Fi 25 aprel (1895–1897-ci illər arası).

Nehrəm

Sağ və salamat varam. Haman Naxçıvan, haman Nehrəm, haman Danabaş kəndi və haman Məhəmmədhəsən əmi ilə Xudayar bəy. Haman qazi... Qərəz, haman göl, haman qurbağa... Hələ bunlar qalsın, inşallah gələn dəfə bu barədə danışarıq.

Qardaşım, mənim sənə bir işim düşübdür və ümidim artıqdır ki, bu işi aşırmaqdan boyun çəkməklik eləməyəsiniz. İşim budur: əzizim, lazımdır ki, bu kağızı alıb oxuyan kimi çıxasınız bazara; yəni, mən Tiflisi nəzərdə tuturam. Əgər, söz yox, Tiflisdə olmasanız, sonra gəlib çıxasınız bazara və ərzimi yerinə yetirəsiniz.

Ərzim budur ki, bəndəyə bir odinoçka lazım olubdur. Bu barədə də artıq təvəqqe edirəm. Əgər özgə vacib işin olmuş olsa, qoy qalsın sonraya və çıx şəhərin ərradəçilər məhəlləsinə və bəndədən ötrü yazdığım odinoçkalardan birini al. Söz yox, təzə olmasın; yəni, nə elə köhnə olsun, nə də ki, əcərli olsun. Ancaq köhnə də olsa, verib qayıtdırarsan və sonra göndərərsən. Və bu sövdənin əvvəlinci şərti bu olsun ki, baha olmasın, çünki pulum çox deyil. Mənim yəqinimdir ki, Tiflisdə bu cür droşkaların nimdaşını əlli-altmış manata almaq mümkün olar və bundan yaxşı fürsət olmaz məndən ötrü. Dəxi sən orada olmasan, mən bir elə şəxs tapa bilmərəm ki, xəyanət etməyib, məndən ötrü bir belə şey alıb göndərsin.

Qərəz, başa düşdün, söz yox ki, mənim dediyim nədir. Əgər yanında pulun olmasa, yaz göndərim. Əgər varındır, al, sonra göndərərəm. Mən istəyirdim bir qədər pul göndərim, amma kağızı kənddən yazıram, pulum şəhərdədir. Əgər çox tələsik olsa, teleqrafla Hacı Əliqulu barat da edə bilər. Vəssəlam ki, bu barədə səy elə və düzəlt. Çox vacibdir. İnşallah sonra yazaram nə səbəbə vacib olubdur. Çox yaxşı olar bir at xamutu şiliyi göndərəsən. Çünki oraların köhnəsi bu xarabaların təzəsindən yaxşı olar. Söz yox, alan vaxtda lazımdır diqqət eləmək təkərləri və resorları möhkəm olsun. Əlbəttə, hər bir barədə də vəkilsiniz. Axırda mənə peşmançılıq heç vaxt üz verməz, əgər sövdəniz məğbun da olmuş ola.

Əlbəttə, mənə bu barədə də bir cavab yazarsınız və nə qədər pul lazım olsa, yazarsınız, göndərərəm və bunların əvəzində Allah qoysa, yaxşı əhvalatlar yazıb göndərərəm, oxursan.

Və bunu da bil, kağızı göndərəndən sonra günləri sayacağam, görək neçə günə kimi ya kağızın cavabı, ya odinoçka gələcək. Amma hamısından vacib odur ki, yüngül olsun, ağır olmasın. Çünki lazımdır ki, iki adam otursun, kuçerdən ötrü yer lazım deyil, çünki oturanların biri sürəcək. Əlbəttə, resorlu olacaq. Əlbəttə, başa düşdün.

Bu kağızı indi, mən yazan vaxt düz gecə yarısıdır, yəni saat on iki. Bəs, əgər bir para sözləri oxuya bilməsən, günah mənim deyil.

Qardaşın Cəlil Məmmədquluzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (28 fevral 1929)

Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.

1 dəq
Həmidə! (19 aprel 1929)

İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.

1 dəq
Həmidə! (8 iyun 1929)

İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.

1 dəq
Məmmədəli! (9 iyun 1929)

İrəvandan*Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya.

1 dəq

Başqa şairlərin şeirləri