Dünən poçtadan bir məktub aldım, yazılıb ki, “İdarədən xahiş edirəm Rasta küçəyə mənim adıma altı aylıq ruznamə göndərilsin”.

Məktubun axırında imza əvəzinə bir qurbağa şəkli çəkilib.

Dedim bəlkə məktub sahibi mənnən zarafat eləyirmiş.

İki gündən sonra məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. Mən məktubu göstərdim və qurbağanı nişan verdim və zarafatın səbəbini soruşdum. Ağa bir az rəncidə olan kimi, cavab verdi ki:

– O qurbağa deyil, imzamdır.


Gündə idarəmizə beş-on məktub gəlir, Allaha and olsun ki, bir dəfə də olmayıb ki, məktub sahibinin adını oxuya biləm; çünki imza əvəzində bu nainsafların biri ilan şəkli çəkib, biri quş şəkli çəkib, biri aeroplan çəkib.

Xülasə, dünyada bir ilan-çayan yoxdur ki, məktublarda imza əvəzinə çəkilməsin və indi bu saat idarəmizdə on beş, iyirmi abunə sifarişi biəncam qalıb; çünki abunə istəyənlərin adlarını hər kəsə nişan veririk, oxuya bilmir.


Dostlarımın çoxu mənim gözümün qabağında bir kəsə kağız yazıb qurtaranda mən onun hərəkətinə tamaşa edirəm; o yerə ki, istəyir adını yazsın, qabaqca qələmin tez-tez – davata mizləyib kağızı bir az yanqılıcı tutur. Sonra başını bir az əyir aşağı və hıqqana-hıqqana adının baş hərfini yazır və sonra həmin hərfin ətrafına hörümçək toru kimi bir çoxlu cızma-qara çəkir. Deyirəm:

– Bu nədir?

Deyir:

– Mənim imzamdır.

Deyirəm:

– Bəs, niyə ismi-şərifinizi yazmırsınız ki, kağızı oxuyan bilsin.

Deyir:

– Elə bu mənim adımdır.

Deyirəm:

– Bağışla, bilmədim.


Belə tutaq ki, mən böhtan deyirəm, indi and verirəm oxucuları Xoyda rəiyyət evlərində qonaq qalan və İsmayıl ağa müharibəsində qeyrət göstərən bəzi atlıların insafına, heç bir dəfə ittifaq düşübdümü ki, İranda yazılan məktubları alanlar məktubun imzasını oxuya bilsinlər? Ancaq zənn ilə və möhr olsa möhr ilə, yainki poçt əlaməti vasitəsilə təxminən bilirlər ki, məktub sahibi kimdir.


İmzaların çoxu ilan şəklindədir. Bəzisi milçək, qarışqa, soxulcan və dozanqurdu şəklində olur. Çoxusu cızmaqaradır, bir parası bir neçə cızıqdan ibarətdir. Bəzi də adının baş hərfini yazan kimi, hərfin ətrafını cızıqlayır və ətrafına balaca-balaca quş qanadı düzür.


Budur bizim imzalarımız. Danışanda özümüzə bərabər yer üzündə bir ayrı qələm sahibi bilmirik, amma mənə qalırsa, bu imzalarımıza baxanda gərək mərd-mərdanə boynumuza alaq ki, yer üzündə əgər bir biməna və gülüncə layiq olan millət varsa, o da həmin başıboş ağalardır ki, anaları qoyduqları adı yazmağa guya utanıb, ilan-qurbağa çəkirlər ki, bədbəxt kağızı oxuyan bilməsin ki, kağızı yazan kimdir.

Biçarə millət!

Mozalan

“Molla Nəsrəddin”, 1 şaban, 1339 (10 aprel 1921), №5

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xırda xəbərlər

Bərdə – “Qoyunbinə” kənd şurası sədrinin fəaliyyəti sayəsində kənddə olan məktəb və gecə kursları şagird və müdavimlərlə “dopdolu”-dur. Məktəbdən və kursdan qaçan eləyən yoxdur.Naxçıvan – Zəhmət məktəbinin halı çox gözəldir. Paltar tərəfindən təmin olunduqları kimi, qaşıq olmadığından uşaqlar şorbanı da boşqablardan içirlər.

1 dəq
Bəradərim Məşədi Qurbanəli

Fi 25 aprel (1895–1897-ci illər arası).*Nehrəm*

2 dəq
Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış

(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.

2 dəq
Əzizi-mən Məşədi Tağı! (2 yanvar 1901)

Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.Dəxi nə yazım?

1 dəq

Başqa şairlərin şeirləri · Satira