İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.

Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:

Vəqti bəhar əst xiz, ta betamaşa rəvim…

Ya bir özgə yerdə oxuyuruq:

Mübarək bad mürğani-çəmənra,
Nəvasəncani-rəngin əncümənra
Ki, əhdi növbəhar aməd tərəb cuş
Nevi-gül kərd dövrani-kühənra…

Bunlar hamısı köhnə sözlərdir və köhnə səliqədir. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn, qış fəslindən artıq tutalar. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir və, demək olar ki, behiştdə vədə olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ gətirmək olar.

Bir ay bundan qabaq Qafqazın hər bir yerindən erməni camaatının vəkilləri cəm olmuşdular Tiflisə ki, erməni aclarına sərdardan pul istəsinlər. Həmin vəkillər yanlarıyca uzun-uzun ərizələr, siyahilər gətirmişdilər. Kəndlilərin adlarını, acların sayını və istədikləri pulun qədərini adbaad, kəndbəkənd, hamısını təfsilən yazıb yekə-yekə kitablar bağlamışdılar və bu ərizələri və siyahiləri maşında səliqə ilə çap eləyib gətirib qoymuşdular sərdarın qabağına.

Erməni vəkilləri istədikləri pulun qədəri iki milyon yarımdı.

O günlərdə mən Tiflisdə küçə ilə gedərkən İrəvan xanlarından da gördüm və Qarabağ bəylərindən də bir neçə dəstə gördüm. Və görəndə yəqin elədim ki, bunlar da gəliblər müsəlman aclarına sərdardan pul istəsinlər. Amma məlum oldu ki, bunların heç biri pul istəməyə gəlməyib. İrəvan xanları nədən ötrü təşrif gətirmişdilər, – bilmədim, amma bunu bildim ki, Qarabağ bəyləri nədən ötrü gəliblər.

Qışda Tiflis cənnətin bir guşəsinə oxşayır. Tiflisdə “Sirk” oyunu həmişə qışda başlanır. Ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar; ancaq qış fəsli bikar ola bilirlər. Kənddə də qışda oturmağın nə mənası? Bir yandan ac kəndlilərin ağlaşması, bir yandan da elə haman övrət-uşaq, haman övrət-uşaq, haman övrət-uşaq. Qərəz ki, heç bir ləzzəti yoxdur…

Dekabrın 27-də erməni vəkilləri sərdara ərizə verirdilər və elə həmin gün Qarabağın qoca və cavan bəyləri “Sirk”də əvvəlinci cərgədə oturub sirk qızlarının çıplaq topuqlarına tamaşa eləyirdilər. Erməni vəkillərinin biri ağlaya-ağlaya ac ermənilərin əhvalını sərdara nağıl eləyirdi; bəylər də qaqqıldaya-qaqqıldaya qızların oynamağına çəpik çalırdılar. Ermənilər deyirdilər:

– Aman günüdür, sərdar, bizim aclara pul ver.

Bəylər deyirdilər:

– Oxqay, Liza can, qadavı alım!


Biz yenə deyirik ki, Qarabağın kəndlərində müsəlmanlar acından ağlaşırlar. Biz bunu neçə dəfə yazmışıq və heç kəs bizə cavab verməyibdir ki, bu sözlər yalandır. Və heç kəs də dinmir.

Biz neçə dəfə yazmışıq ki, keçən il Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb.

Biz neçə dəfə yazmışıq ki, Bakıda keçən il qurulan ianə komissiyası qırx beş min manatdan ancaq iki vaqon un göndərdi Zəngəzura ki, putu iki manatdan satılsın və min manat da göndərdi Qarabağa. Bu min manatdan da hələ heç bir acın xəbəri yoxdu. Hesab və kitab da ki, maşallah, müsəlman içində adət deyil.

Qurtardı getdi.

Hər bir müsəlman qəzetini alırsan əlinə, görürsən ki, yazılıb “maşallah flan milyonçu, maşallah flan millətpərəst, maşallah flan xan, flan bəy, flan hacı, flan kərtənkələ…”. Amma heç kəs yazmır ki, bir yandan minlərcə müsəlmanlar acından ağlaşır və bir yandan da minmin manatlar xərclənirlər qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barışna və madama, sözü bir dəfə deyərlər adama!...

Bunlar hamısı öz yerində; amma bu da var ki, qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur.

Elə çöllər yaşıllanan kimi, arvad səhər yerindən durur və ac yatmış uşaqlarını oyadıb deyir:

– Vəqti bəhar əst xiz, ta betamaşa rəvim!..

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 yanvar 1908, №4

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 dəq
Məktəbdə çarşab, yaxud çarşabda məktəb

Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.

1 dəq
Çadra və papaq

Çadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.

2 dəq
Kovdanlar

“Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”.O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı.

2 dəq

Başqa şairlərin şeirləri · Satira