Əzizim Həmidə! (7 iyul 1914)
Tiflis
Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.
Ələkbər yazır ki, kəndə bərk yağışlar yağıb, dərzlər qaralıb, pambığa isə ziyan dəyməyib. Xankəndinə gedəndə Yevlaxdan sənə kağız yazaram. Ənvər tamam sağalıb. Ələkbər bir neçə gün qabaq Ağalarla onlara xərclik göndərib. Mən də poçtla oğlanlara və qızlara ayın-oyun göndərmişəm, amma jurnalın nəşri babatdır. Ümidvaram ki, üzümüzə gələn ildə jurnalın işlərini yoluna salacağam. Dünən Zeynal teleqram vurub, Yesentuki üçün 120 jurnal istəyib. Başa düşmürəm o, bu qədər jurnalı orada necə satacaq. Kağızımı alan kimi mənə cavab yaz. Xudahafiz.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ezizim-hemide-7-iyul-1914
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhərrəmlikdə çığır-bağır salan və başlarını yaran bambululardan mənim xoşum gəlmir. Çünki onlar savadsız və nadandırlar. Mənim xoşum elmli və ədəbli intelligentlərdən gəlir. Çünki bunlar məhərrəmlikdə başlarını yarmayırlar. Çünki bunlar oxumuş adamlardırlar. Ancaq bunlar bir yüngülvarı yas saxlayırlar. Çox ədəbli və üslublu təziyədarlıq edirlər.Doğrudan da nə vəhşilik, baş yarmaq və nə cana qıfıl keçirmək, bunların heç birinə nə Allah razıdır, nə imam.
Aşura oğrularıİki ildir ki, Şura hökuməti küçələrdə dəstə tutub baş çapmağa mane olur. Təəccüb burasındadır ki, həmin bu iki ilin aşura günlərində çox evlərdə oğurluq olmuşdur. Məsələn, bildir aşura günü ki, baş yaran olmadı, Təzəpir məhəlləsində və habelə qeyri məhəllələrdə on yeddi yerdə oğurluq müşahidə olundu. Məşədi Orucun evindən xalça oğurlandı, bir evdən qaynar samavarı lotular aparmışdılar. Keçəllər məhəlləsində axund Cəfərin evini yarmışdılar. Ərdəbillilər məscadindən mücavirin başmaqlarını aparmışdılar. İmamverdi məhəlləsindən Fatma xalanın corablarını oğurlamışdılar.Xülasə, belə-belə on yeddi yerdə oğurluq baş vermişdi. Bu hələ müsəlman məhəllələrinin oğurluğudur, yəqin ki, qeyri məhəllələrdə də o gün belə işlər törəyibdir.
BinamazlıqBunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar.Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar.
Şükür eləməlidirMənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:
Başqa şairlərin şeirləri
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Möhnətindən daima halım pərişandır, fələkMöhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
در گلشن ایام نسیمی ز وفا نیستدر دیده افلاک نشانی ز حیا نیست