Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.
O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.
Çünki hükemâlar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".
Ey mənim Müsəlman qardaşlarım. Zəmânə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb ve gözlərinizi yumub, o qədər "ha-ha" edib güldünüz ki, az qaldı bağırsaqlarmız yırtılsın ve des-mal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, "lənət şeytana" dediniz, vaxt elə gümân etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim Müsəlman qardaşlarım. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağmıza ve diqqətlə baxınız camâlımıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim Türk qardaşlarım ki, mən sizlə Türkün açıq ana dili ilə danışıram.
Mən onu bilirəm ki, Türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlâlət edir. Amma hərdənbir keçmiş günləri yâd etmək lâzımdır; salınız yâdınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə Türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sâkit olmurdunuz.
Âxırı bîçârə ananız sizə deyirdi:
-Bala, ağlama, xortdan geler, seni aparar. -Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sâkit olurdunuz.
Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yâd etməyin nə eybi var?
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-sizi-deyib-gelmisem-ey-menim-muselman-kardaslarim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.
UcuzluqNaxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.
Proletar şairiMənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.
İki qardaşGürcüstan yaylaqlarının birindən avqust ayının ortalarında Tiflisə tərəf dəmir yol qatarı yola düşməyə hazırlaşırdı. Günün batan zamanı idi. Qatar naziri üşkürək atdı və maşın bərk bağırandan sonra astaca yola düşdü. Gedənlər, səkidə qalanlara, qatardan öpüş və salam göndərirdilər; qalanlar da onlara dəsmal qalxızıb yelləyirdilər.Bu həmişə olan işdi; bununla işim yoxdur. Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin maşın yavaş-yavaş uzaqlaşanda, vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bunlar bir-birini qucaqlayıb arvad kimi öpüşürdülər. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və genə qalxdı haman vaqona və genə oradakı kişini qucaqladı və bunlar genə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl götürmürdü. Ən uzaq gedəndən sonra, pişik kimi özünü dalı-dalı tullayıb sıçradı düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Və dayanandan sonra genə gözü uzaqlaşan qatarda idi.