Keçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.

Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər.

Haman şəkli çəkəndən sonra Gəncədən dörd məktub almışıq. Yazırlar ki, “ay Molla Nəsrəddin, məgər Məkkədən qayıdan hacı kasıb olar? Elədə bəs sən bizim Gəncədə filan bəyi tanımırsan, filan şeyxi tanımırsan, filan məşədini tanımırsan, filan hacını tanımırsan?”

Genə deyirik ki, bizim bu barədə bəxtimiz yoxdur, amma təəccüb buradadır ki, hələ özgə şəhərlərdən bu xüsusda bizə rədd yazan yoxdur. Lakin söz veririk ki, əgər özgə şəhərlər də Gəncə kimi olsa, onda biz sözümüzü geri götürərik və cəmi dövlətli hacılardan təvəqqə edərik ki, bizi bağışlasınlar.

Hər kəsin sözü var yazsın.

Molla əmi

“Molla Nəsrəddin”, 8 mart 1909, №10

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məmmədəli! (17 sentyabr 1917)

Bu gün litoqrafiyanın təzə şərtlərini mülahizə edib, jurnala bu qiymətləri qoymağa məcbur oldum: satıcı əlində – 50 qəpik, idarəmizə 42 qəpik göndərməlisən. Buna görə də abunə iki dəfə artır.Neçə ədəd göndərilməlidir? Tez xəbər ver.

1 dəq
Həmidə! (24 fevral 1919)

Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil

1 dəq
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova

11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.

1 dəq
Müzəffər! (6 sentyabr 1922)

Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin.Cəlil

1 dəq

Başqa şairlərin şeirləri · Satira