Üçüncü məclis
Səhifə 2 / 3 · 33%
Uçitel. Yaxşı, Qasım kişi, söhbət bir “Gülustan”da deyil. Tək bir “Gülüstan” oxumaqnan obrazovannı olmaq olmaz. Məsələ, indi götürək Kabla Heydəri, görək indi məsələ üçün Kabla Heydər tablitsa ümnajenini bilir? Və halonki, sizin uşaqlar bir ildən sonra biləcəklər.
Kərbəlayı Heydər (uçitelə). Cənab uşqol, üsuliddin çəndəst? (uçitel gülür, kəndlilər də gülürlər).
Molla Movlamverdi (uçitelə). Dəxi burada gülməyin mənası yoxdur. Sözdü o kişi soruşdu; əgər bilirsən, çavab ver; əgər bilmirsən, de ki, mən urus dərsindən savayı bir özgə elm oxumamışam. Zira ki, hər bir elm, hər bir təlim və tərbiyə əzhəri minəşşəmsdir ki, insanı öz tərəfinə çəkəcək. Şəriət elmini təhsil edən daim özünü islam bilib, müsəlmançılıq təriqətində saxlayacaq. Xaricilər ilə üns tutanlar, onların dilini oxuyanlar, onların içində tərbiyə tapanlar, başlarına şapqa qoyub üsuliddindən də, füruiddiindən də bixəbər və bibəhrə olacaqlar. Dəxi niyə gülürsüz? Yaxşı deyilmi ki, etiraf edəsiniz?
Uçitel. Cənab Molla Movlamverdi, doğrudur, mən şəriət elmlərini oxumamışam, amma güman edirəm ki, mən oxuduğum və bildiyim elmləri də, nəinki Kabla Heydər və bəlkə bağışlayınız, siz özünüz də oxumayıb və bilmirsiniz.
Molla Movlamverdi. O hansı elmlərdi?
Uçitel. Məsəla, götürək, zoologiyanı. Çəyirtgənin qulaqları bədəninin harasındadır?
Kərbəlayı Heydər və kəndlilər gülüşür.
Molla Movlamverdi. Pəh, pəh! Bu da mənə elm oldu!
Qasım kişi (uçitelə). Ay uşqol, ay uşqol, axı mənim uşağıma çəyirtgənin qulağını bilmək nə lazım və nəyinə lazım olacaq? Sən bu zəhrimar çəyirtgəyə bir çarə tap ki, qırılsın rədd olsun; hər il bir dəfə gəlib taxılımızı yeməsin və bizi ac qoymasın. Sən buna çarə tap; yoxsa tapmacaların mənim uşağıma nə mənfəəti ola bilər? (Öz-özünə mırtdanır). Çəyirtgənin qulaqları nəyimə lazımdır?.. Qadam onun qulaqlarına da, gözlərinə də, qaşlarına da! Çox matah şeydi, hələ durub onu tutub qulaqlarını da axtaracağam ki, görüm haradadı. (Uçitelə). Ay uşqol, bəlkə sən biznən zarafat eləyirsən?..
Kərbəlayı Heydər (gülə-gülə uçitelə). Xub, cənab mirzə, çəyirtgənin qulaqları bədəninin harasındadır?
Uçitel. Çəyirtgənin qulaqları dizlərindədi.
Camaat gülüşür.
Pirverdi bəy (bir az güləndən sonra uçitelə). Ay uşqol, mənə nəçərnik, doğrudur, hökm edib kn, sənə camaat hörmət eləsin, amma mən, doğrusu, razı deyiləm ki, çəyirtgə söhbətləri ilə kəndliləri üstünüzə güldürəsiniz. Əgər sən uşaqlardan ötrü bu qədər başını ağrıdırsansa, heç qorxma və ürəyini gen saxla, bunlara moizə-zad lazım deyil, bunlarınkı, bax, bu şallağdı. (Əlindəki şallağı nişan verir).
Molla Movlamverdi (yüzbaşıya). Yüzbaşı, heç eybi yoxdu. Uşaqları, söz yox, Allahın məsləhəti ilə cəm edərik; amma nə eybi var, qoy cənab uşqol oxuduğu elmlərdən bəhs eləsin, qulaq asaq. (Uçitelə). Cənab uşqol, qoy bir söz də mən səndən soruşum: mən şəkk elədim iki ilə üç arasındak; indi mənim təklifim nədi?
Uçitel (Mollaya). Axund Molla Movlamverdi, mən ərz elədim ki, mənim vəzifəm uşqolanın proqramını oxudub şagirdlərə attestat verməkdir ki, Danabaş məktəbinin kursunu qurtarandan sonra, xahiş edənlər gedib qorodskoy şkolaya girsinlər və oradan da əgər nəhayət qabiliyyətli və zehinli olsalar, seminariyaya keçib və oranın da elmlərini əxz edib alim olsunlar. İndi, məsələn, bax, bir kəndlidən soruşsan ki, məsələn, iki ilə iki neçə elər, söz yox ki, bilməyəcək; amma, mənim kimi gedib seminariyanı qurtarsalar, onda, məsələn, bir qarpızın içini arşın ilə ölçə biləcəklər ki, indi, söz yox, heç birinizin xəyalına gəlmir.
Kəndlilər gülüşür.
Kərbəlayı Heydər. Uşqol, doğrusu, biz bunu da başa düşmədik; necə yəni qarpızın içini arşın ilə ölçmək?
Uçitel. Kərbəlayı, doğrusu budur ki, mən səni başa sala bilmənəm. Səbəb bu ki, sən mən oxuduğum dili və elmləri bilmirsən; sən seminariya qurtarmamısan.
Qasım kişi, Ay uşqol, axı bir insafnan danış. Axı qarpızın içini arşınnan ölçməyin bizə nə mənfəəti? Biz əkinçi rəşbərik. Biz elə həmişə qarpız da əkərik, onu satanda, ya alanda saynan, ya ədədnən alıb satarıq, yainki tarazıya qoyarıq; arşınnan da çiti, bezi ölçərik. Sən yəqin bizim vilayətə nabələdsən, bilmirsən; amma yaxşı olardı, sən bizim kəndə təşrif gətirəndə Şahtaxtından bizə qarpız toxumu gətirə idin. Çünki oraların qarpızı cinslikdə adnandı; yoxsa bizim toxumlar nacinsdi. Əgər bir belə iş eləmiş olsa idin, bizlərə böyük bir yaxşılıq eləmiş olardın; yoxsa, doğrusu, sənin bu qarpız ölçündən də ağlım bir şey kəsmədi.
Molla Movlamverdi. Cənab uşqol, sənin təbiri-xab məsailinə etiqadın var?
Uçitel. Xeyr, yoxdu.
Molla Movlamverdi. Bəli, bəli, işin əsl həqiqəti budur ki, qara ləkə ağ ləkəni basmasın. Yoxsa iş-işdən keçəndən sonra, bədən qartalır, ruh süstləşir, etiqad təğyir tapır və dəxi nicata bir ümid yolu qalmır; o səbəbdəndir ki, həqqi-sübhanə və taala insanı faili-muxtar yaradıbdır və xilqətdə bir hikməti-nabina, bir sirri-yəzdani əlaqədar olubdur ki, məsələn təbiri-xab əsrarında nə qədər icti-hadlar vücuda gəlib ki, bunların inkişafı az bir xoşsəadət bəndələrə müyəssər olur. Srağa gecə bir qatma-qarışıq yuxu gördüm. Hövlnak ayıldım. Belə... təqribən (göyə baxır) nisfi-şəbdən yarım saat keçmiş olardı. Ulduzlara zənn elədim, gördüm ki, səncəncəli-əsğər ulduzları sünbülə bürçünün, bax, bu tərəfindədirlər. (Əlini yumruq şəklində tutub baş barmağını göyə qalxızır). Sonra məni yuxu tutdu. Bir az keçdi, ayıldım baxdım ki, (göyə baxır) haman səncəncəli-əsğər ulduzları indi də sünbülə bürcünün, bax, bu tərəfindədirlər. Siz elə güman etməyin ki, əflakın hərəkatı səbəbsiz və mənasız bir hadisatdır? Xeyr, nəüzi-billah!
Kərbəlayı Heydər (uçitelə) hə, uşqol, di cavab ver, nə deyirsən? Niyə dinmirsən? Hanı bəs çəyirtgənin qulaqları?
Adamlar gülüşür.
Pirverdi bəy (Kərbəlayı Heydərə). Sən hər nə eləyirsən elə, amma bu şallağı yadından çıxartma. Mən bura sizi uşqolnan deyişməyə çağırmamışam; mənə uşaq lazımdı, uşaq!
Qasım kişi. Ay uşqol, bu sözlər hamısı keçəndən sonra, bir de görum, axır bizim uşaqlara nə oxudacaqsan? Deyirsən axı “Gülüstan” oxumayacaqlar?
Uçitel. Xeyr, “Gülüstan” oxumayacaqlar. Yazıq deyillərmi, uşaqlarınız illər uzunu gözlərini zaye eləsinlər ki, nə var, nə var, biz “Gülüstan” oxumuşuq? Amma təzə zvukovoy metod ilə, yəni üsulisövti ilə Çernyayevskinin “Vətən dili” kitabını bir neçə ayın müddətində oxuyub qurtaracaqlar və əlləri qələm tutacaq.
Kərbəlayı Heydər gülür.
Molla Movlamverdi. Cənab uşqol, bax, onu mən başa düşmədim.
Uçitel. Cənab Molla Movlamverdi, zvukovoy sposob metodu içad olunmamışdan, uşaqlar illər uzunu höccəliyə-höccəliyə bitli və tozlu həsirlər üstə yırğalana-yırğalana cavan ömürlərini puça çıxardırdılar və heç bir şey də öyrənmirdilər; amma indi təzə üsul ilə sözləri götürürlər, səslərə təqsim eləyirlər. İndi belə bir məsəli götürək; götürək “osa” kəlməsini. Bax, burada üç səs var: biri “o”, biri “s”, biri “a”.
Qasım kişi (Kərbəlayı Heydərə). A balam, Kabla Heydər, bu nə danışır?
Kərbəlayı Heydər. Vallah, mən qanmadım. (Mollaya) Molla Movlamverdi, bəlkə sən bu elmi təhsil eləmiş olasan?
Molla Movlamverdi (uçitelə). Cənab uşqol, o sözü ki, indi dediniz, “osa” ki, buyurdunuz, o söz nə sözdü?
Uçitel. “Osa”, yəni eşşəkarısı.
Adamlar gülüşür.
Xub, başa düşmürsünüz, götürək müsəlman sözünü. Məsələn, “ot”; haman otu deyirəm ki, çöllərdə bitir və heyvanlar yeyir. İndi biz istəyirik yazaq “ot”. Axı “ot” sözündə iki səs var: biri “o”, biri də “t”. Əvvəl yazırıq “o”, sonra da yazırıq “t”; olur: “ot”.
Molla Movlamverdi. Bağışla, cənab uşqol, “ot” ləfzi üç hərfdən mürəkkəbdir, nəinki iki.
Uçitel. Xeyr, ikidir.
Molla Movlamverdi. Xeyr, bağışlayasınız, üç hərfdir. Biri
– “əlif”, biri – “vav”, biri də – “tey”. Məgər siz o dərəcədə bisavadsız ki, bunu da başa düşmürsünüz?
Kəndlilər gülüşür.
Qasım kişi. Yaxşı, cənab uşqol, bir bunu da bizə buyur görək uşaqlar uşqolu qurtarandan sonra bir qulluq sahibi olacaqlarmı?
Uçitel. Əlbəttə. O baxar şagirdin qabiliyyətinə; əgər qabiliyyəti olsa, mənim kimi gedib seminariyanı qurtarar və mənim kimi smatritel olar.
Kərbəlayı Qulamalı. Doğrusu, mən bilsəm ki, uşqolada oxuyan uşaqlar qulluq sahibi olacaqlar, mən oğlum Mustafanı uşqola verməyə sözüm yoxdu.
Uçitel. Mərhəba, mərhəba! Bax, bu kişi ağıllı kişiyə oxşayır. Əlbəttə, hər bir atanın borcudur evladının tərbiyəsinin fikrinə qalsın. Mərhəba!
Qasım kişi. Ay uşqol, bu nəçərnikin dilmancı Mirzə Məhəmmədqulu, belə görükür ki, böyük yerdə oxuyub ki, nəçərnikə dilmanc olub. Yəqin səndən çox dərs oxuyub?
Uçitel (gülümsünür). Odur ki, siz avamsız və çox işlərdən xəbərdar deyilsiniz. Nəçərnikin dilmancı qorodskoy uşqoldan savayı bir yerdə oxumayıb, o heç məncə dərs oxumayıb.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-danabas-kendinin-muellimi-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi
PapaslarMən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.
Məhəbbətİnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.
Əyyami-mahMüsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?
Başqa şairlərin şeirləri
Səhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
تا باد ماه آبان بگذشت در چمنشد زرد و پر ز گرد به اندر چمن چو من
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.