Haman söz
Elə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir…
Kimdir Sultan Əbdülhəmid?
Bu barədə çox danışılıb. İndiyədək sultan barəsində nuxalılar ilə, şamaxılılar ilə və dağıstanlılar ilə bizim aramızda bir növ mübahisə əmələ gəlib; yəni sözümüz bir-birimizə xoş gədməyib.
Sultan söhbəti düşəndə onun gədaları həmişə istəyiblər sübuta yetirsinlər ki, “Sultan Əbdülhəmid-xani-sani əfəndimiz həzrətləri hamiyi-şəriəti-Məhəmmədiyyə, xəlifeyi-islam və himayəgahi-ülum və maarif olan bir zatdır”. Amma biz bunun cavabında həmişə demişik ki, Sultan Əbdülhəmidi-sani Osmanlı məmləkətinin və məmləkətdə yaşayan cəmi millətlərin düşmənidir və Osmanlı taxtına dırmaşıb qalxandan indiyədək, bu otuz altı ilin ərzində, gecə-gündüz fikri o yerdə olub ki, məmləkəti məhv eləsin; yəni puça çıxartsın.
Heç kəs indiyədək bizim sözümü təsdiq eləməyib; hamı elə bilib ki, sultan ilə bizim ata-baba davamız var, şəxsi ədavətimiz var. Bir tərəfdən “Həblül-mətin”lər və Qafqaz qəzetlərimiz sultan barəsində uzun-uzun şahnamələr yazıb camaatı istəyiblər öz tərəflərinə çəksinlər, bir tərəfdən də Avropada və Misirdə Sultan Əbdülhəmidin təqsirnamələrini nəşr eləyən osmanlı mücahidlərinin qəzetləri camaatımızın nəzərinə çata bilməyib.
Odur ki, indiyədək meydanda qalmışıq tək.
Baho!.. İndi gör nə var!
İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə; çünki indi eşidiblər ki, cavan türklərin qoşunu sultan Əbdülhəmidi istəyir taxtdan itələyib salsın aşağa.
Yenə bunlar hamısı ötüşüb keçən işlərdir: amma bircə şey ötüşüb keçməyəcək. Söz yox, maarifpərvərlərimizdən çoxları tapıla bilər ki, bəzi qəzetləri əvvəlinci nömrəsində ilin axırınadək yığıb kitab bağlayırlar ki, sonra hərdənbir açıb köhnə işləri yada salsınlar. Əgər indi birisi açıb qəzet kitabını vərəqləyə və sultan barəsində yazılan sözləri oxuya, onda baxıb görəcək ki, dünən yazılıb: “Sultan Əbdülhəmid-xani-sani əfəndimiz həzrətləri, hamiyi-şəriəti Məhəmmədiyyə, xəlifeyi-islam və himayəgahiülum və maarif…”; amma həmin qəzetin o biri nömrəsində oxuyacaq ki, Osmanlı məmləkətinin parçalanmağına, ülum və maarifin məhv olmağına və indi də İstambulda qanların axmağına səbəb bir zat olubdur; onun adı – Əbdülhəmidxani-sanidir!
Mən elə bilirəm ki, hər bir şey ötüşsə, bu ötüşməz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 aprel 1909, №15
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-haman-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Su budkaları cümə günləri bağlı olur.Su budkaları cümə axşamları ancaq günortayadək açıq olur.
Hov“Hov” – qədim istilahdır; yəni “hay” deyib adam çağırmaqdır. Bu soz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazım gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir:– Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızlasın. Ta ki, yazıq kişi gələn il acından ölməsin.
Tehran müxbirimizəİndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”.Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın.
KooperativDünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir:– Dükanımı yığışdırıram.
Başqa şairlərin şeirləri · Satira
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
Füzulini beştətməYoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar