Qurban bayramı və quldur yığıncağı
“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.
Amma, nə vaxt?
Yoxsa, sən elə xəyal edirsən ki, biz Allahın mömin bəndələri qurban büsatını lap tullayaq və İsmayıl yadigarından bilmərrə əl götürək!..
Sən, əvvəla, haman məqalədə yazırsan ki, Şəki əczaxanası bir quldur yığıncağıdır və ayda 240 manat məvacib alan müdir İmçislavski 124 manat da “sverxuroçnı” alır. Amma mən də deyirəm ki, bu sözlərin heç biri mənim qulağıma girmir. Səbəb budur ki, səhərdən axşama kimi gəzirəm və qoyun-quzunun bahalığı ucundan bir münasib heyvan ala bilmirəm ki, eydi-əzha naminə o günahsız heyvanın qanını axıdım.
Sən yazırsan ki, əczaxanada ixtisas və ictimai vəziyyət heç bir rol oynamır; ancaq dost, aşna və qohumluq mülahizəsi ortalıqda iş görür və sozünün sübutu üçün Tiflisdən oğurluq üstündə sürgün edilən bir nəfər Koqan namın orada çox asanlıqla vəzifə tapmağını və tapandan da sonra yenə dübarə neçə-neçə quldurluqlarını bir-bir sayıb nağıl eləyirsən.
Amma biz, Molla Nəsrəddin əminin idarəsi, bir şeydən yana nigaran qaldıq: bu haman Kaqanoviç hərifin dayı oğlusu deyilmi ki, keçən il Gəncədə “Yeni Gəncə” qəzetinə daraşıb, onun bir qədər pulunu və bizim də 85 manatımızı yedi?.. Və nəticədə “Yeni Gəncə” qəzeti dağıldı, yox oldu?..
Axırda da şikayət edirsən ki, səkkiz saat qaynar suda əlləşən fəhlə, doktorun yanına daxil olmaq üçün nömrə alır, növbəyə durur və axırda doktora min dil, cürbəcür hərəkətlərlə öz dərdini anladır, doktor baxır, dərman yazır, fəhlə dərman üçün gedir bir baş əczaxanaya... Fəqət heyhat! Burada fəhlənin ehtiyacını ödəmək üçün düşünənlər yoxdur. Bunlar ən sadə dərman istəyəndə də hamısına bir cavab verilir: yoxdur, yoxdur...
Sən, əzizim, “R.” imzalı məqalə yazan, bilmirəm ki, bu sözləri kimə deyirsən? Amma bunu unudursan ki, indiki əziz günlərdə beləbelə sözlər müsəlman qardaşa əl verən sözlər deyil: əgər sən onların dərdinə doğrudan da yanansan, sən indidən onlara təlim et ki, qurban bayramının iki rükət vacibi namazı var və əvvəlinci rükətdə rükudan qabaq beş təkbir lazımdır demək və hər təkbirdən sonra qunut oxumaq lazım gəlir və ikinci rükətdə dörd təkbir var.
Və bundan savayı bizə nə qəzet-məzet lazımdır, nə də sənin məqalən lazımdır. Xahiş edirəm bunu unutmayasan.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 may 1928, №21
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qurban-bayrami-ve-quldur-yigincagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaz əkini kampaniyasına dair*Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.
Leylətül-qədrRəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.
Qadağa etməkÜç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.
“Tiryək”Bu axır günlərdə qabaqca yəhudilərin və sonra xristianların pasxa bayramlarını saxlamaqmı və ya saxlamamaqmı mübahisəsi olunmaqda idi.Bu barədə türk mədəniyyət sarayında bir neçə məclislər təşkil olundu; orada bir tərəfdən Allahsızlar cəmiyyəti mübəlliğləri, digər tərəfdən xristian məzhəbləri nümayəndə və vaizləri, keşişlər, xaxamlar və hazirun – başladılar hərə öz sözünü uzun nitqlərlə meydana qoymağa və dəlillər və sübutlarla təsdiq etməyə.
Başqa şairlərin şeirləri · Satira
Mehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Qızdı, ya oğlandı bu?Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.