“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.

“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Zeynəb

Firəngistanın ən müqtədir filosof və dramnəvisi Volterin qələminin əsəri olan “Zeynəb” adlı teatrı iki yüz il bundan qabaq böyük bir qiylü qala səbəb olmuşdu: bir tərəfdən islamın dininə iltifatını müzayiqə edən cəmi katolik mütəəssibləri əsər sahibini hədsiz təbrik məktubları ilə alqışlamağa başladılar və digər tərəfdən yer üzünün müsəlmanlarını həmin əsər artıq dərəcədə rəncidə-xatir qıldı; səbəb budur ki, “Zeynəb” deyilən həmin əsər fəxri-kainatımızın yeddinci övrəti Zeynəb Cəhş qızının Məhəmməd peyğəmbərə övrət olmağının müfəssəl rəvayətidir. Müsəlmanların da o vaxt Volterdən inciməkləri o babətdən idi ki, Zeynəb Cəhş qızı ilə seyyidüs-səqilinin münasibəti peyğəmbərin haman öz əsrində də xeyli danışıqlar və hədyanlar yaratdı və məlum ki, Məhəmmədin dininə sitayiş edənlər əbəda razı ola bilməzdilər ki, müşriklər və münafiqlər dillərində əzbər etdikləri böhtanlar indi dübarə təkrar olunsunlar və Paris, Londonun, Rim və Berlinin həşəmətli teatrlarında islamı dost tutmayan xristianların nəzərindən keçsinlər.Söhbət buradadır ki, Zeynəb binti Cəhş deyilən – qabaqca Harisə oğlu Zeydin övrəti idi. Möhtərəm oxuculardan iltimasım budur ki, iki Zeynəbi bir-birinə qarışdırmasınlar. Xatəmül-ənbiya həzrətlərinin hesabı çox olan övrətlərinin içində iki Zeynəb var idi: biri Zeynəb Həzimə qızıdır ki, peyğəmbərin beşinci övrəti idi; ikinci Zeynəb də haman Zeydin övrəti idi ki, bir gün Məhəmmədül-mustafa səlləllahü əleyhə və səlləm Zeydin mənzilinə təşrif aparıb; Zeyd mənzildə yox imiş, onun övrəti Zeynəb Cəhş qızını başıaçıq görüb; amma çün Zeynəb həmin əsrin gözəllərinin ən birincisi sayılarmış, həzrət rəsulixuda da onu gördükdə onun şöhrətini həmin tarixi ibarə ilə təsdiq edir, belə ki, Zeynəbi görən kimi buyurur: “fətabarəkallah əhsənülxaliqin”. Elə ki, Zeyd evə gəlib bu fəqərəni eşidir, övrəti Zeynəbin üzünə baxıb dərindən bir ah çəkir və deyir:

3 dəq
“Darvin”çilik və kommunistlər

Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.

2 dəq
Əfqan padşahı

Bu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə.Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır.

2 dəq
Qurban bayramı və quldur yığıncağı

“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.Amma, nə vaxt?

2 dəq

Başqa şairlərin şeirləri