Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.

Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.

Şaxsey getmək və ağ köynək olub, küçələrdə baş yarmaq və qan tökmək və Qasım otağı bəzəmək məsələsinə gəldikdə bunların hamısı Allah-taala Qurani-şərifində fərz buyurubdur. Hərçənd bizim savadımız yoxdur, ancaq İrandan təzə gələn bir yaxşı vaiz dünən deyirdi ki, baş yarmaq və seyidüşşühəda yolunda bədənə riyazət yetirmək Qurani-Kərimdə yazılıbdır.

Buna görə də biz aşağıda adları yazılan bir neçə nəfər qarabağlı arvad indidən xəbər veririk ki, keçənilki kimi bu il məhərrəmlikdə kimlər eləməsələr də, biz arvadlar şaxseyə də gedəcəyik, Qasım otağı da bəzəyəcəyik və hətta çox acığa düşsək baş da yaracayıq.

İmzalar: Mərsiyəxan: Qəmər

Dəyənək: Ümmigülsüm

Dabanıçatdaq Zəhra

Həyasız Pəri

Dirsək Şəhribanu

Mərəkə Püstə və

Baldır Zeynəb.

Bu altı nəfər arvadın mirzəsi:

Lağlağı

“Molla Nəsrəddin” 19 iyun 1926, №15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yuxu

Hacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).

4 dəq
Qiyamət

Yaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.

4 dəq
Ucuzluq

Naxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.

3 dəq
Proletar şairi

Mənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.

2 dəq

Başqa şairlərin şeirləri · Satira