Firəngistanın ən müqtədir filosof və dramnəvisi Volterin qələminin əsəri olan “Zeynəb” adlı teatrı iki yüz il bundan qabaq böyük bir qiylü qala səbəb olmuşdu: bir tərəfdən islamın dininə iltifatını müzayiqə edən cəmi katolik mütəəssibləri əsər sahibini hədsiz təbrik məktubları ilə alqışlamağa başladılar və digər tərəfdən yer üzünün müsəlmanlarını həmin əsər artıq dərəcədə rəncidə-xatir qıldı; səbəb budur ki, “Zeynəb” deyilən həmin əsər fəxri-kainatımızın yeddinci övrəti Zeynəb Cəhş qızının Məhəmməd peyğəmbərə övrət olmağının müfəssəl rəvayətidir. Müsəlmanların da o vaxt Volterdən inciməkləri o babətdən idi ki, Zeynəb Cəhş qızı ilə seyyidüs-səqilinin münasibəti peyğəmbərin haman öz əsrində də xeyli danışıqlar və hədyanlar yaratdı və məlum ki, Məhəmmədin dininə sitayiş edənlər əbəda razı ola bilməzdilər ki, müşriklər və münafiqlər dillərində əzbər etdikləri böhtanlar indi dübarə təkrar olunsunlar və Paris, Londonun, Rim və Berlinin həşəmətli teatrlarında islamı dost tutmayan xristianların nəzərindən keçsinlər.


Söhbət buradadır ki, Zeynəb binti Cəhş deyilən – qabaqca Harisə oğlu Zeydin övrəti idi. Möhtərəm oxuculardan iltimasım budur ki, iki Zeynəbi bir-birinə qarışdırmasınlar. Xatəmül-ənbiya həzrətlərinin hesabı çox olan övrətlərinin içində iki Zeynəb var idi: biri Zeynəb Həzimə qızıdır ki, peyğəmbərin beşinci övrəti idi; ikinci Zeynəb də haman Zeydin övrəti idi ki, bir gün Məhəmmədül-mustafa səlləllahü əleyhə və səlləm Zeydin mənzilinə təşrif aparıb; Zeyd mənzildə yox imiş, onun övrəti Zeynəb Cəhş qızını başıaçıq görüb; amma çün Zeynəb həmin əsrin gözəllərinin ən birincisi sayılarmış, həzrət rəsulixuda da onu gördükdə onun şöhrətini həmin tarixi ibarə ilə təsdiq edir, belə ki, Zeynəbi görən kimi buyurur: “fətabarəkallah əhsənülxaliqin”. Elə ki, Zeyd evə gəlib bu fəqərəni eşidir, övrəti Zeynəbin üzünə baxıb dərindən bir ah çəkir və deyir:

– Daha sən mənim əlimdən getdin.

Zeynəb təəccüblü səbəbini soruşur və Zeyd belə cavab verir:

– Səni ki, peyğəmbərimiz bəyəndi, daha ümid yoxdur ki, səndən əl çəkə.

Çün tarixin cəmi təfsilatını bu kiçicik səhifəyə dərc etmək namümkündür, onunçün də müxtəsərcə bunu deyə bilərik ki, – necə ki, məlumdur, – peyğəmbər əleyhüs-səlam xudavəndi-zülcəlal tərəfindən nazil olan mütəvatir ayələrin hökmünə tabe olmaq babətindən axırda Zeynəbi Zeyd ibn Harisədən boşadıb, öz əzvaci-mütəhhərəsinin zümrəsinə yeddinci övrəti hesabı ilə daxil etdi.

Bu müqəddəs iş vaqe olandan sonra Şamda rumlarla müharibə başlandı və rəsuləllah Zeydi Səryəyə əmiri-ləşgər təyin buyurdular və orada, Mütə davasında biçarə Zeyd qətlə yetişdi. Digər tərəfdən də məlun müşriklər başladılar peyğəmbəri-zişanımız barəsində min cür hərzə və hədyan danışmağa ki, guya fəxri-kainata, nəuzübillah, şayistə deyil idi öz oğulluğu olan Zeydin övrətini boşatdırıb özünə övrət eləsin. Odur ki, xudavəndi-təbarək və təala məlunların bu yersiz töhmətlərinin cavabında həmin ayeyi-şərifəni yuxarıdan aşağıya saldı ki, fürqanikərimin “əhzab” surəsində dərc olunubdur: “Məkanə Məhəmmədü əba əhd min ricaliküm”; yəni ay camaat, Məhəmməd siz kişilərin heç birinin atası deyildir, yəni necə ki, heç bir kəsin atası deyildir, bəs Zeydin də atası deyil, belədə onun mütəlləqə övrətini də özünə halal edə bilər.

Sonra həmin bu keyfiyyət “xatəmül-nəbinin” sifətini tənqid edən islamın düşmənlərinin əlində böyük bir dəstaviz oldu; belə ki, katolik papası da “Zeynəb” teatrının hikmətməab müəllifinə atəşin mərhəbalar irsal etdi.

Və lakin, bu axır vaxtlarda Parisdə akademik teatrında “Zeynəb” pyesinin nümayişi Əfqan padşahı Əmanullahın orada iqamətinə təsadüf etməyi cəhətindən baş tutmadı. Paris qəzetləri yazır ki, islam padşahı Əmanullahxanın xatirəsini Fransa hökuməti mülahizə edib, “Zeynəb” nümayişini iki həftə sonraya buraxdı.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 may 1928, №18

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mədfən

“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.

1 dəq
Qarabağda aşura

Bu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.

1 dəq
Dindarlığın axır nəfəsi

Çox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?

1 dəq
Kooperativ bayramı

Bu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.

1 dəq

Başqa şairlərin şeirləri · Satira