üstünə və gətirdiyi quranı yetirdi sultanın hüzuruna və kimin tərəfindən gətirdiyini sultana ərz elədi. Sultan quranı alıb qoydu kənara və Çəyirtkəyə dedi:
– Buyur, əyləş.
Çəyirtkə əyləşdi. Sultan baş katib Təhsin paşaya dedi:
– Axund Çəyirtkəyə qəlyan gətir.
Axund Çəyirtkə məşğul oldu qəlyan çəkməyə və sultan başladı söhbətə və soruşdu:
– Ağa Çəyirtkə, Bakıda nə var, nə yox?
Çəyirtkə cavab verdi:
– Heç zad, sağlığın! – Sultan yenə soruşdu:
– Yenə azdan-çoxdan nə var, nə yox?
Çəyirtkə cavab verdi:
– Sultan sağ olsun, Bakıda çox neft var, qarpız var, qəssab var, yaxşı qəzetlər yazılır, yaxşı mollalar var…
Sultan qəzet adı eşidən kimi, əcələ dedi:
– Hələ dayan, dayan! Mənə de görüm, o “Füyuzat”ı çıxardan kimdir?
Molla Çəyirtkə cavab verdi ki, “Füyuzat”ı çıxardan həmin quranı göndərən Bakı padşahıdır. Sultan qeyzə gəlib çağırdı baş vəzirini və dedi:
– De Cəlal Ünsizadəyə, gətirsin o “Füyuzat”ın 11-ci nömrəsini. Sultan “Füyuzat”ın 162-ci səhifəsini açıb, qoydu axund Çəyirtkənin qabağına ki, “oxu”. Axund Çəyirtkə gördü ki, həmin səhifədə bu sözlər yazılıb: “Rusiya inqilabından sonra küreyi-ərzin ən müxtəlif cəhətlərində mütləqiyyətlər bir-bir məşrutiyyətə münqəlib olmağa başladı: Avropada Balkan şibh cəzirəsində balaca Qaradağ prinçi balaca millətinə qanuni-əsasi və hürriyyət verib, şurayi-milliyyə üçün məclisi-məbusan güşad etdi. Asiyada İran ölkəsində daraların darati-mütləqiyyətlərinə xatimə çəkilib, məclisi-şurayi-milli ilə İran millətinin səadətinə geniş yollar açıldı. Hindistanda gərək brəhmən və buddilər, gərək müsəlmanlar hüquqi-müqəddəseyi-bəşəriyyətlərinin tövsii uğrunda ciddən mücahidəyə başlayıb, hürriyyəti-istiqlallarını tələb etmək üzrədirlər. Afrikanın ötəki başında dünən müharibə nəticəsində istiqlallarını qaib edən burlar bu gün ingilis bayrağı altında yenidən hürriyyətə nail olub, məclisi-məbusan üsulu ilə idarə olunmağa başlayırlar. Afrikanın bəriki başında Misir əhalisi axirül-əmr hürriyyətin qədrini anlayıb, Misir üçün bir məclisi-məbusan güşadını tələb edirlər… Görülür ki, haman Türkiyədən başqa heç bir yerdə mütləqiyyət payidar olmayır; çünki Rusiya hürriyyətinin zərbəsinə tab gətirəməyorlar. Bu surətlə Türkiyənin üzərinə hər tərəfdən bir seyli-xüruşani-hürriyyət hücum edərək, onu muhib bir girdabın içinə düşürüyorlar ki, o girdabda kəştiyi-mütləqiyyətin qərq və nabud olması ilə naxudasının da böyük təhlükələrə düçar bulunması mühəqqəqdir... Bunu sultan çox gözəl anlıyor. İştə anladığı üçündür ki, Rusiya duması dağıdılarkən qurbanlar kəsdiriyor”.
Axund Çəyirtkə oxuyub qurtarandan sonra dedi:
– Sultan sağ olsun, and olsun sənin əziz başına ki, bizim Bakı padşahının bu sözlərdən əsla və qətən xəbəri yoxdur. Çünki özü bisavad adamın biridir.
Sultan bir az hirsləndi, bir az atılıb düşdü, bir az qışqırdı, böyürdü, tüpürdü və bir qədər sakit olandan sonra götürdü qələmi, qoltuq cibindən bir tikə kağız çıxartdı və eynəyini mübarək burnuna taxıb, başladı Bakı padşahına kağız yazmağa. Kağızı dördqat büküb, verdi axund Çəyirtkənin əlinə və dedi ki, “bu fərmanımı tez yetirəsən səni buraya göndərən Bakı padşahına”.
Axund Çəyirtkə “hopp!” eləyib, oradan sıçradı Bakı vilayətinə (inşallah mabədi var).
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 noyabr 1907, №43
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-batdag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam; çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.
BuzMən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.Müsəlman həkim dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət idi.
DəlləkSadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:"Axı, Kərbəlayı Qasımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.
HamballarTarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.Xülasə.
Başqa şairlərin şeirləri · Satira
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Nədir, aya, yenə üsyanları iranlıların?Nədir, aya, yenə üsyanları iranlıların?Başladı cünbüşə tüğyanları iranlıların,
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!