Qayda belədir: həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. Kiminin qohumu və qardaşı dustaqdır, – gərək azad oluna, kiminin nidamkası var, – bağışlanacaq, kiminin sudda işi var, – bilmir nə tövr qurtaracaq.

Amma çox heyif olsun ki, Bakıda çıxan müsəlman qəzetlərimiz bu barədə bir şey yazmırlar. Bu səbəblərə görə biz lazım görürük oxucularımıza bir qədər məlumat verək.

Qabaqca gərək bunu bilmək ki, manifestin məzmunu çox təfsillidir və orada olan qərardadın çoxusunun biz müsəlmanlara dəxli yoxdur; odur ki, biz burada məhz o mətləblərə əl vururuq ki, bizim işlərə dairdirlər.

Əvvələn, xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür; amma ağır tənbehlərin, yəni Sibirə və katorqaya düşənlərin müddətinin iki hissəsi qalır, bir hissəsi bağışlanır. Və bir də müsəlman quldurları və övrət üstə qohum-qardaşlarını öldürənlərin cəmisi manifestə düşür; çünki qeyrət işidir.

İkinci, kəndlilərin qızıl pullarından qalan nidamkalar bağışlanır və həmçinin Şamaxıda və Ağdamda açılan müsəlmanların qız məktəbləri manifestə düşür.

Üçüncü, bir para borclar manifestə düşüb bağışlanır; məsələn, rəiyyətlərin pambığından hasil olan pullar ki, bir para mülkədarların və bundan da savayı cəmi bədhəqq adamların borcları manifestə düşür.

Dördüncü, bundan sonra hər bir kəs uşaqbazlıq üstə işə düşsə, bağışlanacaq.

Beşinci, qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür, Qurana and içib rüşvət alandan sonra məhkəmələrdə yalandan şahid olanlar manifestə düşür.

Altıncı da xırda-mırda oğruluq eləyənlərdir ki, İrəvan quberniyasında və Qarabağda bu qism oğrulardan on dörd min nəfər müsəlman qardaş manifestə düşüb azad olublar.

O ki, qaldı manifestə bir neçə bağışlanan təqsirlər də var; məsələn, politika işlərindən ötrü Avropaya və Sibirə gedənlər, ştraflanan qəzetçilər və azadə danışmaq yolunda başlarına çox müsibət gələn yazıçılar,

– hərçənd bunlar da manifestə düşürlər, amma onların içində müsəlman tapılmaz və bu işlərin bizə heç dəxli-təsərrüfü yoxdur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 20 mart 1913, №10

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhəbbət

İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.

2 dəq
Əyyami-mah

Müsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?

3 dəq
Küpə

Bizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.

3 dəq
Ahənrüba

Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:

2 dəq

Başqa şairlərin şeirləri · Satira