Padvod
O gündən ki, qulağıma çatdı ki, hökumət rüşvət almağı tükətmək yolunda çox tədbirlər tökübdür, o gündən ki, eşitmişəm ki, hökumət bundan sonra rüşvət alanlara həddindən də artıq tənbeh elətdirəcək, – o gündən mənim beynimə bir söz düşüb: haman söz “padvod” sözüdür.
“Padvod” – rusca arabaya deyirlər. Öz-özlüyündə söz elə pis söz deyil, hələ bəlkə lazımlı bir şeydir.
Arabaya adam həmi minə bilər, həmi araba ilə yük daşıya bilər. Amma bizim kənd camaatının içində padvod çox heybətli bir şeydir, çox xatalı bir əhvaldır, böyük bir bədbəxtçilikdir.
Və indi bu saat bizim Azərbaycanda balaca uşaqları hər gecə anaları xortdandan qorxudan kimi, ki, “ay aman, padvod istəyirlər”.
Biz oturmuşuq Bakı şəhərində, qulağımız da dincdir; çünki bilmirik padvod nədir.
Padvod ibarətdir ondan ki, bu saat Azərbaycan kəndlərində heç bir araba sahibi, at sahibi, öküz və kəl sahibi arxayın deyillər ki, onların arabası, ya atı, heyvanı bu gün onların əlindən çıxmayacaq.
– Həsənqulu, arabanı qoş!
– Hara qoşum?
– Gedəcək vağzala.
– Qulamalı, atını yəhərlə gətir!
– Hara?
– Gedəcək filan şəhərə, ya filan kəndə.
Kimdir, bu podvodu istəyənlər?
Əgər bir müəyyən məmur, ya müəyyən idarə olsa, heç eybi yoxdur; çünki gah bir belə xidmətlər rəiyyət tərəfindən hökumət üçün təbiidir.
Amma hansı məmurun sözünə kəndli hörmət göstərsin? Kimin haqqı var padvod istəməyə? Hər bir kəsin! Məsələn, padvodu bir gün ispalkom istəyir, bir gün milis naçalniki istəyir, bir gün voyenkom istəyir, bir gün palitbüro istəyir, bir gün zemkom istəyir, bir gün ərzaq komissarı istəyir və bunlardan savayı və yadıma düşməyənlərdən savayı nə qədər ki, mahalda milislər var, bunların hər biri bir yanda – yolda, qəsəbədə və kənddə araba, ya at görsə, ixtiyarı var həmin arabanı, ya atı sahibinin əlindən alsın və padvod adilə kefi istədiyi yerə aparsın.
Burada kənd camaatının yaxasını qurtaran rüşvətdir: rüşvət ki, verdi, – o dəxi padvoddan azaddır; vermədi – atından, arabasından əl çəkəsidir.
Bəs, bu rüşvəti də ki, indi hökumət götürmək istəyir, onda, bəs, biçarə araba və at sahibləri padvodun qabağını nə ilə kəsəcəklər?
Allah bilsin!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 yanvar 1923, №9
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-padvod
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Əli Məhzun yoldaşa!1929*Mən qabaqlarda Ruhullaya da demişdim ki, öz barəmdə bir şey yaza bilmərəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub, 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm.
Həmidə! (1 aprel 1930)Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Başqa şairlərin şeirləri · Satira
Əcəb şeydir: yazınızzəif əsərlər – o, sən,
OlacaqsanVarsa hünərin cəhd elə ərbabi-fəsad ol!Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Müəllimlər siyezdiBaş tutdu müəllimlərin iclasi-siyezdi,Ey vay, uçitellər yenə dərkar olacaqdır!..
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.