Məscidlər
Hamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.
Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.
Amma bircə şey var:
Bir tərəfdən qonşularımız bizim belə tərəqqi etməyimizi görüb başlayıblar narahat olmağa; qonşularımız bundan qorxurlar ki, biz Qafqaz müsəlmanları maarifin bərəkətindən yuxarı qalxıb, qalxıb birdən atılıb minərik bunların boynuna.
Bu belə.
Bir tərəfdən də bizim köhnəpərəstlərimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eləyirik, amma bir yanda məscid tikmək fikrində deyilik.
Demək ki, qalmışıq iki odun arasında: bir tərəfdən əcnəbilər bizə pis-pis baxıb büxl edirlər, bir tərəfdən də Allah bəndələri bizi təkfir edib, hər namazdan sonra bizə lənət oxuyurlar; çünki biçarələr elə bilirlər ki, təzə açdığımız məktəblərdə şagirdlər o qədər elm-fənn ilə özlərini məşğul edərlər ki, ibadət və Allahı çağırmaq yavaş-yavaş yaddan çıxar.
Amma mən elə qanıram ki, bizim dörd-beş məktəbdən qorxan sağ tərəfdəkilər də səhv eləyirlər, sol tərəfdəkilər də müştəbeh olublar və yəqinimdir ki, əgər işin əsl həqiqəti necə ki, lazımdır açılsa, nə murdar qonşularımız bizdən qorxar, nə pak hacılarımız bizdən küsər. Və burada heç dava-mərəkə lazım deyil: məhz elə o lazımdır ki, mətləbi açmaq və işə bir tövr sülh vermək.
İşin əsil həqiqəti belədir:
Əgər bu təzə məktəblərimizi zərrəbin altına qoyub diqqət ilə baxsaq görərik ki, bunların hər birisi birdən yekəlib məscid oldu; görərik ki, bir mərsiyəxan müəllim libasında durub qabaqda, mərsiyə oxuyur və balaca uşaqlar da zərrəbin vasitəsilə yekəlib oxşayırlar mömin atalarına və belə şirin-şirin gözyaşı tökürlər ki, adamın az qalır bağrı çatlasın.
Hər kəs mənim sözümü zarafat hesab eləsə, mən də ona deyərəm bizim təzə məktəblərdən eləsini göstərsin ki, orada mərsiyə oxunmamış və gözyaşı tökülməmiş olsun. Elə deyəsən gözümün qabağındadır ki, günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir: “çəkin kənara taxta-tuxtanı”.
Bəli, Frebel üsulilə qayrılan məktəb skamyalarını bir-iki dəqiqənin ərzində çəkdilər kənara, otağın ortasına fərş saldılar, yuxarı başda bir kürsü qoydular və axund gəlib əyləşdi və başladı: “Əzzəməl-lahü ücurəna…”.
Hələ deyək belə işlər hər gün olmur. İndi baxıb görək gündəlik dərslər nədən ibarətdirlər.
Bəli, mədrəsə flandır, şəhər flan. Bir cədvəldə yazılıb “dürus”, yəni dərslər, o biri cədvəldə yazılıb “şümareyi-dürus dər ərzi-həftə”, yəni bir həftənin ərzində oxunan dərslər: zəbani-türki – 3 dərs, zəbani-Azərbaycani – 3 dərs, zəbani-türki osmani – 3 dərs, zəbani-türki tatari – 3 dərs, zəbani-ərəbi – 3 dərs, zəbani-pəhləvi – 3 dərs; cəmi – 24 dərs. Hələ bu “zəban” dərsləri qalsın kənarda; çünki bu dərslərin ibadətə, ya qeyri ibadətə dəxli yoxdur.
İndi gələk elm və fənn dərslərinə: şəriət – 4 dərs, moizə – 4 dərs, mərsiyə – 3 dərs, sinəzən –5 dərs, şəkkiyat və səhviyyat – 6 dərs, namaz və dəstəmaz – 6 dərs; cəmi – 24 dərs.
Dəxi mən sözümü qurtardım. Bir tərəfdən bizi gözləri götürməyən qonşularımızdan təvəqqə edirəm ki, çox da ehtiyat eləməsinlər və məktəblərimizin övzaına baxıb görsünlər ki, biz axirətdən savayı heç bir şey axtarmırıq və onlara hər halda mane ola bilmərik və nə qədər yuxarı da atılsaq, öz boynumuzdan yuxarı atıla bilmərik.
Behiştliklərimizdən də təvəqqə edirəm ki, məktəblərimizin proqramına baxıb görsünlər ki, bunların hər biri özlüyündə bir balaca məsciddir; və dəxi bundan sonra bir tikə də ürəklərini sıxmasınlar.
Yuxarıda yazdığımız beş məktəbin adları belədir: biri İttihadi-iraniyan, biri İttifaqi-Azərbaycan, biri İqbali-Səlyan, biri İstiqbali-Lənkəran, biri Xali-canan, biri də Bali-Əmrhacıyan.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 17 may 1909, №20
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mescidler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.
İkinci məclisIkinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan!
Üçüncü məclisKüçədə uzaqdan qiylü qal, səs-küy eşidilir; qiylü qal gəldikcə yavuqlaşır və küçədə Molla Abbas görsənir. Onun dalınca Pırpız Sona və bunların dalınca küçə dolusu küçə uşağı bunları daşa basır; dəlilər dinmirlər və bir tövr özlərini qoruyurlar.M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar məni dəli eləyəcəklər.
Dördüncü məclisDəlixana. Dəli M o l l a A b b a s ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ə m, S ə r s ə m H e y d ə r, H ə m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar.M o l l a A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd....
Başqa şairlərin şeirləri · Satira
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.