Üçüncü məclis
Səhifə 1 / 3
Üçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.
Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).
İkinci arvad. Balamı uşqol aparacaqlar, bala vay! (Arvadlar ağlaşırlar).
Üçüncü arvad. Balamı uçtel aparacaqlar, bala vay! (Ağlaşırlar).
Dördüncü arvad. Balamın üzünə həsrət qalaçağam, bala vay! (Ağlaşırlar).
Beşinci arvad. Bais, evin dağılsın, bala vay!
Qasım kişi (arvadlara). Balam, ağlamayın, Allah kərimdi.
Küçə qapısı açılır. Məşədi Ağakişi qabağında oğlu Əsəd, tələsik girirlər həyətə. Qapını daldan bağlayır, oğlunun əlindən yapışıb gətirir və o tərəf – bu tərəfə baxır. Şaban nənə yerindən durub gedir nəvəsi Əsədi qucaqlayır.
Qasım kişi (nəvəsi Əsədə). Bala, səni necə bəs buraxdılar?
Şaban nənə. Nənən qadanı alsın, bala. Bəs səni necə buraxdılar? Qurban sənə, dahı bir də aparmayacaqlar ki? Buy, Allah, mənə ölüm göndər!
Məşədi Ağakişi (hövsələsiz və alçaqdan). Dinmə, dinmə! Səsini çıxartma. (Əsədə) Gəl, gəl, tez ol! (Belə deyə-deyə aparır Əsədi kərmə qalağının qabağına). Gir, gir sənə deyirəm! Durma, gir! (Əsəd özünü soxur qalağın içinə, Məşədi Ağakişi yenə ətrafa baxıb, bir yastı daş tapıb gətirir dayayır qalağın ağzına və üzünü tutur arvadlara). (Alçaqdan). Bax, səs-küy eləməyin. Sizə mən tapşırıram ki, səs-küy çıxartmayın.
Arvadlar üzləri örtülü, dallarını çevirirlər Məşədi Ağakişiyə və başlayırlar Şaban nənə ilə pıçıldaşmağa.
Şaban nənə (oğluna). Ağakişi, bala, sən Allah bir de görüm Gülcahan xalaqızımın nəvəsi Süleyman və bir də Xansənəm bacının...
Məşədi Ağakişi (arvadın sozünu kəsir, əlini ağzına basıb alçaqdan). Arvad, kəs səsini sənə deyirəm! Danışma.
Qasım kişi (arvadlara). Balam, səs-küy eləməyin.
Küçə qapısı döyülür. Məşədi Ağakişi qaçıb gizlənir. Qapı bir də bərk döyüləndən sonra Məşədi Ağakişinin qonşusu Kərbəlayı Qulamalı küçədən həyət divarına dırmaşıb, oğlu Mustafanın əlindən yapışıb, qalxızır divarın üstə; hər ikisi düşürlər həyətə. Məşədi Ağakişi çıxır bunların qabağına, tez gedib yapışır Mustafanın əlindən və aparıb soxur həmin kərmə qalağına.
Eləcə bunu da qat qalağa.
Arvadların biri, yəni Mustafanın anası üzüörtülü sevincək qaçır oğlunun yanına. Məşədi Ağakişi uşaqlara “sus” deyib, yenə yastı daşı qoyur qalağın ağzına. Kişilər çəkilib, divarın kölgəsində oturub, çubuqlarını ciblərindən çıxardırlar doldursunlar. Qalan arvadlar həzin-həzin ağlaşırlar. Yenə küçə qapısı döyülür; yenə Məşədi Ağakişi və Kərbəlayı Qulamalı yerlərindən qalxıb girirlər evə. Qapı, yenə bərk döyüləndən sonra, divara dırmaşır Kərbəlayı Heydər. Bu da oğlu Süleymanı küçədən divara dırmaşdırıb yendirir həyətə.
Qasım kişi. Eləcə bunu da qatın qalağa.
Məşədi Ağakişi və Kərbəlayı Qulamalı bu uşağı da qatırlar qalağın içinə. Kişilərin üçü də çubuq çəkməyə məşğul olur.
Zərbəli (divarın çatdağından deyir, amma üzü görükmür). Məşədi Ağakişi, uşaqları niyə kərmə qalağında gizlədirsən? Sən öləsən bu saat gedib uşqola xəbər verdim. (Kişilərin üçü də hövlnak ayağa qalxıb təəccüb ilə baxırlar). Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu saldat yazdırın, öz uşaqlarınızı da kərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? Neylək, heç eybi yoxdu.
Məşədi Ağakişi (yalvarır). Ədə, Zərbəli, mən ölüm ucadan danışma. Hansı həpənd sənin oğlunu yazdırıb? Ədə, mən ölüm yavaş danış, aman günüdü.
Qasım kişi (Zərbəliyə). A balam, Zərbəli, boşla qoysun getsin.
Zərbəli (çatdaqdan). Bə siz yazdırmamısınız, nəçərnik mənim oğlumun olmağını haradan bilirdi? Heylədi, elə biz bədbəxt musurmana quyu qazan elə öz musurmanımız olur. Bir deyin görək, mənim oğlum saldat gedəndə, görək sizin cibinizə bir şey girəcək, ya döşünüzə medal asacaqlar?
Kərbəlayı Qulamalı (Zərbəliyə). Ədə, dəli olma. Balam, xalqa baiskarlıq eləmə. Hansı atasından xəbəri olmayan, anasının əmcəyini kəsən sənin oğlunu yazdırıb? Mən ölüm, Zərbəli, bu danışıqları boşla, get işinə!
Nəzərəli çavuş (qabaqca küçə qapısını döyür, sonra divarın üstündən yavaşca deyir). Məşədi Ağakişi, Məşədi Ağakişi! Durma uşaqları bu saat göndər xirmənə, yoxsa yüzbaşı uşkolnan bir yerdə evləri gəzirlər. (Nəzərəli bu sözləri deyib, yox olur).
Məşədi Ağakişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər qaçıb qalağın ağzından daşı götürüb uşaqları çıxardırlar və deyirlər: “Qaçın xirmənə! Qaçın xirmənə!”. Uşaqların üçü də çıxıb qaçırlar.
Qasım kişi (uşaqların dalınca). Bala, bir az qıvraq qaçın, əldən çıxın...
Şaban nənə (Əsədin dalınca). Nənə sənə qurban, Əsəd bala.
Küçə qapısı döyülür. Nəzərəli çavuş qapının dalından səslənir.
Nəzərəli. Məşədi Ağakişi! Aç qapını, yüzbaşıynan uşqol sizə gəlirlər.
Məşədi Ağakişi gedib qapını açır, həyətə daxil olurlar: yüzbaşı Pirverdi bəy, əlində şallaq, Uçitel Həsənov, Molla Movlamverdi, Nəzərəli çavuş əlində şallaq və bir neçə kəndli. Çamaat gəlib düzülür həyətin ortasına.
Pirverdi bəy (Məşədi Ağakişiyə). Məşədi Ağakişi, yaxşı qulaq as, gör nə deyirəm. Sizə məlumdu ki, mən on yeddi ildi ki, istəkli padşahımıza ixilas ilə qulluq eləyirəm. Və bir dəfə də olmayıb ki, mən dövlət yanında başı aşağı olum. Və bunu siz yaxşı bilirsiniz. Mən indi də razı olmanam ki, hər yanda danışalar ki, nəçərnik ağa gəlib Danabaş kəndində bir uşqol açdı, amma danabaşlılar yüzbaşı Pirverdi bəydən (özünü əli ilə nişan verir) qorxmadılar, uşaqlarını uşqoldan qaçırdıb kərmə qalağında gizlətdilər.
Camaatdan bir neçəsi gülüşür.
Məşədi Ağakişi. Yüzbaşı, sənin başın üçün kərmə qalağında uşaq yoxdu; bax, bu mənim kərmə qalağım. (Gedir kərmə qalağının yanına).
Qasım kişi. Nə eybi var, qoy zəhmət çəkib baxsınlar da! Bəlkə inanmırlar.
Nəzərəli çavuş (gedib başını uzadır qalağın içinə). Yüzbaşı, başın üçün qalağın içində uşaq yoxdu.
Qasım kişi. Yoxdu, yoxdu. Hər kəs deyibsə, yalan deyib.
Şaban nənə (üzü örtülü, dalı camaata tərəf, çarşovlu). Yoxdu, yoxdu.
Molla Movlamverdi (Şaban nənəyə acıqlı və ucadan). Kəs səsini, bihəya! Övrət xəlayiqinin kişilər içində danışmağı qəbihdir. Həya lazımdır, həya!
Uçitel Həsənov (cibindən bir kağız çıxardır). Camaat, mən cənab inspektorun hökmünə görə ki, direktorun predpisanyası ılə avqustun birindən Danabaş uşqolasına smatritel olmuşam, inspektorun və naçalnikin hüzurunda həmin siyahidəki uşaqların adları və atalarının adları burada yazılıb, iki həftədən sonra uşaqların atalarından xahiş edirəm ki, bir surətdə ki, sizə də bir belə xoşbəxtlik üz verib ki, uşaqlarınız oxuyub adam olacaqlar, mən də fəxr edirəm ki, millətpərəstlik vəzifəmi yerinə yetirib padşahi-mehribanımızın xidmətində qulluq yarıdacağam. Yaşasın padşahımız! Yaşasın inspektorumuz! Yaşasın Danabaş kəndinin camaatı!
Qasım kişi (uçitelə). Ay uşqol, axı mən də bir qoca kişiyəm; dünyada mən də azdan-çoxdan yaxşı ilə yamanı seçirəm. Axı, qurban olum sənə, bir məni başa sal görüm, o ki deyirsən uşaqlar oxuyub adam olacaqlar, bir mənə de görüm, necə yəni adam olacaqlar? Axı bu gün yığıncaqda spextırdı-nədi danışırdı, başa düşmədim; amma axı spextır söz arasında ağzından qaçırtdı ki, uşaqlar saldat olacaqlar.
Pirverdi bəy. Qasım kişi, bu sözlər bir qəpiyə dəyməz və mən saldat-zad qanmıram; mən buyuruq quluyam. Mənə buyurublar: Sür dərəyə, sür dərəyə. Əgər siyahidəki uşaqlar uşqola gəlməsələr, mən siznən, bax, bu şallağnan danışacağam! (Əlindəki şallağı nişan verir).
Uçitel (yüzbaşıya). Xeyr, yüzbaşı, məni bağışlayasınız, mən şallağnan uşaq yığmağın tərəfdarı deyiləm. Pedaqogiya aləminə şallaq yaraşmaz və şallaq gücü ilə verilən dərslərdən bir fayda hasil olmaz. Mən elə qanıram ki, çətini ikicə aydı; elə ki, uşaqlar ikicə ay dərsə gəldilər, onda ataları təzə metodun nəticəsini öz gözlərilə görüb dəxi məktəbdən qaçmayacaqlar.
Qasım kişi (uçitelə). Bax, çox əcəb danışırsan, ay uşqol. Allah atana rəhmət eləsin. İndi belə fərz edək ki, mən nəvəmi qoydum gəldi uşqola; sən iki ay deyirsən, mən sənə bir il möhlət verirəm. İndi bir mənə de görüm, bir ildən sonra mənim uşağım nə olacaq?
Uçitel. Nə olacaq, tərbiyə tapıb adam olacaq.
Qasım kişi. Axı, necə adam olacaq? Mən indi yetmiş ildən artıqdı ki, ömrüm var, indi sənin sözündən belə başa düşək ki, bu burnu fırtıqlı corma-cocuqlar bir ildən sonra adam olacaqlar? Yəni nə zərəri var ki, bizi başa salasan, görək necə adam olacaqlar?
Uçitel. Qasım kişi, bağışla, axı uşaqlar bir ildən sonra yazıb oxumaq öyrənəcəklər.
Qasım kişi. Nə oxuyacaqlar? Nə yazacaqlar?
Uçitel. Çernyayevskinin “Russki reç”ini də oxuyacaqlar, “Vətən dili”ni də zvukovoy metodnan oxuyaçaqlar.
Qasım kişi (o tərəf-bu tərəfə baxıb, gözü sataşır Kərbəlayı Heydərə). A balam, Kabla Heydər, o hansı kitabdı? Bilmirəm “Gülüstan”dı-nədi ki, uşaqlara dərs deyirdin. İndi mən bu mətləbləri başa düşmürəm. Sən ki, oxumusan, gəl çavab ver da! Niyə lal-kar kimi durub baxırsan?
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-danabas-kendinin-muellimi-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi
PapaslarMən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.
Məhəbbətİnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.
Əyyami-mahMüsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?
Başqa şairlərin şeirləri
Səhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
تا باد ماه آبان بگذشت در چمنشد زرد و پر ز گرد به اندر چمن چو من
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.