Qızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər.

Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır.

Axır vaxtda Ağdamda yeni təbiblər bir yeni dərman icad ediblər. O dərmanın adı “Alkoqoldur” ki, farsca ona şərab deyilir. Türkcə də qıcqırmış üzüm suyu deyilir.

Yeni doktorlarımızdan Xındırıstan həkimi ki, adı yadımdan çıxıbdır, bir məvacibdən ötrü gəlib Ağdama. Özü qızdırmalı imiş. Cibi də pulsuz. Pulsuzluğun dərdindən başlayıb şərab içməyə.

Bir də görüb ki, qızdırma-zad hamısı getdi işinə. Odur ki, qızdırması gəlməyə yavuqlaşan zaman vurub, lül olur. Qızdırmanın atasını yandırır.

Hələ güllücə həkimi də bundan dərs almağa başlayır. Görür ki, kolleqası vurmaq ilə qızdırmanı özündən rədd edir. Bu da başlayır şərab istemal etməyə (gecə və gündüz).


Amma Ağdam şəhərinin nizafət doktoru Cilinski daxi yaxşısını eləyir. O, baxıb görür ki, yoldaşları sərxoş olmaqla özlərini qızdırmadan qoruyurlar. Bu da gedir tiryəkxanaya və tiryəkçəkən məşədi və babilər ilə başlayır tiryək çəkməyə. Doktorun tanışları həkimi bu halda görüb, məzəmmət edirlər. Cavabında bu da belə deyir ki, onun tiryək istemal etməyi məhz elmi-təbabətə bir xidmətdir. Belə ki, bundan sonra cümlə cahan ətibbası biləcək ki, qızdırmanın yeganə dərmanı tiryəkdir.

Cırcırama

“Molla Nəsrəddin”, 23 iyun 1927-ci il, №26, səh.3

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira