Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?

Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.

İstiftaya imza qoyublar: bir molla və bir hacı.


Bəli, mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur, avamlar da təşxis edə bilərlər; amma mən ona heyifslənirəm ki, bu sözlər ərəbcə yazılıb və camaat qanmayacaq.

Yaxşı olardı ki, bu cavab avamın öz dilində yazılaydı; məsələn, bu cür ki: “ay Allahın heyvanları, görürsünüz ki, “kür” suyunu üç yüz min Bakı camaatı içə-içə kökəlir. Görürsünüz ki, “kür” suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, nə qoxusu var, nə iylidir; ay dilsiz-ağızsız, adama oxşayanlar, dəxi üləmaya niyə baş ağrısı verirsiniz?”.


Amma öz aramızdır, – üləmamızın cavabında da mən o qədər sədaqət görmürəm; səbəbi budur ki, həqiqətdə əgər mövzuatı təşxis etməkdə üləmaya ehtiyac olmasa, dəxi bundan sonra kim üləmaya hörmət qoyacaq, dəxi bundan sonra üləma kimə lazım olacaq? Bizim “mübarək” müsəlmanlar üləmadan izn almamış, üləmadan “istifta” eləməmiş bozbaşa “noxud” salmaq istəmirlər; əgər mövzuatı təyin eləmək məşədilərin öz ixtiyarına qalsa, dəxi üləmanın üzünə baxan kim olacaq? Və buna da inana bilmirəm ki, üləmamız öz xoşlarına, mövzuatın təşxisindən özlərini kənar eləyələr. Xeyr, hələ çətindir, hələ tezdir. Bəlkə bir vaxt elm və finnin bərəkətindən bu işlər düzələ. Əgər mövzuatın təşxisini üləmamız, camaatın öx ixtiyarına qoymaq istəsəydilər, yuxarıdakı istiftanın cavabını iki sətir ilə qurtarıb deyərdilər ki, “bu bizim işimiz deyil”. Amma xeyr, yenə noxtanı əldən ötürmək istəməyiblər: “Bəli, getdik suya baxdıq, suyun üstü açıqdır və nəcis olsa da, yağış təmizləyir; bəli, biz izn veririk ki, içəsiz”.


Yox, əzizim, belə deyil: mövzuatı hər bir avam təşxis edə bilməz və onunçün də avamdır ki, hes bir şeyi təşxis edə bilmir.

Xüsusən su məsələsində ki, nəinki avamların, bəlkə “üləmamızın” da bu məsələsini təşxis və təyin etməyə ixtiyarı yoxdur.

Su nədir? Nə əczadan əmələ gəlir, nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? Mədən suları hansıdır, dərya suyu nədir? Axar suyun xasiyyəti nədir? Kəhriz suyunun hikməti nədir? Yağış suyu nədir? Niyə bir para mədən sularını bir para xəstələrə və bir para mədən sularını bir özgə qism xəstələrə rəva görürlər? Nə vaxt çiy suyu lazımdır içmək, nə vaxt qaynatmaq lazımdır? Dünyada ən yaxşı sular hansı çayların, mədənlərin, yaylaqların suyudur? Qafqazda hansı sular var? Suyu nə cür təmizləmək?

Yoxsa bunlar zarafatdır? Bəlkə bunların hamısını “üləmamız” bilir? Əgər bilirlərsə, zəhmət çəkib buyursunlar görək hansı darülfünunda və nə kitablar ilə təhsil eləyiblər; əgər bilmirlərsə, bəs yazıq camaatın yaxasından niyə əl götürmürlər?

Sözün doğrusu, su məsələsinin istiftası mənim xoşuma gəldi. İndiyədək molla məsumlar və mir murtuzalar ancaq ruslar ilə əl-ələ vermək məsələlərindən yana istifadə edərdilər. Amma “su” söhbəti çox əhəmiyyətli və danışılmalı mətləbdir.


Doğru deyir Bakı camaatı: aya, “kür” suyunu içmək olarmı, ya yox? Hərçənd bu istiftadan məqsəd behişt açarını piş əz vəqt ələ gətirməkdir, amma yenə su məsələsinin heç olmasa diriliyə də dəxli var.

Bəli, içmək olar; ondan ötrü ki, üstü açıqdır və yağış vurub təmizlər.

Vəssalam.

Yox, sərkari-mən, hər suyu içmək olmaz, istər həmişə yağış vursun!

Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür və həmişə yağışın altındadır; amma bu sudan vəba zəhəri heç əskik olmur və həmin azarın mədəni Qanq çayı hesab olunur. Bir çayın başı azarlı vilayətlərdən axıb gələndə çayın aşağılarında düşən əhaliyə o suyu içməyi həkimlər qədəğən eləyirlər. Amma dünyada elə sular var ki, insanı ölümdən qurtarır; məsələn, Qafqazda mədən suları, Avropada Karlsbad suyu və qeyri min-min sular.


Yuxarıda yazdığımız su istiftası mən indiyədək bu üç ilin müddətində dediyim sözlərin hamısını təsdiq eləyir və mən indi yenə deyirəm ki, işlər asanlıqla düzəlməyəcəkdir.

Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik.

Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. Əgər bu gördüklərimizi on il bundan qabaq görsəydik – yenə bəlkə təəccüb eləməzdik. İndi dünya və aləm bir-birinə dəyir və biz yenə hələ nələr görürük!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 10 may 1909, №19

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qoqol

Bu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.

2 dəq
Oxucularımıza

Keçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.Bəs hanı o şairimiz?

1 dəq
Heç bilirikmi?

Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...

3 dəq
Milli bayram

Qorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.

2 dəq

Başqa şairlərin şeirləri · Satira