Məzmun
  1. I
  2. II
  3. III
  4. IV

Səhifə 6 / 6 · 83%

Qlava baş üstə deyib özünü soxdu adamların içinə. Dilmanc genə başladı əlindəki kağızı oxumağı:

– Kərbəlayı Cəbrayıl Kərbəlayı Nəcəfqulu oğlu.

Adamların içindən otuz-otuz beş yaşında bir kəndli çıxıb gəldi ortalığa, baş əyib gözlərini dikdi nəçərnikin üzünə. Dilmanc haman kəndliyə buyurdu ki, yubanmayıb getsin və oğlu Xəlili gətirsin nəçərnikin yanına. Kərbəlayı Cəbrayıl baş üstə deyib, ikiqat olandan sonra özünü soxdu adamların içinə.

Kərbəlayı Cəbrayıldan sonra dörd adam adı çağrıldı; Məşədi Yusif Kərbəlayı Muxtar oğlu, Kərbəlayı Zaman Məşədi Əli oğlu, Məşədi Ümmət Kərbəlayı Orucəli oğlu, Məhəmmədəli Cəfər oğlu.

Bu kəndlilərin üçü də camaatın içindən çıxıb gəldilər qabağa. Dilmanc bunları göndərdi ki, hərə öz oğlunu dinməz-söyləməz gətirsin nəçərnikin hüzuruna. Amma Məhəmmədəli Cəfər oğlu gəlmədi aralığa. Dilmanc bir də çağırdı:

– Məhəmmədəli Cəfər oğlu.

Kəndlilər başlarını dikəldib, başladılar o tərəf-bu tərəfə boylanmağı. Amma Məhəmmədəli tapılmadı.

Camaatın içindən bir dəstə dilmancın yanına yeriyib başladı and içməyi ki, Məhəmmədəli kənddə deyil, gedib çöldən kəngiz gətirib satsın. Amma bir bu qədər, bəlkə bunlardan da artıq adam ortalığa gəlib başladılar dəxi də bərk and içməyi ki, Məhəmmədəli anadan olan gündən indiki günə kimi bir dəfə də kəngizə getməyibdir; o səbəbə ki, Məhəmmədəlinin sənəti dükançılıqdı, nəinki kəngizçilik.

Camaatın səsi genə irəliki kimi başladı ucalmağa. Hər tərəfdən bər səda gəlirdi: biri deyirdi Məhəmmədəli kənddədi, biri deyirdi xeyr, kənddə deyil, gedib kəngizə. Nəçərnikin atlıları tatarı gücü ilə bir təhər qilü-qalı yatırdandan sonra haman Hacı Namazalı genə bir-iki qədəm ortalığa qoyub, baş əyib, hər iki əli sinəsinin üstə, həqir və məzlum, üzün nəçərnikə tutub başladı:

– Ağa, ərzim var.

Nəçərnik izn verəndən sonra Hacı Namazalı başladı:

– Ağa, and olsun yerin və göylərin xaliqinə, and olsun seyyidişühədayə, and olsun on iki imama, and olsun İsa və Məhəmmədə, o adamlar ki, camaatın bir parası gizlədib deyir ki, guya kənddə deyil, o adamlar hamı elə bu dəqiqə Danabaş kəndindədilər; necə ki, qabaqca ərz eləmişəm, bu işlərin hamısı fənd-feldi.

Hacı Namazalı bu sözü deyib qurtaran kimi sol səmtdə qlava Pirverdi bəy hazır oldu, sağ əlində tatarı, sol əli sinəsinin üstə. Pirverdi bəyin dalınca bir alçaqboy, yekə qara papaq, qısa arxalıq və ağ tuman kəndli, əlində uzun zoğal ağacı və ayaqlarında çarıq, yeriyib durdu dilmancın qabağında. Qlava üzünü nəçərnikə tutub və tatarını yanınca gələn kəndliyə səmt uzadıb, uca səslə başladı:

– Nəçərnik sağ olsun, mən Məşədi Fərəcullahgilin qapısına təzə yetişmişdim ki, gördüm o üzdən Allah rast saldı ki, Məşədi Fərəcullahı gördüm ki, qabağında bir-iki yüklü ulağı, Yayıncıdan yük gətirir. Çünki bu övqat çeviz və ərik qurusu İrəvan səmtində yaxşı pula gedir, odu ki, çarvadarlar bu saat bikar deyillər.

Qlava bu sözləri deyəndən sonra genə camaatın səsi ucaldı, genə atlıların tatarıları şappıldadı. Hacı Namazalı genə bir neçə qədəm nəçərnikin qabağına yavıqlaşıb, sol əlini Məşədi Fərəcullaha tutub və sağ əli ilə öz saqqalının ucundan yapışıb başladı:

– Ağa, indi bir sına mənim sözlərimi. Gördün ki, bu işlərin hamısı hiylədi? Pəs bayaq deyirdilər Məşədi Fərəcullah kənddə deyil? Pəs necə oldu?

Sonra Hacı Namazalı camaata səmt çönüb, hər iki əlini qovzayıb, uca səslə və ürəkdən dedi…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Məmmədəli! (29 yanvar 1911)

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

1 dəq
Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

1 dəq
Əzizim Məmmədəli! (14 may 1911)

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

1 dəq
Həmidə! (10 oktyabr 1911)

Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil

1 dəq

Başqa şairlərin şeirləri