Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.

Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.

Midhət və Ənvər məktəbə gedirlər və hələlik dərslərdən geri qalmırlar. Fevralın 15-də sənə göndərilən 40 manat haqqında hələlik səndən xəbər yoxdur. Sabah 40 manat göndərirəm.

Hələlik. Hər şey yaxşıdır.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Həmidə! (1 fevral 1912)

Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.

2 dəq
Həmidə! (14 fevral 1912)

Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm.

1 dəq
Əzizim Məmmədəli! (7 mart 1912)

Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram.Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə [di] və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında [... ] manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur.

1 dəq
Həmidə! (27 noyabr 1913)

Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

2 dəq

Başqa şairlərin şeirləri