Bakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.

Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.

Yaxşı, müsəlmanca oxuyaq. Başdan belə yazılıb:

“Şu bir neçə gündən bəri İranın mövqeyi o qədər kəsbi-nəzakət etmiş ki, insan orada cərəyan edən əhval və vüquatı tədqiqdə davam etdikcə əldə etmək istədiyi həqiqətə təqərrüb etmək yana dursun, biləks getdikcə ondan təbaid edərək özünü xəyalət və mövhumatla qarışıq ümmani-müşkilat içində qeyb edir”.

Mən başdan bu sözləri oxudum və istədim bir şey başa düşüm, amma nə qədər çalışdım ki, başa düşüm, düşə bilmədim; bir də oxudum, yenə başa düşmədim, sonra qəzeti çöndərdim ki, görüm rusca nə yazılıb.

Rusca da belə yazılmışdı: “Korifey naşey literaturı i znamenitıy advokat Mustafa-bek Alibekov mnoqo raz razreşal sporı mejdu Qorkim i Andreevım i samomu Tolstomu çital notaçiyu o nravstvennosti. On neskolko raz vıstupal protiv Plevako, Karabçevskoqo i Qadji Quseyn Aliya”.

Bu sözləri rusca bir tövr oxudum, başa düşdüm; çünki hərçənd rusca bircə il oxumuşam, müsəlmanca on dörd il oxumuşam, amma yenə başa düşdüm: yazır ki, Mustafabəy çox böyük adamdır.

Amma bunlar hamısı çox gözəl; bəs nə cür bilir ki, mən on dörd il dərs oxumuş adam rus-müsəlman qəzetini əlimə alım, müsəlmanca oxumağa aciz olum, rusca oxuyum?! Söz yox ki, heç bir müsəlmanın qeyrəti qəbul eləməz və mənim də qeyrətim qəbul eləmədi və qəzeti çöndərib yenə müsəlmanca oxumaq istədim. Dalınca belə yazılıb: “Vaqeən hüriyyət sədayi-dilfiribi da guşi-əhrarə müjdərəsan olduğu gündən bəri İran bir çox fəlakətlər və böhranlar keçirmiş, ancaq iki il bundan əvvəl bir inhizami-namə düçar olmaqla kəmali-rəzalətlə əcanibin ziri-cinahinə iltica etmək kibi bir alçaqlığı qəbulə məcbur olan bir dəninin bu gün zəfəryab olaraq İranın mehdi-hüriyyəti olan Tehrana doğru irəlilədiyini görmək qədər bir böyük müsibətə giriftar olmuşdur.

Əgər “Nicat” qəzeti bu yazıları çap edəndə elə xəyal eləyib ki, bu bir dildir və yer üzündə bu dili qanan bir tayfa var, onda biz idarədən yalvarırıq ki, bu tayfanı bizə nişan versin, ya da ki, idarəyə məqalə göndərən qara gözlərinə qurban olduğum qaragözovların “valapyuk”larını qəzetə doldurmasınlar.

İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! İndi müsəlman qardaşlar sizdən xəbər gözləyir ki, sadə yazı vasitəsilə müsəlman qardaşlarımıza xidmət edəsiniz.

Vallah müsəlmanlar yazıqdırlar!!!

Xülasə, taraqqalı sözlərin parta-partından beynim yorulandan sonra, çöndərdim rusca yazılan səhifəni:

“Etot qeniy liçemeriya v malenkoy statye bezçislennoe mnojestvo raz upominaet Osobu Monarxa o poet xvalebnıe odı po adresu Taqievskoy tyurmı, çtobı Qadji poruçil yemu svoyu zaşitu”.

Bu sözləri yazandan sonra və hələ bundan savayı çoxluca yenə belə-belə bic-bic sözləri yazandan sonra “Sırtıq” cənabları axırda biçarə Mustafabəy Əlibəyova gör nə deyir: “O, velikiy um, Mazandaranskiy qeniy, Darabizanskaya znamenitost, Çemberekendskiy professor, Zıxskiy literator”.

De, de, de, mən ölüm de! De ki, ay Allah bəndəsi əsil müsəlman qardaş, ay həmişə gah Allah-taala dərgahında, gah böyüklər qabağında beli ikiqat duran müsəlman qardaş, ay dünyanın iki qəpiklik mənfəətindən və şöhrətindən ötrü Hacı Zeynalabdınların çəkmələrini vaqsılıyan advokat cənabları! Ay biçarə müsəlman, niyə dinc durmursan ki, sırtıq oğlu sırtıqlar səni qəzetlərdə biabır eləsinlər?

Mustafabəy ilə işimiz yoxdur, mətləb müsəlman və rus yazıçısı barəsindədir.

Onu istəyirdim deyəm ki, “Nicat”ın 36-cı nömrəsində Qaragözov Məhəmməd Əli Mirzə xüsusunda yazdığı məqaləyə o qədər acı bibər salıb ki, insan oxuyanda gözlərindən yaş gəlir. Bibəri az olsaydı, islam qardaşlarımız da oxuyub bəhrəmənd olardılar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 4 aprel 1911, №28

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qorxmayanlar

Əgər desək ki, müsəlman intelligenti qorxaqdır, – insafdan uzaq olar. Müsəlman intelligentinə qorxaq demək olmaz; çünki elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr.Keçən vaxtlarda hökumət məmurlarının qabağına çıxıb cürət ilə söz danışan – müsəlman intelligenti olub.

2 dəq
Rus məxrəci

Biz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir.– Vələzzalin.. .

3 dəq
Millətlər

Axır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik.Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın.

1 dəq
Ehsan

Axır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).

2 dəq

Başqa şairlərin şeirləri · Satira