Vətəndaşlar
Şükür Allaha, qurtardıq!
Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən.
Qurtardıq kənd yüzbaşılarının tatarından, qurtardıq strajniklərin şallağından, xilas olduq min-min zalımların zorbazorluğundan. Şükür Allaha ki, qurtardıq.
Məlumdur ki, bu xoşbəxtlik, bu azadlıq göbələk kimi yerdən göyərməyib: bunu qazanan var. Məlumdur ki, müftəcə heç bir şey ələ gəlməz. Məlumdur ki, dağ kimi Rusiya istibdadını yıxmaqdan ötrü minlərcə başlar işləyib, minlərcə canlar tələf olub. Və min şükürlər olsun ki, axirül-əmrdə xoşbəxt olduq və ölmədik ki, bu günləri gördük.
Lakin müftə deyil: bunun müqabilində bizim təklifimiz var. Biz borcluyuq var qüvvəmizi o yolda işlədək ki, məmləkətimiz sakit və səlamət olsun. Gərək biz müsəlmanlar da hamıya bildirək və göstərək ki, bizə qaradovoy lazım deyil. Gərək biz elə rəftar edək ki, qeyri millət içində xəcalət çəkməyək. Gərək müsəlman ölkələrimiz elə bir dinclik və fəraqətlə dolanalar ki, köhnə zalım hökumətin tərəfdarları dinməyələr ki, “bax, müsəlman pristavsız yola getməz”.
Vətəndaşlar! Bizim azadlığımız yolunda məşəqqət çəkən hürriyyət pəhləvanları, yəni bizim sevgili məbuslarımızın vəsiyyəti budur:
Sakitlik və yenə də sakitlik.
Hər nə dərdimiz var, hər nə ehtiyacatımız var, hər nə dini məsələlərimiz var, – hər birisi öz vaxtında danışılacaq və öz rəyimizcə həll olunacaq.
Və lakin hələlikdə bu saat rahat dolanmaq lazımdır.
Vətəndaşlar, sizədir ümidimiz, sizədir sözümüz, müsəlman qardaşlar! Sakitlik və asayiş!
Budur istəkli məbusumuz Cəfərov cənablarının sizə vəsiyyəti.
İdarədən
“Molla Nəsrəddin”, 23 mart 1917, № 7
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-vetendaslar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.
Məhərrəmlik“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.
MəhərrəmlikBu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.
TəziyədarlarKeçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar.Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar.
Başqa şairlərin şeirləri
Dinlə məni, səninləyəm, döyüşçü qardaşGün bu gündü, ay bu aydı, bir il əzəldi.
DolandıHəbibimdi, təbibimdi Bəsdi yar,Uydu könlüm o dildara dolandı.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Sinəsi dağlı dağMehribandır, şəfqətlidir,Gileylidir, hiddətlidir,