Bir dərs kitabına rast gəldim, bu kitab mərhum Mahmud əminin “Üçüncü il” kitabıdır ki, hal-hazırda məktəblərimizdə oxunur və Maarif Komissarlığında mövcud olan nəşriyyat şöbəsinin izni ilə çap olunmuşdur.

Dəxi nə söz? Kitab – kitabdır; kitabın ki, buynuzu olmaz?! Nə irad? Nə tənqid? Amma mən bilmirəm, mən hamıdan ağıllıyam, ya hamı məndən ağıllıdır?!

Sözüm burasındadır ki, mən bu gün böyük oğlumun əlində kitabı görüb aldım, baxdım, axıra kimi göz gəzdirdim və məcbur oldum kitabın axırlarında bir neçə vərəqi cırıb tullayam kənara.

Cırıb atdığım vərəqlər bunlardır:

  1. səhifə 184 – “Daşlar və mədəniyyat” ibarələrindən bir nümunə: Heyvanları böyüklükləri ilə, şəkilləri ilə, üzvlərinin təxalifi ilə bir-birindən fərq və təmayiz etmək olur; fəqət daşlar bu vasitə ilə təfriq olunmaz...

Bununla belə dürlü-dürlü daşları bir-birindən ayırmaq üçün başqa övsaf təhri etməlidir...”

Bu vərəqi cırıb tulladım; çünki bu dil bizim dil deyil.

  1. Səhifə 186 – Dəmirin şənindən yazılan şerlər:

“Burada nasıl çalışıyor şu sıtmalı əmələ...
Zavalında vücud zəif, bəniz qansız, sırt qanbur.
Ayaq çılpaq, üsir sıqlam olmuş, üst çamur.
Əcəb, nədir çıqardıqı bunun bunca əmcələ?..

Əgər burası nəsrlə yazılmış olsaydı, o vaxtda dəxi əmələnin qeydinə qalmışlar – deyə saxlaya bilərdim. Amma bunu da cırıb tulladım. Əgər bunlar həqiqətdə şerdilərsə, onda nə lazım yazıq uşaqlarımızı öz əlimizlə şerdən iyrəndirmək?..

  1. Səhifə 191:

Ədəbiyyat nümunələrindən parçalar.

Mənahi: zövqünüzmü? Bir təhaşi yoqmu xaliqdən?
Sizi niranə sövq etməzmi bu üsyanlar, insanlar?

Doğrudur, bu ibarə möhtərəm “Füyuzat” jurnalından götürülüb. Amma bunu türklər üçün yazıya götürən yəqin ki, əslində dəli imiş. Söz yox, bunu da tulladım.

  1. Səhifə 193 – “Türk obasına siyahət”.

Heyif bilmirik ki, Sevim Bikə türk obasında yaşayan camaatla nə dildə danışırdı; çünki bu hekayə ərəb dilində yazılıb. Bu səbəbdən, kitabdan cırılıb atılmalıdır ki, mən elə elədim.

  1. Səhifə 200-201 – təmuz və qış barəsində dərc olunan Tövfiq Fikrətin şerlərini çap etmədən qabaq azərbaycanlıların dilinə çöndərməli idi.

Bunu da kitabdan çıxartdım.

  1. Səhifə 203 – “Misir xatiratımdan”.

Çürük, məzmunu çürük, dili çürük, məsləki çürük.

Əgər bu kitabı yazan mərhum müəllimimiz kitabını bu şəkildə meydana qoyubsa, bu iş onun şəxsi işidir, onun ağlı belə kəsib.

Amma təəccüb burasındadır ki, indiki əsrimizdə açıq bir ana dilinə möhtac olduğumuz yerdə bir nəfər də mənim kimi bir namərd insafa gəlib dillənmir və demir ki, a balam, bu ərəb dili behiştə gedənlər üçün lazımdır; çünki ağayi-Məclisi əleyhirrəhmə buyururlar ki, behişt əhli ərəb dili, cəhənnəm əhli məcus dili danışır.

Aman günüdür, nə dil olur olsun, – qoy məcus dili olsun, – ancaq oxuyub qanmalı olsun.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 15 dekabr 1923, № 40

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə

1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.

1 dəq
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar Şurasına

Fevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri

1 dəq
İrəvan müxbirimizdən

Dəlmə – İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə, Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar salmışlar; həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi, öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı-kəsəkli, bomboş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər.Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı; lakin bu barədə qəti bir tədbir görmək ona heç çür müyəssər olmurdu; axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır.

3 dəq
İrəvandan (xəbər)

Şəhər dumamızın son növbəti iclasında başqa məsələlər cümləsində su kəməri məsələsinə də baxıldı. Görəsən, bədbəxt şəhərimizə su kəmərini görmək qismət olacaqmı? Cənab Babova verilən konsessiyanın təsdiqi işi güc-bəla başa çatmaqda idi ki, ortaya təzə bir maneə çıxdı. Səhər dumasına tacir İsay Canpoladovun bu məzmunda bir ərizəsi yetişdi ki, o, su kəmərini şəhər üçün daha əlverişli şərtlərlə çəkməyə hazırdır. Şəhərin bu iki ağadan hansını seçəcəyini qabaqcadan demək çətindir; amma bir şey şəksizdir ki, hələlik bu məsələ dedikcə ləng həll olunur. İndilik belə bir sual ortaya çıxır: C. Babovla bağlanıb, artıq müvafiq başçılar tərəfindən bəyənilmiş müqaviləni ləğv etməyə dumanın haqqı varmı? Hazırda duma məmurları bu hüquqi sualın cavabı üzərində baş çatladırlar.Bu iclasda irəvanlı Məşədi Abbas Xararatovun boş qalmış şəhər torpağının ona icarəyə verilməsi barədə ərizəsinə də baxıldı. Duma bu ərizəni yekdilliklə rədd etdi. Yerli tatarlardan bir başqasının eyni məzmunda ərizəsinin də başına o işi gətirdilər. Lakin bu cür məsələləri həll etmə üsulu olduqca maraqlıdır. Sədr məlumat verir: “Məşədi Abbas ərizə vermişdir ki,...”, sədr sözünü qurtarmamış duma üzvlərinin səsi eşidilir: “olmaz”; yaxud da belə olur: sədr məlumat verir: “İrəvan şəhərinin sakini kərbəlayı Cəfər Əli oğlu uprava idarəsinə ərizəsində xahiş edir ki,... “ Qlasnılar içərisindən “olmaz”, “olmaz” sözləri eşidilir. Bu surətlə duma məzmunu ilə tanış olmadığı ərizələr haqqında qərar çıxarır.

2 dəq

Başqa şairlərin şeirləri