Biri vaqe olub min üç yüz il bundan qabaq İraq səhrasında, o biri də vaqe olub həmin iyun ayının 16-da gecə saat 11-də, Kürdəmir vağzalında.

Qabaqkı möcüzün təfsili belədir: zəmani ki, həzrət İmam Hüseyn başladı İraq davasına hazırlaşmağa, Ümmisəlimə çox yalvar-yaxar elədi ki, “bala, getmə İraqa, səni orada şəhid edəcəklər!”. İmam bu sözə çox təəccüb elədi və soruşdu ki, “Ey mənim anam! Sən haradan bunu bilirsən ki, məni orada şəhid edəcəklər?”.

Ümmisəlimə imama belə cavab verdi, dedi: “Ey mənim övladım! Həzrəti-rəsuli-xuda mənə vəsiyyət edibdir ki, sənə İraq səmtinə davaya getməyə izin verməyim, ondan ötrü ki, səni orada qətlə yetirəcəklər”.

Və çün həzrət İmam Hüseyn Ümmisəlimənin sözünə etina etməyib İraq diyarına davaya getdi, o həzrəti orada məlunlar qətlə yetirdilər və həmin gün ki, aşura günü idi, Ümmisəliməyə imamın ölüm xəbərini gətirdilər.

Lənətullah əla qövməz-zalimin!

İkinci möcüzün də təfsilatı bu qərar üzrədir: zəmani ki, çiyni xurcunlu iki nəfər Kürdəmir kəndlisi iyun ayının 16-da gecə saat 11-də üz qoydular Kürdəmir vağzalının bilet kassasına bilet almağa ki, Bakıdan gələn maşına minib Gəncəyə getsinlər, bunların yoldaşları bu iki kəndliyə məsləhət gördülər ki, pullarını nahaq yerə məsrəf etməsinlər; çünki gecə vaxtı vağzalın səhrasında, vaqon hakimləri bunları vaqona minməyə buraxmayacaqlar.

Və lakin çiyni xurcunlular qulaq asmadılar və biletlərini aldılar və maşın gəldi dayandı. Xurcunlu yoldaşlar o yana çapdılar, bu yana çapdılar, – hər bir vaqonun qapısını kəsən əli fanarlı bir Şümrdən elə bunu eşitdilər: “yer yoxdur!”.

Ancaq kənarda vargəl edən atası rəhmətlik bir milis nəfəri gəldi və çox yalvar-yaxar ilə xurcunlulara beşinci vaqona daxil olmağa əli fanarlı hakimdən izn aldı.

Və halon ki vaqonların hamısında bir neçə boş yer var idi.

Bu iki möcüzün sirri burdadır ki, aya Ümmisəlimə nə bildi ki, həzrət İmam Hüseyni məhərrəmin onunda İraq səhrasında qətlə yetirəcəklər və aya söylədiyimiz xurcunlu miniklərin yoldaşları nə bildilər ki, iyunun on altısında Bakıdan gecə saat 11-də Kürdəmirə yetişən qatarın əli fanarlı vaqon müdirləri and içiblər ki, bir nəfər də çiyni xurcunlu və əli biletli miniyə, vaqona daxil olmağa yol verməsinlər?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 30 iyun 1927, №27

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dinsizdirlərmi Azərbaycan kəndliləri?

Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?

1 dəq
Mədfən

“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.

1 dəq
Qarabağda aşura

Bu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.

1 dəq
Dindarlığın axır nəfəsi

Çox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?

1 dəq

Başqa şairlərin şeirləri · Satira