Dərdi mara nist dərman, əlqiyas!

Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı.

Amma dərd budur ki, gözəl bir övrəti var. Mən namərdəm əgər razı olam ki, qardaşımın başından bir tük əksik ola; amma hərdənbir xəyalıma gəlir ki, xudanəkərdə, bəlkə birdən biçarə qardaşımı əcəl gəldi tapdı, onda bəs övrəti necə olsun? Və mən bədbəxt necə razı olum ki, bir belə can bir özgə kişiyə ərə getsin; özgəsinə qismət olsun. “Ey müsəlmanan, çe dərman, əlqiyas!”.

Bəzi vaxt olur ki, belə-belə qara xəyalat mənim yadımdan çıxır; amma hərdənbir qardaşımın övrətinin üzü üzümə sataşır və deyəsən qəsdən o saat xəyalıma gəlir ki, məsələn, xudanəkərdə, qardaşım vəfat edib. İnsanı xəyalat götürəndə, hər cür natəraş fikirlər adamdan əl götürmür; məsələn, guya ki, qardaşım vəfat edib, övrət də gözümün qabağında dolanır. Övrət də nə övrət! Yenə gözəl olmaya, cəhənnəmə-gora, itilib qoyub gedər gəldiyi yerə.

Can bicəmal, söz yox,
Meyli cəhan nədarəd.
Hər kəs ki, in nədanəd,
Həqqa ki, on nədarəd.

Amma bu köpəyin qızının baldırlarına hərdən gözüm sataşanda…

Allah şeytana lənət eləsin!

Xülasə, belə dərd olmaz ki, mən çəkirəm və gecə-gündüz bu fikirdəyəm: “Gəştəəm suzanü giryan, əlqiyas”.

Söz yox, qeyri millətlər bu barədə asudədirlər; qardaş öləndən sonra onun övrətini almaq qeyri millətlərə qədəğəndir. Odur ki, onlar belə-belə fikirlərdən uzaqdırldar. Öz aramızdır, bu da onların bişüurluqlarına dəlalət edir. Mən ki, doğrusu, razı ola bilmərəm ki, bir belə nazənin qardaşımın əlindən çıxsın və gedib yad bir kişiyə övrət olsun; bir surətdə ki, onu özümə övrət eləməyə mənim ixtiyarım var; çünki müsəlmanam.

Zövqi çinan nədarəd
Bidust zindəgani.
Bidust zindəgani
Zövqi çinan nədarəd.

Amma Allah şeytana lənət eləsin!

Yenə and olsun Allaha ki, qardaşımın başının ağrımağına razı olmanam. Amma bilmirəm hamı mənim kimidir, yainki bircə mən bədbəxtin başına belə işlər gəlir? Bu tünbətünün qızı gözümə sataşanda həmişə qardaşımın ölməyi yadıma düşür və həmişə öz-özümə deyirəm ki, bax, dünyanın işini bilmək olmaz, əcəl hamısını gəlib tərk edəcək. Vallahı, billahı, min dəfə razıyam ki, mən ölüm, qardaşımın başına bir iş gəlməsin. Amma doğrudan doğrumu, mən belə biqeyrətçiliyi qəbul edə bilmərəm ki, qardaşımın övrəti yad bir kişinin qoynuna girsin, bir surətdə ki, uşaqları da mənim uşaqlarım yerindədir; əgər təfavüt qoyuramsa, Allah mənim atama lənət eləsin. Bir surətdə ki, bu biçarə nuri-didələrimin analarını almağa mənim ixtiyarım var; özümün də övrəti tək bircədir, ev-eşiyi də ancaq ikisi dolandıra bilər.

Allah şeytana lənət eləsin!

Kəs dər cəhan nədarəd,
Belə fəvalı qardaş.
Dərda ki, in müəmma.
Şərhü bəyan nədarəd.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 aprel 1913, №12

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Divar

Şükr olsun Allaha ki, şeytanların bərəkətindən Gəncə şəhəri bir elə hala düşüb ki, müsəlmanlar şəhərdən baş götürüb qaçmaq istəyirlər.Əhvalat belədir ki, müsəlmanların bədxahları hökumətə danos veriblər ki, Gəncənin cənub tərəfindəki dağ kəndlərində müsəlmanlar çoxluca tüfəng və azuqə yığıblar ki, dava başlananda həmin tüfəngləri və azuqəni müsəlmanlar versinlər osmanlı qoşununa. Bu danosa görə hökumət qoşun götürüb, gedib haman müsəlman kəndlərini hətta qəbrlərinə kimi söküb axtarıb və bir şey tapmayıb.

2 dəq
Filosoflar

Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və ismətsiz övrətlərdir; demək ki, cümləsi fahişə kimi bir şeydirlər.Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur; çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir. Amma yenə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə məlum olur ki, heç biri də tapılmaz.

4 dəq
Çanaq

İran vüquatına dair*Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.

3 dəq
Ziyarət

Sən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”.Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını?

2 dəq

Başqa şairlərin şeirləri · Satira