Təmizləmək
Bizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.
Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.
Bununla belə, dedim ki, qoy görək, bəlkə aşağıda bir söz demək istəyir və başladım oxumağa: “Əgər köylülərin irfanını yüksəltə bilirsək, o nisbətdə fazla lüğət öyrənmələrinə luzum hasil olur. Bu lüğətləri hanki lisanın lüğətindən öyrədirsəniz öyrətiniz, – birdir. Madam ki, millətin təbəqeyi-aliyə və mütəvəssitəsi ərbabi şu dövrdən keçmişlərdir və irfanları yüksəldikcə əlavə etmək ehtiyacında bulunduqları lüğətləri ərəbi və farsidən almışlardır, köylülərimizin də eyni yoldan keçəcəyi və bizim istemal elədiyimiz ərəbi və farsi kəlimat alacaqları təbiidir”.
Oxuyub qurtarandan sonra, dedim:
– Arvad, hələ bunu tez apar tulla, sən gəlincəyə qədər o birinə də bir az baxım, bəlkə onda bir zad tapıla.
Arvad getdi. Mən başladım oxumağa: “İslam dillərini bir-birinə elə məxlut və məmzuc (və məxmur) etmək lazımdır ki, onu təğyir ilə bir-birimizin muradını düşünüb, bir-birimizə mərifət hasil edək. Zənnimizcə bizim babalarımız həmin mülahizə ilə ərəb və fars sözlərini bu qədər dilimizə qarışdırıblar”.
Yuxarıda yazılan sözlər, yəni kəlimati-anifül-bəyan çox filosofca olduğu üçün, oxuyandan sonra xeyli düşündüm və ürəyimdən inandım ki, bu sözləri yazan doğrudan çox dərin tarix və fəlsəfə biləndir.
Pəh-pəh! Zalım oğlu kim bilir, nə qədər zəhmətdən sonra kəşf edib ki, “babalarımız ərəb və fars sözlərini dilimizə ondan ötrü qarışdırıblar ki, hər yerdə olsa, islamlar bir-birlərinə tanış olsunlar”.
Heç belə doğru söz ömrümdə eşitməmidim! Bax, filosofluq, tarix bilməklik buna deyərlər. Yoxsa, Əhməd Müdhət, Nəcib Asim və Vələd Çələbi kim cahillər, hey uzun türk tarixləri yazıb göstərirlər ki: “Babalarımızın köçəriliyi, cahangirliyi, islam dinini ərəb dililə öyrənməkləri, “alimliyi” ərəb və fars dillərini bilməkdə qanmaqları, “Məsnəvi”yi fars dililə yazmaqları, öz millətlərinin gələcəyini layiqilə düşünməməkləri… və qeyrə, qeyrə dilimizə ərəb və fars sözlərinin dolmağına səbəb olub”.
Bunlar da sanki söz danışırlar. Sözün doğrusu, “C.Y.” cənablarınındır ki, buyurub; əgər belə olmasa, ərəbistanlı bir ərəb hardan farsın dilini qanır və şirazlı hardan Azərbaycan türkcəsini başa düşür? Əgər belə olmasa idi, müsəlmanlar hardan bir-birlərini belə gözəl tanıya bilərlərdi?
Bizim Cəfərin anası ev-eşiyi süpürüb təmizləyəndən sonra, zibili həmişə evin qabağına tökür. Mən hey yalvarıram ki, “ay arvad, Allaha bax, bir az oyana götür, heç olmasa Məşədi Mozalangilin qapısının qabağına tök”. Amma, başa çıxa bilmirəm. Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar gəlib rizqlərini zibildə tapırlar; onları doydurmaq da savabdır. Nədən ötrü bizə gələcək savab məşədi Mozalanbəygilə getsin? Eşitmişəm, İstambul xanımları da bizim kimi edirlər”.
Arvadın sözlərini bir az fikir edəndən sonra, yavaş-yavaş yumşalmağa, ona haqq verməyə başladım. Amma arvad burasını bilmir ki, osmanlılar məşrutiyyətdən sonra istəyirlər yollarını da təmizləsinlər, dillərini də. Hərçənd dillərinin təmiz və saflaqmağı barəsində uzunuzun yazılar yazırlar, lakin “təsfiyeyi-lisan”, “təxliyeyi-kəlimati-əcnəbiyyə” kimi elə bic-bic sözlər tapıb yazırlar ki, bunları oxuyan az bilikli osmanlılar elə güman edirlər ki, qəzetlər yolların zibillərini təmizləmək və şəhərin havasını saflandırmaq istəyirlər, nəinki dillərini.
Bu da hürr osmanlıların fəndi! Amma hər nə olsa, Allah üçün yaxşı fənddir; çünki açıq və anlayışlı yazsalar, o vaxt camaat deyə bilər ki, “niyə dilimizə vaxtilə bu qədər zibil doldurubsunuz ki, indi də yolların zibillərini təmizləmək zəhmət və xərcinin üstünə bunu da artırıbsınız? Biz, dilimizi təmizləmək əməlilə qurulacaq məclislər və yazılacaq kağızlar üçün bir para da xərc verən deyilik. Onları gedin “üdəbayi və şüərayi-fəsihül-lisan və zül-ehtiram” əfəndilərdən alınız”.
Xülasə, bizim Cəfərin anasının ev təmizləməyilə osmanlıların dil təmizləməklərində bir fərq görmürəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 1 nyabr 1909, №44
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-temizlemek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu.Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib.
Bir əldə iki qarpızı tutmaq olmazÖmrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”.Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.
Üç qara xəbərBu gün mən üç xəbər eşitmişəm. Doğrusu, başımdan deyəsən, bir ağrı tutub, az qalıram özümü öldürəm.Biri budur ki, Məhəmmədəlini taxtdan yendirdilər. Hələ bu məlum. İkinci xəbər budur ki, Bakıda hər nə qədər adlı müsəlman var, – hamısını bir-bir qatıblar “qazamata”. Ay, vay, nə yaman günə qaldıq! Dəxi Bakının nə ləzzəti? Dəxi bundan sonra ümidimizi hara bağlayacağıq? Heyif, heyif, evimiz yıxıldı. Dünyada az-çox şöhrətimiz Bakı ilə idi. Tamam yer üzündə Bakı yada düşəndə hamı bilirdi ki, bəli, yer üzündə müsəlman da var imiş. Amma indi, amma indi? Vaveyla! Əgər bir az belə getsə, dəxi heç, heç və heçdən də heç.
Tövhid“Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi.Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”.
Başqa şairlərin şeirləri · Satira
Lovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Gözün aydın“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;