Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.

Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.

Ancaq – bir tərəfə baxanda – darvinizmin düşmənləri də bir növ haqlıdırlar; zira ki, əgər doğrudan da biz əgər duraq Darvin məsləkini tamamilə qəbul edək, onda da biz gərək cəmi kütübi-müqəddəsəni də və o cümlədən Quranı da büküb qoyaq kənara və bunların əhkamının cümləsini bir əfsanə hesab edək.

Hələ qabaqlarda, 1809-cu ildə fransız elmi-həyat alimlərindən bir nəfər dinsiz Lamark insanla heyvanlar barəsində bir para pərpuçat sözlər danışanda xalq elə güman edirdi ki, bu Lamark bəlkə dəli olub; çünki bu şəxsin sözündən belə anlaşılırdı ki, insanla heyvanlar arasında cəzri heç bir təfavüt yoxdur; bütün heyvanlar aləmi ümumi bir zəncir təşkil edir və insan da bu zəncirin həlqələrindən biridir və bütün heyvanlar aləmi kimi insan da heç bir vaxt yaradılmamışdır: bunlar uzun inkişaf təamilləri nəticəsində meydana gəlmişlərdi.

Pəh! pəh! Maşallah söz danışana!

Bəs, Adəm peyğəmbər necə oldu? Bəs, Həvva haraya getdi? Bəs, peyğəmbərlər necə olsun? Bəs, müqəddəs kitabları hara tullayaq? Bəs, mübarək ayələr və hədislərə nə deyək?

Xülasə, buradan yüz il keçməmişdi ki, bu başıdaşlı Darvin çıxdı. Bu rəhmətliyin oğlu nəinki Allahsız Lamarkı təsdiq etdi, bəlkə hələ... – dilim qurusun – murdar meymunu da biz insana yavıq qohum və əmoğlu qərar verdi.

Va şəriəta! Vay yüz iyirmi dörd min peyğəmbər! Vay əimmeyiəthar! Vay pənctəni-ali-əba!.. (Mabədi bəlkə ola).

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 10 may 1928, №19

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira