İndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”.

Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın.

Sən nə qədər yazdınsa, biz də yazdıq ki, çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu da şah hökuməti Təbriz və İran Azərbaycanının başına gətirəcəkdir.

Amma sən yenə də inanmadın.

Axırda biz sənə məşhur “inqilabçı” şair Arifin Təbriz camaatına yazdığı aşağıdakı təsnifi yazdıq:

Ey badi-səba bərxiz,
Begu be əhli-Təbriz.

Zəbani-türkira əz qəfa kəşidən əst,
Payi-in zəban əz məmləkət büridənəst.

Biz bu yekə adamın ağzından çıxan şeirləri sənə yaza-yaza sən yenə yazdın ki, Arif bunu tiryək manqalının başında deyibdir. Amma huşu başına gələndən sonra təbrizlilərə yazıbdır ki, türkcə danışmağa ixtiyarınız vardır. Bu şərtlə ki, yorğanın altında öz məhrəminizlə.

Biz yenə sənə yazdıq ki, inana bilmirik; çünki hökumət mollalara da tapşırıbdır Təbriz ölülərinə nə ərəbcə, nə də türkcə dua oxumasınlar; ona görə molla ölüyə surə əvəzinə deyir ki, xudavəndi-aləm beyamürzəd və dərəcatəşra ali gərdanəd və qəbrəşra pür əz nur gərdanəd”.

Amma biz bunu yazandan sonra sən cəhlən durub yazdın ki, mən öz gözümlə görmüşəm ki, hökumət beş yüz min tümən göndərdi və poçta qəbzini də aldı.

Axırda sən idarəni başdan çıxardın, götürüb məcmuəmizin doqquzuncu nömrəsində yazdıq ki, bəli, hökumət türkcə qəzetlərə sərf olunmaq üçün bu qədər para göndəribdir. Elə ki, bunu yazdıq, bir az keçdi, Bakıdakı İran konsulxanasından rəsmi olaraq aşağıdakı məktubu aldıq:

“Bakı “Molla Nəsrəddin” cərideyi-fəridəsi müdiriyyətinə təqdim.

Möhtərəm müdir! Doqquz nömrəli və 7 zilqədə tarixli cəridənizin beşinci səhifəsində dərc və nəşr buyrulan Azərbaycanda, xüsusən Təbrizdə türkcə qəzetlərin nəşrinə Tehran hökuməti tərəfindən beş min tümən buraxıldığının əsil və əsası yoxdur, binaən-əleyh işbu elanla cəridənizin eyni səhifəsində təkzibinə müsaidə buyrulması rica olunur. Ehtiramati – fayiqəmin qəbulu mütəmənnadır. İmza”.

İndi biz oxuculara xəbər veririk ik, Tehran hökuməti pul buraxmamışdır və ədibi-kamil Arif Manqal həzrətləri də azərbaycanlıların türkcə danışmaqlarına razı deyildir.

İdarə

“Molla Nəsrəddin”, 18 oktyabr 1924, №19

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ticarət xəbərləri

Keçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər.

1 dəq
Pillə-pillə

Pillə pillədir.Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.

1 dəq
Xanımlar

Serbiya məmləkətində səkkiz min xanım hökumətdən izn istəyiblər ki, Avstriya hökuməti ilə Serbiya hökuməti dava başlasa, xanımlar çıxsınlar meydana və kişilər ilə bərabər düşmənlə dava eləsinlər.Buna heç sözüm yoxdur; çünki hər bir kəsin ixtiyarı özündədir, insan faili-muxtardır, hər kəs nə xahiş eləsə, eləyə bilər, hər kəs nə danışsa, nə yazsa, yaza bilər, danışa bilər; amma sözüm burasındadır ki, bu xəbəri eşitcək mənim yadıma bir şey düşdü.

2 dəq
Haman söz

Elə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir…Kimdir Sultan Əbdülhəmid?

2 dəq

Başqa şairlərin şeirləri · Satira