Təməllüq
Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.
Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.
“Həblül-mətin”in sözləri doğrudur və hərçənd ki, möhtərəm ruznamə dediyi sözlərin heç birinə bir dəlil gətirməyib, amma biz lazım bilirik burada mətləbi bir az açaq ki, oxucular yaxşı başa düşsünlər.
Sultan Əbdülhəmid taxta əyləşəndən indiyədək Osmanlı məmləkəti üz qoyub parçalanmağa və puça çıxmağa. Biz bunu görürük və bilirik; çünki Osmanlı məmləkəti bizə yavıqdır. Amma “Həblül-mətin” bunu görmür və bilmir; ondan ötrü ki, Osmanlı ilə Kəlküttənin fasiləsi çoxdur.
Lakin biz yenə təsdiq edirik ki, siyasət aləmində, sultanın misli yoxdur; səbəb budur ki, məmləkəti puça çıxarda-çıxarda yenə sultan Əbdülhəmid müsəlmanlar içində o qədər məhəbbət qazanıb ki, hətta bizim dılğır Nuxada və Şamaxıda sultan adı çəkilən kimi, gərək hamı dura ayağa.
Sultanın məşrutəxah olmağına da sözümüz yoxdur. Doğrudur, indiyədək sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib; çünkü Kəlküttə çox uzaqdır. Amma biz bunu bilirik; çünki Osmanlı bizim qonşuluğumuzdadır.
“Əsalətən əz canibi-xud və niyabətən əz tərəfi-milləti-məşrutəxahi-İran əz in bəxşişi-məşru və inayəti-xosrovanə bəpişgahi-əqdəsi-əla-həzrəti-sultani ərz və izhari-təşəkkür minümayəm…”.
Bunu yazır “Həblül-mətin”; çünki biçarə elə bilir ki, osmanlı məşrutəsini yaradan – sultan Əbdülhəmiddir.
Biz dərd eləyirik ki, iranlılar içində əvvəlinci dərəcədə hörmət qazanan ruznamə yuxarıdakı sətirlərlə öz səhifələrini ləkələndirir.
Böyük adamlara təməllüq eləmək – Mirzə Dadi kimi mərsiyəxanaların peşəsidir. Amma “Həblül-mətin”ə yaraşmaz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 25 avqust 1908, №34
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-temelluq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır.Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur.
Pulların danışığıƏgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur.Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz.
Ərzaq vergisinin nöqsanlarıBu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın.Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna.
Əslinə mütabiqdirNaxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.
Başqa şairlərin şeirləri · Satira
Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimiNəsnələrdən ücrət almaqçın Qazan mollaları
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
FərmanMəsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.